"Azərbaycan və Ermənistan 90-cı illərdəki kimi deyil" - ÖZƏL
7 Sentyabr 2023 14:25 Siyasət"Hazırda Ermənistan rəsmilərinin əsas fəaliyyəti ona yönəlib ki, müharibədən sonra bizim bölgəmizin ən təxirəsalınmaz planı olan Laçın keçidi açılsın, guya ermənilərin soyqırıma uğramasının qarşısı alınsın." Bunu "Olaylar"-a "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib:
" Sanki, müharibədən sonra bölgədə iki dövlət arasında sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası, kommunikasiya və iqtisadi əlaqələrin açılması, Naxçıvanla birbaşa əlaqələrin yaradılması kimi çətin və zəruri problemlər yox imiş. Ermənistan hardasa beynəlxalq lobbisinin və özünün cürbəcür pərdəarxası qara ssenarisi ətrafında bəzi dünya qüvvələrini cəlb edə bilib. Xüsusilə, Fransanın lobbiçiliyi sayəsində biz bunun nəticələrini görürük. Bəzi beynəlxalq instansiyaların çıxışlarında da bu gün məhz Ermənistan və Rusiyanın təqsirinə görə iki ölkənin sülh sazişi məsələsinin unudulmasını və Laçın yolu məsələsini daha aktual hala gətirdiklərini görürük. Elə bu günlərdə Avropa Birliyinin qəbul etdiyi 1473 saylı 13 bəndlik qərarın demək olar ki, əksər hissəsi bu məsələyə həsr olunub. Bu da ciddi narahatlıq doğurur. Çünki, bu, bölgədə yaranan vəziyyətin həqiqi mahiyyətinə uyğun gəlmir. Bunlar Ermənistanın marağına uyğundur ki, sülh sazişi məsələsini gündəmdən çıxarsın və ikinci, üçüncü dərəcəli məsələlərlə əvəz etsin. Nəticədə sazişin imzalanması geciksin. Təəssüf ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sazişin imzalanması üçün Rusiya da ləng mövqe tutur. Əslində görünüşdə Rusiya və Ermənistan arasında kəskin münasibətlər görünsə də, sülh sazişinin imzalanmaması məsələsində mövqeləri üst-üstə düşür. Rusiya bu gün sülh sazişinin imzalanmasında, münasibətlərin normallaşmasında maraqlı deyil. Rusiyanın bu məsələdə öz maraqları var. Rusiya görür ki, proseslərə təsir edə bilmir, bir yolla əngəl olmağa çalışır. 15 iyulda Rusiya XİN rəsmi məlumat yayaraq, Azərbaycan-Ermənistan münasibətlərinin üçtərəfli saziş əsasında normallaşmasının lazım olduğu ilə bağlı mövqe ortaya qoyub. Rusiya təklif etdi ki, Azərbaycan, Ermənistan və Rusiya zirvəsi Moskvada keçirilsin. İmzalanacaq üçtərəfli sazişdə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı məsələ ayrıca əksini tapsın. Təbii ki, bu, Azərbaycan tərəfindən qəbuledilməz mövqedir. Azərbaycan haqlı olaraq Qarabağ erməniləri məsələsini öz daxili məsələsi kimi qəbul edir, üçüncü tərəflərin iştirakı ilə beynəlmilləşməsini istəmir. Azərbaycan Qarabağ ermənilərinin təhlükəsizliyi məsələsinin ayrıca hüquq çərçivəsinə salınmasını istəmir. Bu məsələ bizim Konstitusiyamız çərçivəsində, başqa milli azlıqların təhlükəsizliyi məsələsi kimi həll olunmalıdır. Ermənistan Rusiyanın da sülh sazişi məsələsində maraqlı olmadığını görür və şəraiti qiymətləndirərək, Qərb ölkələri ilə əlaqəni möhkəmləndirməyə çalışır. Ermənistan və Rusiya münasibətlərinin kəskinləşməsi bu səbəbdən əmələ gəlir. Ermənistan həm KTMT təlimlərindən imtina edir, həm də NATO ilə əməkdaşlıqda daha fəal addımlar atır.
Sözsüz ki, yaranmış vəziyyətdə Rusiyanın da ciddi məsuliyyəti var. Çünki, Rusiya bu şəraitdə bölgədə sülhün və təhlükəsizliyin maraqlarına uyğun olan daha perspektivli siyasət yürütmək yerinə, keçən illərin 80-90-cı illərinə uyğun strategiyanı davam etdirir. İndiki şəraitdə nə Ermənistan, nə də Azərbaycan 90-cı illərdəki kimi deyil. Azərbaycan torpaqlarını işğaldan azad edib, daha güclü dövlətə çevrilib. Artıq iqtisadiyyatı, böyük hərbi potensialı, beynəlxalq müttəfiqləri var. Ermənistanda isə 80-90 cı illərin əvvəlində Rusiyanın hər tapşırığına boyun əyən Köçəryan-Sarkisyan hakimiyyəti yoxdur. Bir gözü Qərbdə, digəri Moskvada olan Paşinyan hakimiyyəti var. Paşinyan fürsət olduqca Rusiyanı Qərbə satır, açıq şəkildə Rusiyanın bölgədən getməli olduğunu bildirir. Dövlətin təhlükəsizliyinin Rusiyaya etibar edilməsinin böyük səhv olduğunu bəyan edir. Bu gün Ermənistanda antirusiya siyasi ovqatı getdikcə güclənir. Belə şəraitdə Rusiya Ermənistana qarşı revanşist qüvvələrini fəallaşdırır. Sarkisyanı, Köçəryanı fəallaşdırmaqla Paşinyanı qorxutmağa çalışır. Qarabağda da keçmiş komandanı dəyişir. Separatçı rejimin keçmiş siyasi rəhbərliyinin dəyişdirilməsinə təkan verir. Bununla ümid edir ki, Qarabağda və Ermənistanda Rusiya siyasətinə daha yaxın olan qüvvələri fəallaşdırmaq və silahlandırmaq mümkün olacaq. Bütün bu ssenarilərin qarşısında güclü bir qüvvə var. Bu da Azərbaycanın taktikasıdır. Azərbaycan çalışır ki, Ermənistanın sülh sazişini sıradan çıxarmaq planlarını vursun. Digər tərəfdən çalışır ki, sülh sazişinin imzalanması məsələsini gündəmə gətirsin. Eyni zamanda Qarabağda ermənilərin acınacaqlı vəziyyətdə olması məsələsinin sadəcə manipulyasiya olmasını dünyaya çatdırsın. Fikrimcə, yaxşı nəticələr var. Əvvəllər Laçın yolunun bağlanmasını dünyada qeyri-adi hal kimi qarşılasalar da, bu gün alternativ olaraq Ağdam-Xankəndi yolunun təqdim edilməsi göstərir ki, bizim ermənilərə genosid etmək fikrimiz yoxdur. Bu məsələyə Rusiya da məqbul yanaşır. Qarabağ ermənilərinin Bakı ilə birbaşa təmasda olması fikri beynəlxalq aləmdə də dəstək tapır. Amerikanın dövlət katibi Blinken ilə prezident İlham Əliyev arasında olan telefon danışığı zamanı da bu məsələ vurğulanıb. Bu, bizim üçün önəmli irəliləyişdir. Çünki, Azərbaycan da Qarabağ ermənilərinin vasitəçi olmadan Bakı ilə birbaşa təmasını məqbul hesab edir və situasiyanı dəyişə biləcəyini düşünür. Çox yaxşı haldır ki, Azərbaycan bu gün Laçın yolunun açlmasını təkid edənlərə göstərir ki, Laçın yolunun başına Ermənistanın düzdüyü humanitar kalon, əslində Azərbaycanın daxili işlərinə müdaxilədir. Bu fikir İlham Əliyevin Blinkenlə telefonla danışığı zamanı ifadə olunub. Doğrudan da, Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxilə etmək fikri yoxdursa, nə üçün Laçın məntəqəsinə görə bu qədər təkid edir?
Əgər Ermənistan Xankəndi ermənilərinə ərzaq göndərmək istəyirsə, bunu Ağdam-Xankəndi yolu ilə də təmin etmək olar. Ciddi vəziyyət olsa da, Azərbaycanın potensial tədbirləri var. Atəşkəsin intensiv pozulması ciddi faktordur. Bu, Ermənistanın bölgədə sülh danışıqlarını gecikdirmək siyasətidir. Təbii ki, Azərbaycan bu təzyiqlərə baş əyməyəcək. Çıxış yolu ilə bağlı konkret fikir söyləmək çətindir. Regiondakı geosiyasi xətlər uyğunlaşmır. Azərbaycan sazişin imzalanmasını nə qədər sürətləndirsə də, bu təkcə bizim əlimizdə deyil.
Əfsanə Kamal