Zəhər yuvası artıq tarixdə qalacaq - ÖZƏL

"Azərbaycan Ordusunun Qarabağda başladığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması, qarşıya qoyulan hədəflərə qısa zaman kəsiyində nail olunması fonunda bölgəmizdə yeni vəziyyətin yaranması labüddür". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Malik Həsənovun sözlərinə görə, dövlət başçımızın qeyd etdiyi kimi, kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, zəhər yuvası artıq tarixdə qalır: "Qarabağda yaşayan erməni əhalisi nəhayət rahat nəfəs ala bilər. Onlar tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki Azərbaycanın niyyəti  sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır".

Malik Həsənov qeyd edib ki, antiterror tədbirlərinin nəticələri sülh müqaviləsinin imzalanması üçün maneələri aradan qaldıracaq: "Regionda davamlı sülh və təhlükəsizlik təmin ediləcək. Müzəffər Ali Baş Komandan xalqa tarixi müraciətində bir daha bizə xor baxanlara, torpağımıza göz dikənlərə, uğurumuzu həzm edə bilməyənlərə mesajını çatdırdı: "Heç vaxt unutmasınlar ki, "dəmir yumruq" yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31