Azərbaycanın başladığı antiterror tədbirləri qələbəmizlə başa çatdı
20 Sentyabr 2023 19:01 Siyasət"Sentyabrın 19-da erməni silahlı dəstələri tərəfindən törədilmiş növbəti terror aktının qurbanı polis əməkdaşlarımız və mülki insanlarımız oldu. Qanunsuz erməni silahlı birləşmələrinin həyata keçirdiyi bu terror nəticəsində 7 nəfəri polis əməkdaşı olmaqla 9 nəfər vətəndaşımız həyatını itirdi. Təbii olaraq bu da Azərbaycanın lokal xarakter daşıyan antiterror tədbirlərinə başlamasını labüd etdi. Və beləliklə, Azərbaycan sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, erməni silahlı birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhalinin, habelə mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədi ilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə start verdi.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirlərində mülki əhali və infrastruktur obyektləri hədəfə alınmayıb. Bu isə o deməkdir ki, bizim sivil insanlarla işimiz yoxdur! Antiterror tədbirlərinin məqsədi yalnız legitim hərbi hədəfləri, döyüş vasitələrini və hərbi təyinatlı obyektləri sıradan çıxarmaq idi".
"OLAYLAR" xəbər verir ki. bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. O bildirib ki, Azərbaycan öz qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq qadınlara, uşaqlara, qocalara, habelə fiziki məhdudiyyətli şəxslərə və xəstələrə lazımi tibbi və digər yardımlar göstərərək, onları içməli su və ərzaqla təmin edib. Eləcə də Qarabağda yaşayan erməni əhalisinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb:
"Azərbaycanın antiterror tədbirləri aparması Azərbaycan Respublikasının daxili işidir və birbaşa suveren hüququdur. Terrora qarşı həyata keçirilən bu tədbirlər beynəlxalq hüquq prinsiplərinə zidd deyil və beynəlxalq hüquq normalarına tam uyğundur. Xalqın təhlükəsizliyinin təmin edilməsi istiqamətində lazım olan ən ciddi tədbirləri belə həyata keçirməyə məcbur olan Azərbaycanın məqsədi, qeyri-qanuni yaradılmış erməni hərbi birləşmələrini tərksilah etmək, ərazilərimizi işğalçılardan və separatçılardan təmizləməkdir!
Xankəndindəki separatçı-terrorçu rejimin nümayəndələrinin danışıq masasına oturmağa razılaşması məsələsinə gəlincə isə, Azərbaycan danışıqlara yalnız o halda gedəcək ki, qondarma rejim buraxılacaq və erməni silahlı birləşmələri silahı yerə qoyacaq!
Və bu baş verdi!. Bu gün, 20 sentyabr 2023-cü il tarixdə erməni separatçıları təslim olduqlarını bəyan etdilər!" Jalə Əhmədova diqqətə çatdırıb ki, Azərbaycan Ordusunun Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli iradəsi və Azərbaycan Ordusunun peşəkarlığı və gücü hesabına uzun illərdir Azərbaycana qarşı təxribatlar və terror aktları törədən erməni separatçıları ağ bayraq qaldıraraq təslim oldular:
"Bununla da Qarabağ iqtisadi rayonunda yaşayan erməni əhalinin Azərbaycanın konstitusion tələbləri çərçivəsində reinteqrasiyasına başlanıldı. Azərbaycanın separatizm və terrorizm üzərində qələbə qazanması ilə qürur duyur və fəxr edirik ki, biz Azərbaycanlıyıq. Qarabağ Azərbaycandır!".