Yüksək peşəkarlıq, mükəmməl hazırlanmış plan əsasında Qarabağdakı separatçı rejim təslim oldu - ÖZƏL

"Azərbaycan tərəfinin öz suveren ərazisində qeyri-qanuni silahlı birləşmələrə qarşı lokal xarakterli antiterror əməliyyatları həyata keçirməsi tam hüquqi əsaslı idi və burada heç bir qanunsuzluq, beynəlxalq hüququn pozulması kimi hallar yox idi. Digər tərəfdən Azərbaycanın belə bir addım atmaq məcburiyyətində qalmasını doğuran bir çox səbəblər vardı. Belə ki, İkinci Qarabağ müharibəsinin başa çatmasını özündə ehtiva edən üçtərəfli bəyanatın imzalanmasından 3 ilə yaxın vaxt keçsə də, bu günə qədər Qarabağdakı separatçılar təslim olmayıb, əksinə Ermənistan tərəfindən bir qədər də silahlandırılaraq ciddi təhlükə mənbəyinə çevrilmişdilər. Ona görə Azərbaycan məcburiyyət qarşısında qalaraq belə addım atmalı oldu".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, antiterror tədbirlərinin lokal xarakter daşıması prosesin qısa müddətdə başa çatacağına əminlik yaradırdı:

"Beləliklə, yüksək peşəkarlıq, mükəmməl hazırlanmış plan əsasında Qarabağdakı separatçı rejim cəmi 1 günə, 23 saat 43 dəqiqəyə təslim olmaq qərarına gəldi. Bununla da Azərbaycan istədiyini nail oldu. İkinci Qarabağ müharibəsinin başa çatmasını özündə ehtiva edən üçtərəfli bəyanatın icrasını təmin etmiş oldu. Məlumdur ki, sözügedən bəyanatda Qarabağdakı qeyri-qanuni erməni silahlarının tərkisilah edilməsi, Ermənistanın hərbi qüvvələrinin Qarabağdan çıxarılması kimi maddələr əksini tapsa da, bu günə qədər Ermənistan həmin bəndlərə əməl etmirdi. Beləliklə, Azərbaycan təkbaşına, özü, öz gücü ilə həmin maddələrin icrasını təmin etmiş oldu. Necə ki, İkinci Qarabağ müharibəsində tarixi zəfər əldə etməklə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını da məhz Azərbaycan özü həyata keçirmiş oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31