Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrdə açılan yeni imkanlar - ÖZƏL

Yusif Bağırzadə: "gələcək üçün olduqca yaxşı perspektivlər vəd edir"

"Cənab Prezidentin Tacikstana bu səfəri sayca altıncı səfərdir. Dövlət başçısının bundan öncəki dövlət səfəri bu ilin aprel ayında olmuşdu. Bu dəfəki səfər isə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü ilə əlaqədardır. Düşənbədə keçirilən Dövlət Başçıları görüşündə president İlham Əliyev fəxri qonaq qismində iştirak edir. Onu da qeyd edim ki, Məşvərət görüşündə regiondan kənar ölkə rəhbərinin iştirakı ilk dəfədir ki, baş verir. Təbii ki, bu cənab İlham Əliyevin şəxsi nüfuzunun, eləcə də ölkəmizə verilən yüksək qiymətin bariz nümunəsidir. Preizdentin Məşvərət görüşündə çıxışı və Tacikstan Prezidenti Emiməli Rəhmonla görüşü nəzərdə tutulmuşdu və bu görüş artıq baş tutub".

Bu fikirləri "OLAYLAR"-a politoloq Yusif Bağırzadə Azərbaycan Prezidentinin Tacikistana səfərini şərh edərkən səsləndirib. Yusif Bağırzadə daha sonra bunları qeyd edib:

"Ümumiyyətlə isə qeyd edim ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərinin möhkəmləndirilməsi ölkəmizin xarici siyasətinin prioritetlərindən biridir. Artıq bir neçə ildir ki, Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərdə böyük canlanma müşahidə olunur. Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir".

Politoloq deyib ki, bu gün Azərbaycanın xarici siyasətində biz bunun şahidi oluruq:

"Prezident İlham Əliyevin son 1-2 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Mərkəzi Asiya ölkələri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Azərbaycan olaraq biz Mərkəzi Asiya ilə Azərbaycan arasında regional əməkdaşlığa töhfə vermək üçün əlimizdən gələni edirik. Bu baxımdan Tacikistanla da çox fəal siyasi və iqtisadi dialoqumuz var. Bu, bir növ bu günün reallığıdır". 

Yusif Bağırzadə diqqətə çatdırıb ki, ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır:

"Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Nəticə etibarilə Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzinə çevrilib.

Şübhəsiz ki, Azərbaycanın artan tranzit imkanları, həm Mərkəzi Asiya ölkələrinin, həm də həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına öz müsbət təsirini göstərəcək. Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrdə açılan yeni imkanlar gələcək üçün olduqca yaxşı perspektivlər vəd edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31