Qondarma rejimin keçirdiyi “seçkilər” qanunsuz fəaliyyətdir

Azərbaycanın separatizm əleyhinə beynəlxalq hüquq və normalara uyğun addımlar atacağı labüddür

Müstəqillik əldə etdikdən sonra Cənubi Qafqazın öz potensialına layiq səviyyədə tərəqqisi üçün optimal variant-üç yeni müstəqil dövlət-Azərbaycan, Gürcüstan və Ermənistan arasındakı münasibətlərin üç Baltikyanı ölkə-Latviya, Litva, Estoniyanın qurduğu əməkdaşlıq modelinə bənzər bir modelin formalaşdırılması və reallaşdırılması olardı. Azərbaycan, Gürcüstan və Ermənistanın belə bir model  əsasında inkişafı, həm bu ölkələrin qalxınması, sosial-iqtisadi tərəqqisi, xalqlarının rifahı, həm də bütövlikdə regionun dayanıqlı sülh, sabitliyi və tərəqisi baxımndan daha perspektivli yol olardı. Strateji tərəfdaşlıq səviyyəsində olan Azərbaycan və Gürcüstan arasında mövcud münasibətlər üç Baltikyanı ölkə modelinin tətbiqinin və bu cür qarşılıqlı faydalı əməkdaşlıqdan hərtərəfli səmərə əldə etməyin mümkünlüyünü əyani şəkildə sübut edir. Strateji baxımdan Ermənistan da bütün Cənubi Qafqazda bu cür qarşılıqlı faydalılığa əsaslanan  normal münasibətlərdən və  kommunikasiyanın bərpasından ancaq böyük faydlar görəcəkdi. Lakin Ermənistan öz havadarlarının bilavasitə iştirakı və dəstəyi ilə Azərbaycan torpaqlarını işğal etmək yolu tutmaqla regionumuza böyük dağıntı və fəlakətlər gətirdi. Millət vəkili Əli Məsimli qeyd edib ki, Azərbaycan, Ermənistanın öz havadarlarının bilavasitə iştirakı və dəstəyi ilə işğal etdiyi, 30 il ərzində viran qoyduğu, hər qarışını minalanmış döyüş meydanına çevirdiyi əraziləri işğaldan azad edərək tikinti meydanına, sülh və əməkdaşlıq arenasına çevirir: "Azərbaycan işğal altlnda olan torpaqları azad etməklə və işğaldan azad olunan ərazilərindəki geniş miqyaslı bərpa-qurculuq işləri həyata keçirməklə, Qarabağı yeni həyata qaytarmaqla yanaşı, həm də regiona qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan yeni münasibətlər, davranış tərzi, bütün region xalqlarının maraq və mənafelərinə uyğun yeni həyat təklif edir. Azərbaycanın həmin missiyasının dolğun şəkildə reallaşdırılması təkcə Qarabağın deyil, ümumilikdə regionun abı-havasını və mənzərəsinə yaxşıya doğru əhəmiyyətli dərəcədə dəyişməyə yönəlib ki, bu da yaşadışımız regionun bütün xalqlarının əmin-amanlığı və rifahı üçün çox vacibdir". Onun sözlərinə görə, 44 günlük müharibə başa çatandan sonra Azərbaycan beş prinsipdən ibarət sülh təklifini Ermənistana təqdim edib. Amma Ermənistan sözdə sülh tərəfdarı kimi çıxış etsə də, əməldə havadarlarının və Azərbaycanın 44 günlük müharibədəki qələbəsini, regionda yaratdığı yeni situasiyanı və ölkəmizin regiondakı yeni rolunu həzm edə bilməyən qüvvələrin dəstəyi və təhriki ilə müxtəlif manipulyasiya və manevrlərlə həmin sülh sazişinin imzalanmasından yayınmaqda davam edir: "Təcrübə göstərir ki, hər dəfə sülh sazişi əlçatan olan kimi Ermənistan tərəfi son 30 ildə istifadə etdiyi taktikasını işə salır: danışıq görüntüsü yaradır, əvvəlki razılaşmalardan geri çəkilir və götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır,sülh razılaşmasına bir addım qalanda təxribatlara,hətta terrora belə əl atılır. Qarabağ ətrafındakı münaqişə boyu sülh danışıqlarının  ən həlledici məqamlarında belə halların olmasına dair kifayət qədər sübutlar var: ATƏT-in Minsk qrupunun təklif etdiyi "Mərhələli həll" variantının Ermənistan üçün məqbul ola biləcəyini  irəli sürən Ermənistanın birinci prezidenti Ter-Petrosyan 3 fevral 1998-ci ildə hakimiyyətdən uzaqlaşdırıldı. Sonra sülh müqaviləsinə  yeni cəhdlər başlananda, 27 oktyabr 1999-cu ildə Ermənistan parlamentində  o vaxt ölkənin siyasi rəhbərliyində de-fakto qərar qəbul edən baş nazir Vazgen Sarkisyan və parlament spikeri Karen Dəmirçyan daxil olmaqla 8 nəfərin öldürüldüyü terror aktı baş verdi. Bundan sonra.... sülh müqavilənin imzalanmasına bir addım qalmış o zamankı Ermənistan prezidenti Sarkisyan İsveçrədə danışıqlar zamanı ayaqyoluna getmək bəhanəsi ilə danışıqlar masasını  tərk etdi  və sonra danışıqlar masasına  geri qayıtmadı. Görək, bu dəfə sülh danışıqlarının tərəfdarı kimi çıxış edən, amma  öz hiyləgər manevrləri ilə həm də tez-tez ikibaşlı oynayan,qeyri-sabit mövqe sərgiləyən Ermənistanın baş naziri Nikol Paşinyana qarşı hansı variant tətbiq olunacaq? Hələlik görünən budur ki, sülhdən danışan Ermənistan Azərbaycan ərazisində qanunsuz qalan və regionda ən böyük qeyri-sabitlik mənbəyi olan silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmaqla bağlı götürdüyü öhdəliyi yerinə yetirmir. Üstəlik, bütün mümkün vasitələrlə separatizm dəstəklənir, eyni zamanda, erməni əsilli sakinlər girova çevirilir, onlardan öz bədxah planlarını reallaşdırmaq üçün istifadə edilir. Sentyabrın 9-da qondarma "seçkilər"in keçirilməsi buna əyanə misaldır. Bununla əlaqədar olaraq sentyabrın 11-də Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin sentyabrın 9-da keçirilmiş "seçkilər" adlı qanunsuz fəaliyyəti barədə beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlamentlərinə müraciət ünvanlayıblar. 2020-ci ildə münaqişənin başa çatmasından sonra Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsü fonunda Ermənistanın son təxribatçı və təhrikedici fəaliyyəti bölgədə normallaşma və etnik erməni sakinlərin Azərbaycan Respublikasının konstitusion çərçivəsinə reinteqrasiya səylərinə ciddi zərbə, ölkəmizin daxili işlərinə kobud müdaxilə, onun suverenliyinə və ərazi bütövlüyünə qarşı ciddi təhdiddir. Bununla yanaşı Cənubi Qafqazda  özlərinin geosiyasi maraqlarını təmin etməyə cəhd edən, regionumuzda sabitliyin təmin olunmasını istəməyən dövlətlərin ermənilərdə revanşizmi  gücləndirmək və separatizmə dəstək, bu yöndə törətdikləri çoxşaxəli pozucu fəaliyyətləri tam çılpaqlığı ilə ortadadır. Belə halda təbii ki, Azərbaycan separatizm əleyhinə beynəlxalq hüquq və normalara uyğun addımlar atacaq".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31