Qısa zamanda Azərbaycan bütün şərtlərinin qəbuluna nail oldu - ÖZƏL
21 Sentyabr 2023 10:59 Siyasət"Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən üzərinə düşən öhdəliyə zidd olaraq bu günə qədər çıxarılmamış ordusunun böyük hissəsi tamamilə məhv edildi. Hərbi texnika məhv edilərək sıradan çıxarıldı. Artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılması, həmçinin Azərbaycanın şərtlərinə uyğun olaraq silahların təhvil verilməsi prosesinə başlanılıb". "Olaylar" xəbər verir ki, bunu Məclisin deputatı Malik Həsənov deyib. Deputat bildirib ki, ölkəmiz lokal antiterror tədbirlərinə başlayan zaman bu prosesi hansı şərtlər daxilində dayandıra biləcəyini açıqlamışdı. Əks təqdirdə tədbirlərin sona qədər davam etdiriləcəyi bildirildi: "Azərbaycan istədiyini etdi, bütün şərtlərin qəbuluna nail oldu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun çox qısa zamanda yazdığı uğur hekayəsi Silahlı Qüvvələrimizin peşəkarlığını, yüksək döyüş ruhunu, mükəmməl plan əsasında fəaliyyətini nümayiş etdirməklə yanaşı, Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqlədi".