Rusiya son anda Ermənistanda hakimiyyəti qan tökməklə dəyişəcək

Qərb Ermənistana görə heç bir halda Rusiya ilə açıq hərbi qarşıdurmaya getməyəcək

Paşinyan hakimiyyəti qəti şəkildə Ermənistanın Rusiyanın təsir dairəsindən çıxması üçün praktik addımlar atır. Artıq həm siyasi-diplomatik, həm hərbi nöqteyi nəzərdən həm də tərəflər arasında publik siyasi əxlaq ritorikasına məhəl qoyulmaması, eləcə də Ermənistanın Qərb tərəfdaşlığı "Rusiya Ermənistanı tərk edəcək" ehtimalını yaradır. Lakin siyasi ekspertlərin qənaətinə görə, Rusiyanın belə asanlıqla Cənubi Qafqazdan əl çəkəcəyi inandırıcı görünmür. Əksinə, Rusiya bölgədə çoxşaxəli oyun oynayır. Hüquqşünas Vüqar Dadaşov qeyd edib ki, Rusiyanın Cənubi Qafqazı tərk edəcəyi mümkünsüzdür: "Əlbəttə ki, Paşinyan hakimiyyəti Qərbin vədləri ilə eyforik hissə qapılaraq Rusiyaya qarşı Cənubi Qafqazda yeni cəbhə açmaq və Qərbin regiona yerləşdirilməsi, möhkəmləndirilməsi üçün  plan üzrə hərəkət edir. Ermənistanın Qərbin planları üzrə hərəkəti, soyuq və hətta düşmənçilik mövqeyində olan region dövlətlərini (Türkiyə, Azərbaycan, Rusiya, İran) eyni xətt üzrə hərəkətlərini koordinasiya etməyə məcbur edib. Buna nümunə olaraq İranın Azərbaycana yaxınlaşması, hərbi əməkdaşlığa başlamasını göstərmək olar". Onun sözlərinə görə, Rusiyanın Ermənistandan çıxarılması birmənalı olaraq Ermənistanın faktiki mövcudluğu ilə bağlı məsələsidir: "Təbii ki, Rusiya ən son məqamda Ermənistanda hakimiyyəti qan tökməklə dəyişəcək və Qərbin  növbəti sanksiyalar məhdudiyyətlərinə də hazırdır. Bəllidir ki, Qərb bundan o yana gedən də deyil. Əminlik də ondadır ki,  Qərb Ermənistana görə heç bir halda Rusiya ilə açıq hərbi konfrontasiyaya getməyəcək. Məlumdur ki, Ermənistanı Gürcüstana nisbətdə 08.08.2008-ci il müharibəsindən də sonrakı daha faciəli nəticələr gözləyir. Əlbəttə ki, bu variant proseslərin gedişindən, daha doğrusu Rusiyanın vəziyyətə tam nəzarəti itirməsindən sonra mümkündür. Kimin və hansı dövlətin zəmanətindən asılı olmayaraq Ermənistanın Rusiyadan "salamat" uzaqlaşması, ayrılması şansı yoxdur". V.Dadaşov qeyd edib ki, yaranmış vəziyyət isə Azərbaycanın maraqlarına uyğun məcrada inkişaf edir və həm Xankəndidə separatçı rejimlə və həm də Zəngəzurla  bağlı məsələnin tam həll edilməsi üçün çox əlverişli şərait yaradır: "Azərbaycan bu vəziyyətdə öz hədəflərinə və məqsədlərinə həbi gedişlə çatmaqla həm də, Rusiyanın Ermənistanda maraqlarını təmin edə bilər. Demək yaxın perspektivdə Azərbaycan və  Ermənistan arasında hərbi toqquşma ehtimalı çox yüksəkdir".

Bu arada Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib ki, rəsmi Moskva Rusiyanın nəzarətə götürdüyü 4 regionda keçirilmiş seçkilərlə bağlı Bakının bəyanatlarından narazı qalıb və cavab olaraq demarş bildirib. "Azərbaycanın Rusiyanın yeni ərazilərində seçkilərlə bağlı bəyanatları qəbuledilməzdir və müttəfiqlik xarakterinə uyğun gəlmir", - o qeyd edib. Zaxarovanın indiki məqamda belə bir fikir səsləndirməsi nəyə hesablanıb? Politoloq Turan Rzayev qeyd edib ki, Azərbaycan ölkələrin beynəlxalq hüquqla tanınan ərazilərinə hörmətlə yanaşır və bunu prioritet hesab edir: "Azərbaycan torpaqlarının 20 faizi 30 ilə yaxın müddətdə işğalda qalan ölkədir. Belə bir məqamda rəsmi Bakıdan işğalçılığı dəstəkləməsini tələb etmək, ya da belə bir gözləntinin olması gülüncdür.  Azərbaycanın Rusiyanın "yeni ərazilərində" keçirilən seçkiləri qəbul etməməsinə gəldikdə isə burada qeyri-adi nəsə yoxdur. Ölkəmiz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Zaxarovanın Bakının bu mövqeyini qəbuledilməz adlandırması və müttəfiqlik xarakterinə uyğun görməməsi yanlış yanaşmadır".  Onun sözlərinə görə, 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalandı. Rəsmi Bakı bu günə qədər 43 maddəlik bəyannamənin bir maddəsini belə pozmayıb: "Həmin bəyannamənin birinci bəndində deyilir: "Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar". V.Putin işğal edilən qondarma "dxr", "lxr", Xerson və Zaporojye vilayətlərinin ərazilərinin Rusiya Federasiyasına qəbul edilməsi haqqında sazişləri 2022-ci ilin noyabr ayında imzalayıb. Yəni rəsmi Bakının bu vilayətləri Rusiya ərazisi kimi qəbul etmək öhdəliyi yoxdur. 43 maddəlik bəyannamənin bir maddəsində belə Rusiyanın işğal edəcəyi ərazilərin Azərbaycan tərəfindən qəbul ediləcəyi barədə maddə yer almayıb. Zaxarovanın unutduğu əsas məsələ isə Azərbaycanın Rusiya ilə  müttəfiqlik xarakterinə uyğun olaraq bu günə qədər Qərbin, ABŞ-ın sanksiyalarına qoşulmamasıdır. Müqayisə üçün deyim ki, Ermənistan sanksiyalara qoşulduğu kimi həm də Roma Statunu qəbul edərək Rusiya prezidentinin bu ölkəyə səfərini hüquqi olaraq bloklayıb. Azərbaycan bunu da etməyib. Azərbaycan və Ukrayna bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşır. Təsadüfi deyil ki, Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Qarabağdakı saxta "seçkiləri" pisləyən ölkələrə təşəkkür edərkən Ukraynanın da adını çəkib".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31