Ermənistan Qarabağı terror yuvasına çevirib

 "Humanitar yardıma" ehtiyacı olan separatçıların törətdikləri terror aktları heç bir məntiqə sığmır

Dünyanın aparıcı dövlətlərinin maraqları Cənubi Qafqazda, ələlxüsus Qarabağda toqquşmaqdadır. Regionda güc sahibi olmaq, prosesləri idarə etmək uğrunda ciddi diplomatik savaş gedir. Hansı ki, 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Ermənistan kapitulyasiya aktına imza atıb, Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli bəyənat qəbul edib. Məsələ orasındadır ki, Azərbaycanın bölgədə yaratdığı yeni reallıqları beynəlxalq güc mərkəzləri həzm etmək istəmirlər. Elə bu səbəbdən də "bulanıq suda balıq axtarmaq" sevdasına düşüblər. Ermənistanın vassal dövlət olmasından sui-istifadə edən həmin dövlətlər üçtərəfli bəyanatda nəzərdə tutulan müddəların icrasına açıq-aşkar əngəl yaradırlar. Gah vasitəçilik, gah "sülhməramlı qüvvələr" planını ortaya ataraq Ermənistanın sülh müqaviləsi imzalamasına maneə olurlar. Fakt ondan ibarətdir ki, Avropa Birliyinin razılaşdırılmış təklifləri elə kağız üzərində qalmaqdadır. Başqa sözlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin canfəşanlığı nəticəsiz qalıb. Çünki, ortada  Rusiya, ABŞ və Fransanın yersiz iddiaları mövcuddur. Sözügedən dövlətlər son vaxtlar ermənilərin haray-həşir qopardıqları "humanitar böhran" şousundan da maksimum yararlanmağa çalışırlar. Məhz bunun nəticəsidir ki, Azərbaycanın bütün səylərinə baxmayaraq Ermənistan və onun himayədarlıq etdiyi qondarma rejim normallaşma prosesinə xələl gətirməyə və gərginliyin azaldılmasına yönəlmiş bütün təklifləri rədd etməkdə davam edir. Vəziyyət o həddə çatıb ki, ermənilər nəinki "ipə-sapa yatıb" təklifləri qəbul etmir, hətta təxribat xarakterlə addımlarını daha da intensivləşdiriblər. Bunun bariz nümunəsi Qarabağ bölgəsində qondarma "prezident seçkiləri"nin təşkil edilməsidir ki, Azərbaycanın bütün iradlarına baxmayaraq, Ermənistan tərəfi tutduğundan əl çəkmədi. Buna baxmayaraq, Azərbaycan tərəfi ermənilərin "humanitar böhran" şousuna cavab olaraq Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni zamanda istifadə etməklə erməni sakinlərə yüklərin çatdırılmasını təmin etdi. Lakin bütün səylərə baxmayaraq fakt ondan ibarətdir ki, Ermənistan təxribat xarakterli əməllərindən əl çəkmək fikrində deyil. Elə bu səbəbdən də Ermənistanın sərgildiyi sürüşkən mövqeyi ölkəmizdə akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin diqqətinə çatdırılıb.

Dünən  keçirilən görüşdə diplomatların diqqətinə çatdırılıb ki, 12 sentyabr tarixində, uzun müddət davam edən müzakirələr və yubanmalardan sonra Rusiya Qızıl Xaç Cəmiyyətinin yük avtomobilinin Ağdamdan Xankəndiyə keçidi təmin edilib. Bunun aylardır müzakirə olunan eyni zamanda keçidlərin həyata keçirilməsi üçün bir təkan olacağı ilə bağlı bütün cəlb olunmuş tərəflərin ortaq gözləntisi olsa da, bu ümidlər bir daha boşa çıxdı. Ona görə ki, Ermənistandan birbaşa dəstəklənən separatçl rejim təmsilçiləri bütün vasitələrdən istifadə edib humanitar yükün mənzil başına çatdırılmasına maneə oldular. Hansı ki, 10 sentyabr tarixində, ABŞ və digər tərəfdaşlar ilə yüksək səviyyəli təmaslar zamanı Azərbaycan tərəfi Laçından keçid zamanı Azərbaycan Respublikasının milli sərhəd və gömrük nəzarət tələblərinin yerinə yetirilməsilə BQXK tərəfindən Laçın və Ağdamdan eyni zamanda keçid variantında sadiq olduğunu bir daha bildirib.

11 sentyabr tarixində BQXK tərəfindən yüklərin daşınmasına dair müvafiq müraciətlər aldıqdan qısa müddət sonra Azərbaycan tərəfi sözügedən yüklərin müraciətlərdə göstərildiyi kimi keçidinə şərait yaradılmasına hazır olduğunu bildirib və BQXK-dan eyni zamanda keçidin təşkil olunacağı tarix və vaxtın bildirilməsini sorğu edib. Buna cavab olaraq, BQXK Azərbaycan tərəfinə bildirib ki, erməni tərəfindən yüklərin qəbul edilməsi və BQXK konvoylarının təhlükəsizliyinin təmin edilməsinə dair "yaşıl işıq" yoxdur. Azərbaycan cəlb olunmuş beynəlxalq tərəfdaşların müraciətlərini davamlı və xoş niyyətlə cavablandıraraq Laçın və Ağdamdan eyni zamanda keçid üçün müxtəlif variantları nəzərdən keçirsə də, Ermənistan tərəfi davamlı şəkildə razılaşmalardan geri çəkildi və yeni bəhanələr irəli sürdü. Mövcud vəziyyət deməyə əsas verir ki, Ermənistan tərəfinin sözügedən yolların açılmasına davamlı etirazı yalnız siyasi xarakter daşıyır və hər hansı "humanitar böhran" məsələsilə heç bir əlaqəsi yoxdur. Ermənistanın məqsədi Azərbaycan ərazisində separatizmi qızışdırmaq üçün alət və vasitələri qoruyub saxlamaqdır. Sıravi sakinlər isə bu siyasi avantüranın girovu kimi saxlanılır.

Ermənilərə çatdırılan "humanitar yükün" tərkibi və onlarla davranış sözün əsil mənasında prosesin siyasi məqsəd daşıdığı anlamına gəlir. Əvvala qeyd edək ki, əgər doğrudan da ermənilər çörək aşlığı çəkirlərsə, onlara yardımın hansı yolla  çatdırılmasının heç bir əhəmiyyəti olmamalıdır. İkncisi, çatdırılan yükün böyük əksəriyyəti ərzaq məhsulları yox, yataq dəstləri və pompersdən ibarət olub. Ərzaq məhsullarının adambaşına yarım kiloqram nəzərdə tutlması isə sadəcə rəmzi məna daşıyır. Ermənilərin Azərbaycan və Türkiyədən ediləcək humanitar yardımın yandırılaraq məhv ediləcəyi barədə səsləndirdikləri fikirlər isə söhbətin heç də aclıdan getmədiyinə dəlalət edir.    

Diplomatik nümayəndələrin diqqətinə həmçinin çatdırılıb ki, 10 min nəfərdən çox erməni silahlı qüvvələri qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisində yerləşməkdə davam edir. Yüzdən çox tank və digər zirehli texnika, yaylım atəşli raket sistemləridə daxil olmaqla iki yüzdən çox ağır artilleriya qurğusu, onlarla müxtəlif radio-elektron mübarizə sistemi və iki yüzdən çox minaatan sistem hal-hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yerləşdirilib. Ermənistan öhdəliklərinə zidd olaraq bu qüvvələri texniki, hərbi, logistik və maliyyə dəstəyi ilə təmin edir. Azərbaycan ərazisindəki silahlı birləşmələr birbaşa Ermənistanın dövlət büdcəsindən maliyyələşdirilir. Ermənistan 4-cü bəndində erməni silahlı qüvvələrinin Rusiya Federasiyasının sülhməramlı kontingentinin yerləşdirilməsinə paralel olaraq çıxarılması tələbinin açıq şəkildə ifadə olunduğu 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatını nümayişkaranə şəkildə pozur. Azərbaycanın suveren ərazilərində qeyri-qanuni yerləşdirilmiş radio-elektron mübarizə sistemlərindən istifadə xüsusi narahatlıq doğurur.

Əslində dünya dövlətləri və beynəlxalq təşkilatlara Qarabağ İqtisadi Rayonunda cərəyan edən proseslər gün kimi aydındır. Məsələ orasındadır ki, beynəlxalq güclər öz maraqlarını üstün tutaraq ikili standartlarla çıxış edirlər. Bundan istifadə edən ermənilər tərəfindən son günlər, Azərbaycan və Ermənistan arasında delimitasiya olunmamış sərhəd boyunca, həm də Qarabağ bölgəsində hərbi-mühəndislik işlərinin və digər hərbi quruculuq fəaliyyətinin artması ilə müşayiət olunan hərbi təxribatların intensivləşməsi müşahidə olunur. Ermənistan açıq şəkildə növbəti hərbi hücum etmək üçün yeni səngərlər qazır, istehkamlar qurur, şəxsi heyət və texnika toplayır. Üstəlik, Ermənistan Azərbaycan ərazisində yeni minalar basdırmağa davam edir. Belə halda, Azərbaycan dünyanın istənilən ölkəsi kimi beynəlxalq hüquqda əks edilmiş bütün vasitələrlə öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir. İndi söz beynəlxalq ictimaiyyətinindir ki, Ermənistanı tutduğu zərərli yoldan çəkindirməyə vadar etsin. Əks halda, Azərbaycan istənilən yolla ərazi bütövlüyünü təmin etmək hüququndan yararlanacaq.  Çünki, "humanitar yardıma" ehtiyacı olan separatçıların ardıcıl törətdikləri terror aktları heç bir məntiqə sığmır.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31