"Xuntanın parlamenti də elə siyasi rejimin tayıdır" - ÖZƏL
14 Sentyabr 2023 13:57 Siyasət"Xandəndidə separatçı rejimin seçki şousu onların mövcud olduqları otuz il ərzində özləri üçün buraxdıqları ən böyük səhv oldu. İndiyə qədər keçirilən seçkilərə beynəlxalq rəyin birmənalı olmadığını bildikləri halda buna ümid bəslədilər. Hətta, Ermənistana isti münasibət bəsləyən dövlətlər belə bu seçkiləri lejitim tanımadı, açıq-aşkar mövqelərini ortaya qoydular".
Bu sözləri "Olaylar"-a "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib:
"Bir neçə iləvvəllə müqayisədə dəyişilən şəraiti görməmək də onların böyük səhvi oldu. Ermənilərin ağlı 3-4 il əvvələ getdi. Azərbaycan məğlub, küncə sıxılan dövlət vəziyyətindən, qalib və Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etmiş dövlətə çevrilib. Dünənə qədər onların strateji müttəfiq saydıqları Rusiya və İran artıq Ermənistanla fərqli cür davranmağa başlayıblar. Bütün bunlar keçirdikləri seçki şousunun dünyada tanınmaması və ona birmənalı əks mövqeyin göstərilməsinin şərtinə çevrildi. Hətta, Ermənistanın əbədi dostu seçkilərə dəstək verə bilmədi. Bu, onlar üçün şok effekti oldu. Cürbəcür daxili, siyasi oyunlar, şantaj, hədə-qorxu ilə, Xankəndidəki fəal şəxsləri yeni qondarma prezidentə səs verməyə məcbur etdilər. Ümid etdilər ki, bununla dünyada xuntanın güya bütöv halqa olduğunu nümayiş etdirəcəklər. Bunun da nəticəsi olmadı. Dünya başa düşür ki, xuntanın parlamenti də elə siyasi rejimin tayıdır. Adını deputat qoyan həmin şəxslərin səsverməsi məsələni həll etmir. Oradaki işləri ancaq xunta rejiminin başında duranlar pərdə arxasından həll edirlər. Sentyabrın 8-də olan seçki şousu Xankəndinin ən son səhvinə çevrildi. Bundan sonra onların seçki keçirməyə nə vaxtları, nə də həvəsləri olmayacaq".