Rusiya Ermənistanın nazı ilə oynayacaqmı?
15 Sentyabr 2023 12:01 SiyasətErmənistan həm siyasi, həm də hərbi sahədə dilemma qarşısında qalıb. Qərbə, Avropaya meyillənmək İrəvanı Rusiya ilə incik salıbsa, Birləşmiş Ştatlarla nəzərdə tutulan hərbi təlimlər isə bu ölkənin İranla münasibətlərinin korlanmasına səbəb olub.
.jpg)
İrəvanın hazırkı durumda sərgilədiyi siyasət barədə danışan BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, Amerikanın Ermənistan üzərindən qurduğu oyunun mahiyyətini anlamaq çoxgedişli kombinasiyaların tək-tək ayırd edilməsi ilə mümkündür. Onun sözlərinə görə, Ermənistanın NATO-ya üzvlük istəyi və ya NATO-ya qəbul üçün söz verilməsi, İran və Rusiyanın buna münasibəti, Türkiyə və Azərbaycan tandeminin bu istiqamətdə atacağı addımlar kifayət qədər maraq kəsb edir. Politoloq deyib kiş geosiyasi durumun buna görə şəkillənməsi durumunda beynəlxalq aktyorların maraqlarlarının kəsişdiyi nöqtə olan Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi, Zəngəzur dəhlizinin açılmasının mümkünlüyü kimi vacib məsələlərə aydınlıq gətirilməlidir:
"Ermənistan Baş Naziri N.Paşinyanın "Ermənistan öz təhlükəsizliyini Rusiyaya etibar etməklə strateji səhv edib"- deməsi və bunun fonunda Amerika ilə hərbi təlim keçirməyə hazırlaşması birmənalı qarşılanmayıb. Bu addımın ilk baxışda Ermənistanın Rusiyadan tamamı ilə qopub, Qərbə inteqrasiya yolunu tutduğu və nəticədə NATO-ya daxil olmaq üçün planlar cızdığı anlamına gəlir. Hesab etmək olar ki, Ermənistan öz seçimini artıq edib. Məsələ ondadır ki, 44 günlük müharibədən sonra düşdükləri acız durumun səbəbkarının Moskva olduğunu vurğulayan Ermənistan hakimiyyəti Rusiya ilə Qərb arasında mövcud olan incə cizgi üzərində vargəl edir, hansı tərəfə doğru qəti addım atmasının doğru olacağını fikirləşməklə məşğuldur. Paşinyan bunu "Rubikon" adlandırmışdı. Bu termin keçilmək istənilən xəttin keçildikdən sonra bir daha geridönüşü olmayan xətt olduğu anlamına gəldiyindən Paşinyan üçün qərar vermək həddən artıq çətin və məsuliyyətli, həm də təhlükəli idi. Görünən odur ki, Paşinyan bunları gözə alıb və Amerika ona təhlükəsizlik üçün hansısa qarantiyalar veribdir ki, o, qərarını qətiləşdirib və konkret olaraq Rusiyadan uzaqlaşmaq yolunu tutub. Amma bu yolda Amerikanın sözünə nə qədər inanmaq olar məsələsi sual doğurur. Həmin qarantiyalardan vaxtı ilə Gürcüstan və Ukraynaya da verilmişdi. Amerika tutmayacağı sözü Ermənistana niyə verir? Ona görə ki, məsələ Ermənistan deyil, məsələ region dövlətləridir. Ermənistan həmişəki kimi əzabkeş rolunu oynamalı, məhv olmalı və tarixi "soyqırıma uğramış" xalq statusunu qoruyub saxlamalıdır. Ermənistan NATO-ya üzv ola biləcəyini hesab edib, bu xəyallara qapıldığı andan məhv olmaq yolunu tutub. Türkiyənin sözünün digər üzv dövlətlər kimi əsas olduğu bir təşkilatda Ermənistanın rahatlıqla təhlükəsizlik axtarışları Türkiyə və Azərbaycanın maraqlarının qorunmadığı bir durumda mümkün olması sadəlövlük və siyasi avantüradır. Necə ola bilər ki, Türkiyəyə qarşı ərazi, "soyqırım" iddiası edib, Azərbaycanla mövcud olan məlum problemlər qala-qala bu istiqamətdə qəti addımlar atmaq üçün planlar cızasan? Türkiyə buna razı olarmı? Təbii ki, yox! İsveçin NATO-ya üzvlük məsələsi buna misaldır, hansıki bu, daha mürəkkəb və vacib məsələdir".
Azər Qasımov deyib ki, İranın Ermənistan sevdasının erməni toplumu yox, Ermənistan ərazisi olduğu açıqdır:
"Ermənistan əhalisinin məhv olmasını ilk növbədə İran istəyir. İrana Avropaya çıxmaq üçün ərazi lazımdır. İranın Zəngəzur dəhlizinin açılmasına kəskin reaksiyası və qırmızı xətti olmasını bəyan etməsi də əraziyə sahib olmaq davasıdır. Necə olur ki, sivil şəkildə İranın Zəngəzur dəhlizi vasitəsilə bu dəhlizə qoşularaq, Türkiyə üzərindən Avropaya çıxmaq imkanları yaranarkən, Tehran bundan imtina edir, amma Amerikanın Ermənistanda möhkəmlənməsinə, Rusiyanın isə regiondan getməsinə və NATO-nun nəzəri də olsa, regiona gəlməsinə səbəb olacaq Qərbə inteqrasiya addımlarına razı olur, buna səs çıxarmır, sakitliklə qarşılayır? İran burda ikili oynayır. Məsələ ondadır, İran yaxşı başa düşür ki, NATO-nun regiona gəlməsi əvvəla mümkün deyil. Ona görə ilk növbədə buna qarşı çıxıb özünü Ermənistanın gözündə pis etmək istəmir. Amma Ermənistanı silahlandırıb, Azərbaycanın üzərinə göndərməklə İrəvandan qurtulmaq istəyir. Zəngəzur dəhlizinə isə iddiasını Ermənistanın ərazi bütövlüyünə hörmət adı altında gizlətməyə çalışır. Ermənistanın nə qədər zəifləyəcək, aciz və zavallı duruma düşəcəksə, bir o qədər İranın toruna düşəcəyi aydın məsələdir, çünki bu durumda nə Ermənistan arxa çevirdiyi Rusiyanın yanına qayıda biləcək, nə də müharibə etdiyi Azərbaycan və Türkiyənin yanında günahlarının bağışlanmasını istəyə biləcək. Bu durumda Ermənistana "arxa" duracaq tək İran qalacaq ki, onun da məramları qeyd edilmişdir. İran hesab edir ki, Azərbaycan İrandan çəkinib, onun razılığı olmadan Zəngəzur dəhlizini aça bilməz, eyni zamanda, o, indiki kimi bu ərazidən istədiyi kimi istifadə edəcək. Bu ərazi İran tərəfindən qanuni yüklərin daşınmasından çox qeyri-qanuni fəaliyyətlər üçün, yəni narkotrafik, qaçaqmalçılıq üçün istifadə edilir ki, İran bu fəaliyyətdən milyardlarla dollar gəlir əldə edir və proksi qruplarının maliyələşdirilməsində istifadə edir. Azərbaycanın Zəngəzur dəhlizinin açılması barəsində planlarını isə zaman göstərəcək. Bu dəhliz mütləq açılmalıdır və bu, heç nəyə baxmadan belə də olacaq".
Bəs, Rusiya Ermənistanın nazı ilə oynayacaqmı?
Azər Qasımovun qənaətincə, Rusiyanı Ermənistanla çox şey bağlayır: "Hətta, deyərdim ki, Rusiya Ermənistana daha həssas yanaşır, nəinki Ukraynaya yanaşdı. Ermənistanın nazı ilə oynamağının, ona demokratiya oyunu oynamasına göz yummasının da səbəbi budur. Doğrudur, Ukrayna müharibəsi səbəbi ilə Rusiya zəifləsə də, Ermənistanın, daha doğrusu Paşinyanın başına qapaz vurmaq Rusiya üçün iki vur ikidir. Amma burda bir nüans var, o da Azərbaycan faktordur. Məsələ ondadır ki, Rusiya əgər Ermənistanı qəti şəkildə güc yolu ilə öz yanına çəksə, onda konkret olaraq Ermənistanın tərəfini tutmağa məcbur olacaq. İndiki durumda bu da Rusiyaya lazım deyil. Onda Ermənistana görə Türkiyə və Azərbaycanı itirməli olacaq. Odur ki, hələlik Ermənistanı boş buraxıb. Ermənistan da bundan istifadə edib Rusiyadan uzaqlaşmağa çalışır. Rusiya da iki seçim arasında qalıb çabalayır. Paşinyanın şıltaq bəyanatlarını qulaq ardına vurmaqla üzünü qızardır. Ona görə Azərbaycanı Ermənistanla baş-başa buraxıb Ermənistanı qorxutmağa çalışır, başına gələcəklərini ona eşitdirir. Ermənistan isə bir neçə dövlətdən, Fransa, Hindistan, İrandan aldığı dəstəklə tək Azərbaycana yox, elə Rusiyaya meydan oxuyur, intihar dalışı etməyə hazırlaşır.
Bu kontekstdə Azərbaycan-Ermənistan münasibətləri dalana dirənir. Ermənistanın etdiyi seçim bütün regionun təhlükəsizliyini təhlükə altına atır. Region ölkələrinin öz maraqlarından çıxış edib, ümumilikdə regionu təhlükəyə sürükləməsi son nəticədə onların özünə zərbə vuracağından belə təhlükəli oyunlar oynayan ölkələr başa düşməlidirlər ki, əgər bundan sonra regiona hər hansı destruktiv qüvvələr daxil olma şansı tapacaqlarsa, bundan kənarda günahkar axtarmaq lazım deyil. Bunun səbəbkarı həmin region ölkələri olacaq".
Azər Qasımov qeyd edib ki, Amerika Ermənistanla manipulyasiya edir:
"Ukrayna kimi ərazi və əhalicə Rusiyadan xeyli zəif ölkəni dəstəkləməklə nəticə almağın mümkün olmadığı gerçəyi qarşısında Ermənistanı Rusiyanın qarşısına atması erməni dövlətini və əhalisini qurban vermək istəyidir. Rusiyanın zəifləməsi üçün Ermənistanın da qurban verilməsi lazımdır. Ermənistan Amerikanın təlim adı altında 85 hərbi qulluqçusunu göndərməsini artıq NATO-ya qəbul olunmaq üçün yetərli hesab edir? Amerika Ermənistandakı səfirliyində mövcud olan min beş yüz xüsusi təyinatçıdan 85-ni təlimə göndərməklə elə bir manipulyativ addım atır ki, bu, regionun siyasi balansını dəyişməyə belə kifayət edir. Ağılsız erməni hakimiyyəti qaza gəlib Rusiyadan üz döndərir. Rusiya bunu görüb Azərbaycanla yaxınlaşırmış kimi addımlar atır, İran çoxbilmişliyindən müfafiə nazirini Bakıya göndərir, hətta gələn heyət "Hərbi Qənimətlər Parkı"nı gəzməklə Ermənistana "44 günlük müharibədəki məğlubiyyətini qəbul edirik" mesajı verirlər".
Politoloq deyib ki, Amerikanın bu addımlarla Ermənistanı niyə hər tərəfdən zərbə altına atdığı məlumdur:
"Hansı xalq manipulyasiyaya açıqdırsa, onunla oynanılır. Ermənistandan öncə regionun güclü ölkəsi Azərbaycan olduğu halda niyə Amerika Azərbaycan üzərindən Rusiyanı çökdürmək oyunları oynamır və ya oynaya bilmir. Çünki Azərbaycan Ermənistan deyil və onunla manipulyasiya etmək olmur. Eyni zamanda Azərbaycan da buna imkan vermir. Gürcüstan da vaxtilə bu yolu getdi və nəticəsi bəlli idi 2008-ci ildə. Təbii ki, Rusiyanın indiki durumu ilə o vaxtkı durumu eyni deyil. Rusiya tamamı ilə zəifləyib və başı Ukraynaya qarışıb. Amma Ermənistanda mövcud olan 102-ci hərbi bazası Ermənistana bəsdir ki, istədiyini eləsin. Erməni toplumu da ukraynalılar deyil".
Azər Qasımov deyir ki, Qərbə inteqrasiya anlayışı bizim regionda Qərbin yanında olmaq demək yox, Qərb dəyərlərinin fikrən qəbul edilməsi və əməl edilməsi şəklində olmalıdır:
"Minlərlə kilometr məsafədə yerləşən Qərbdən fiziki dəstək gözləmək və buna arxayın olub, öz ətrafına təhlükə yaratmaq özünüməhvdən başqa bir şey deyildir. Rusiyanın Azərbaycanın atdığı addımlara loyal yanaşma göstərməsi onun çıxılmaz vəziyyətindən irəli gəlir. Türkiyə və Azərbaycandan asılılıq burda Rusiyanın daxili qorxuları ilə bərabər səviyyədədir. Rusiya qorxur ki, indiki şəraitdə Azərbaycanın əleyhinə iş görmək domino effekti yaradar. Azərbaycanın Rusiyadan uzaqlaşması Ermənistan və Gürcüstanın da daha sürətlə ondan uzaqlaşmasına səbəb olar. Bu zaman Rusiya yüz faiz Cənubi Qafqazdan getməyə məcbur olar, çünki üç Cənubi Qafqaz ölkəsi ilə eyni zamanda qarşı-qarşıya gəlmək Ukrayna müharibəsi fonunda Rusiyanın imkanları xaricində olar. Azərbaycanla ehtiyatlı davranmaq siyasətini Amerika da aparır, çünki eyni proses onunla da baş verə bilər. Azərbaycanın razı olmadığı proses bu regionda nəticə verə bilməz. İndi isə gələk Ermənistanın Rusiyadan uzaqlaşıb, guya Qərb, NATO istiqaməti götürmək istəməsi məsələsinə. Rusiya Ukraynada düşdüyü bataqlıqda batmağa davam edərkən Türkiyə-Azərbaycan tandemi oyununu elə qurublar ki, Rusiyanın Qarabağdan çıxmasından başqa yolu qalmayıb. Bu durumda Rusiya Ermənistan üzərindən elə bir oyun qurub ki, guya "Ermənistan Qərbə getdiyi üçün Rusiya onu tək qoyur və günah Ermənistanın özündədir ki, onlar Qarabağı itirdilər. Bu fakt dəfələrlə rus rəsmilərinin və Putinin dilindən səslənib ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Qarabağın Azərbaycan ərazisi olduğunu bildirirsə, burda bizlik bir şey qalmır. İndi bir qrup Amerika əsgəri ilə təlimləri bəhanə edib, bunun Rusiyaya üz döndərmək, NATO-ya getmək kimi şişirdib, hay-küy çıxarmaqla öz arqumentlərini möhkəmləndirmək istəyir. Bu, danışılmış oyundur və Rusiyanın ən azı bu regionda avtoritetini saxlamaq üçün düzəldilib. Bir sözlə, Ermənistan heç bir "Qərbə" getmir. Bu, Rusiyanın öz imicini qurtarmaq oyunudur və Paşinyan da o qədər axmaq deyildir ki, Rusiyanın regiondan, daha doğrusu Ermənistandan getmək fikrinə inansın".
Süleyman İsmayılbəyli