Separatçılar Bakının iradəsinə təslim oldu - ÖZƏL

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarabağ İqtisadi rayonunda keçirdiyi lokal xarakterli antiterror tədbirləri tamamilə haqlı səbəblərdən və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə başlanılmışdır. 1988-ci ildən başlayaraq Qarabağda erməni separatizminin aktiv fazaya yüksəlməsi ilə ölkəmiz 32-30 illik münaqişədən və işğaldan əziyyət çəkib və buna qarşı istənilən addım alqışlanmalıdır".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O qeyd edib ki, 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın 4-cü bəndində qeyri-qanuni silahlı birləşmələrin və onlara məxsus hərbi mövcudluğun Azərbaycan ərazisindən çıxarılması təsbit olunsa da, Ermənistan tərəfinin başqa məsələlərdə olduğu kimi bu istiqamətdə də qeyri-konstruktiv mövqe sərgiləməsi səbəbindən mövcud prosesləri izləyirik:

"Reallıq budur ki, rəsmi İrəvan və separatçılar hadisələrin bu məcrada inkişafı üçün bütün addımları atdılar. Qanunsuz seçkilər keçirdilər, mütəmadi olaraq hərbi təxribatlar törətdilər, qeyri-qanuni şəkildə təbii sərvətlərimizi talamağ cəhdləri etdilər, bununla yanaşı mülki aviasiya vasitələrinin hərəkətinə mane olmağa çalışdılar. Onların əsas məqsədi bitmiş münaqişəni gündəlikdə saxlamaq və Azərbaycanla danışıqlarda qondarma rejimin tərəf kimi iştirakın təmin etmək idi. Lakin bizim üçün Qarabağ münaqişəsi artıq tarixə qovuşub, Azərbaycan ərazisində Dağlıq Qarabağ adında hər hansı bir ərazi vahidi yoxdur və indiki halda  erməni icması ilə yalnız reinteqrasiya prosesi ətrafında fikir mübadiləsi aparıla bilər ki, bu istiqamətdə də mövqeyimiz bəllidir".

AVP rəsmisi deyib ki, Azərbaycanın siyasi iradəsi bəllidir:

"Ölkəmiz bir daha regionda sülhə və təhlükəsizliyə əngəl törədəcək xislətlərin yaranmaması üçün çalışır və tarixi ədaləti bərqarar etməklə Rusiyanın yaratdığı iki əsrlik münaqişəni tənzimləyir. Bu artıq son həddir və ölkə rəhbəri separatçılara və onların dəstəkçilərinə lazımı mesajı ünvanladı. Ya onlar təslim olacaq, ya da məhv ediləcəklər".

Pərviz Mirizadə deyib ki, antiterror tədbirləri öz məntiqi nəticəsini verdi və qondarma rejim cənab prezidentin xəbərdarlığından nəticə çıxaraq ağ bayraq qaldıraraq rəsmi Bakının iradəsinə təslim oldu:

"Bu Azərbaycan Ordusunun, Müzəffər Ali Baş komandanın və xalqımızın Ermənistan və dünya erməniliyi üzərində növbəti tarixi qələbəsidir. Hadisələrin bu məcrada inkişaf edəcəyi gözlənilən idi. Çünki əməliyyatlar başlayan kimi rəsmi İrəvan prosesə müdaxilə etməyəcəyini bildirdi. Bu onlar adına verilmiş ən doğru qərar idi. Əgər iki ölkənin şərti sərhəddində bölmələrimizə və mülki əhaliyə qarşı Ermənistan tərəfindən hər hansı bir aqressiya  müşahidə olunsaydı Azərbaycanın hərbi əməliyyatları Ermənistan ərazisinə daşımaq imkanı yaranardı. Bu isə Ermənistan üçün məhv edici nəticələrə yol açacağdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31