"Bütün dünyada görürlər ki, Azərbaycan dövləti və onun lideri etibarlı tərəfdaşdır"- ÖZƏL

"Azərbaycan artıq qlobal ölkəyə çevrilib. Ona görə də, bütün bunlar səbəbsiz deyil".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Dünyanın ən aparıcı beynəlxalq qurumları, eləcə də, ən öndə gedən dövlətləri Azərbaycanı öz yanlarında görmək istəyirlər. Yəni, dövlətimizə çox böyük maraq var ki, bu da səbəbsiz deyil.
Birincisi, Azərbaycan dövlətinin rəhbəri özünün liderlik keyfiyyətləri ilə dünyada həqiqətən də çox ciddi şəkildə fərqlənir, seçilir.
İkinci bir tərəfdən, bütün dünyada görürlər ki, Azərbaycan dövləti və onun lideri etibarlı tərəfdaşdır. Yəni, bizim dövlətimiz, bizim liderimiz ilə işbirliyi quran istənilən şəxs nəticədə görür ki, həqiqətən də, etibar etmək, etimad göstərmək olar. O baxımdan, beynəlxalq qurumlar və bəzi təşkilatlar Azərbaycanı öz yanında görür.
Konkret olaraq, hazırda Orta Asiyada, Tacikistanda keçirilən tədbirlərə gəlincə, Orta Asiya dövlətlərinin bu təşəbbüsü bir neçə il öncə ortaya çıxıb və həmin təşəbbüsün çərçivəsində Qırğızıstanda keçirilən tədbirlərdə Azərbaycan dövləti orada müşahidəçi qismində iştirak etmək marağını ifadə edib. Sadəcə olaraq, bu məsələ bir qədər dövlətlər arasında ayrıca müzakirə edilməli olduğuna görə Qırğızıstandakı tədbirə Azərbaycan prezidenti vaxt azlığından dəvət edilə bilmədi. Ona görə də, o vaxt mənim yadımdadır ki, məsələni sonrakı mərhələdə müzakirə edib, Azərbaycan tərəfinə dəvət göndərəcəklərini demişdilər. Artıq Tacikistanda bu tədbir keçirilir və Azərbaycan ora dəvət edilir. Ümumiyyətlə isə Azərbaycan bu Orta Asiya dövlətlərinin bu keçirilən görüşündə müşahidəçi qismində iştirak etmək istəyir. Yəni, Azərbaycan dövləti ümumiyyətlə Orta Asiyaya biganə deyil. Çünki ordakı beş dövlətdən dördü türk dövlətidir. Hazırda tədbirin keçirildiyi Tacikistanın özü də qismən türk dövləti hesab edilə bilər. Çünki onun da ərazisində çoxsaylı türk xalqları yaşayır və əlbəttə ki, Azərbaycanla Tacikistanın həm də tarixdən gələn əlavələri var. Ona görə də, biz Tacikistanı özümüzçün yad bir ölkə hesab etmirik. Əlavə olaraq, onu da deyim ki, Azərbaycanın üzərinə gələn İranla etnik baxımdan eyni olsa da, Tacikistan İran kimi Azərbaycana münasibətdə düşmən mövqe sərgiləmir. Əksinə, hətta bir sıra məsələlərdə Tacikistan İranın istəyinin ziddinə olaraq. Azərbaycanın tərəfində olduğunu bəyan edib, açıq şəkildə ifadə edib. O baxımdan Tacikistan bizim üçün gərəkli bir dövlətdir və Azərbaycan prezidentinin ora dəvət edilməsi, prezidentin şəxsinə marağın olması, üstəlik bizim dövlətimizə marağın olması təsadüf deyil. Yəni, belə deyək ki, Tacikistanda keçirilən bu məşvərət görüşünə Azərbaycan prezidentinin dəvət edilməsi əvvəl də qeyd etdiyim kimi, Azərbaycan dövlətinin və onun rəhbərinin etibarlı tərəfdaş olmasından qaynaqlanır. Yəni, bizim dövlətimizə dünyanın hər tərəfində, özəlliklə də yaxın coğrafiyada çox böyük ehtiyac var. Azərbaycanın çox böyük təcrübəsi var. İstənilən sahədə, o cümlədən də, 2020-ci ilin 44 günlük Vətən Müharibəsində göstərdiyi təcrübə dünyanın hər tərəfində öyrənilir, ona maraq göstərilir.
Əlbəttə ki, belə bir şəraitdə Tacikistan da daxil olmaqla Orta Asiya dövlətləri, qardaş dövlətlər Azərbaycana maraq göstərməyə bilməzdilər. Onsuz da maraqlı idilər, amma 44 günlük savaşdan sonra maraq daha da artdı. Şəxsən özüm xatırlayıram ki, Orta Asiyadan olan dostlarım o müharibədən sonra mənim özümə dəfələrlə deyiblər ki, Azərbaycan xalqının 44 günlük savaşla öz torpaqlarını işğal altından azad etməsi bizdə, yəni Orta Asiya xalqlarında da özünə inamı bərpa edib. Biz öz gücümüzə indi daha çox inanırıq, güvənirik. Azərbaycan onlar üçün bir növ mayak rolunu oynayıb. Bu baxımdan da, cənab prezident də, Azərbaycana da maraq artan xətt üzrə davam edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31