Ermənistanın ekoloji terroru yeni forma və vasitələrlə davam edir

Ermənistan tarixən Türkiyə və Azərbaycana qarşı bütün çirkin vasitələrdən, deportasiya və soyqırımdan tutmuş, ekoloji terrora qədər hər bir addımı atıb. Türkiyəni "Metsamor" Atom Elektrik Stansiyası ilə ekoloji fəlakətlə baş-başa qoyan Ermənistan 30 il ərzində işğal altında olan Azərbaycan ərazilərindəki bütün fauna və floranı, ümumilikdə təbiəti məhv edərək əsrin cinayətinə imza atdı. Hətta adı təkcə Azərbaycan yox, dünyaya yayılan Topxana meşəsini talan etdi, yandırdı, yaşıllğını məhv etdi.

Düşmənin ekoloji terroru  bitmək-tükənmək bilmir. Azərbaycan öz ərazilərini işğaldan azad edib qısa müddətdə həmin ərazilərdə infrastruktur yaradıb azad edilən şəhər və rayonlarımızı cənnətə çevirdiyi bir halda Ermənistan bundan hiddətlənərək Azərbaycan təbiətinə, ümumən regionun ekologiyasına zərbə vurmaqda davam edir. Söhbət Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Arazdəyən kəndində illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodunun inşası barədə yayılan xəbərlərdən gedir. Ermənistan mətbuatında yayılan məlumatlara əsasən, Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır. İrəvanın bu addımı, ətraf mühitə zərbə vurmağı nəzərdə tutuıın layihəsinə qarşı Azərbaycan cəmiyyətində haqlı etiraz başlayıb. Artıq ətraf mühitlə bağlı fəaliyyətləri ilə seçilən Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri sözügedən zavodun tikintisinə etiraz əlaməti olaraq Birləşmiş Ştatlar və Ermənistana etiraz məktubu göndəriblər.

Baş verənlərlə bağlı fikirlərini bölüşən "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı deyib ki, diplomatiya və hərb cəbhəsində biabırçı məğlubiyyətlə üzləşən Ermənistan dövləti və onun başında dayanan qaniçən system genefondumuz, ekologiyamıza qarşı terror həyata keçirmək, genefondumuza zərbə vurmaqla məşğuldur:

"Fikir vermisinizsə, Ermənistan ətraf mühitə ziyan vuran, təbiəti çirkləndirən zavod və müəssisələri, stansiyaları bir qayda olaraq Azərbaycan və Türkiyə ilə sərhədə yaxın ərazilərdə inşa edir ki, hər iki ölkənin insanlarını həmin obyektlərdən çıxan maddələrlə zəhərləsin, onların tullantılarını Azərbaycan çaylarına axıtsın. Necə ki, "Metsamor" Atom Elektrik Stansiyası Ermənistanın Türkiyə ilə sərhədində inşa edilib, eləcə də indi eyni addımı Ermənistan Azərbaycana qarşı atır. Naçıvanla sərhəddə metallurgiya zavodu inşa etməklə genefondumuzu, ekologiyamızı zəhərləmək istəyir".

"Metsamor" AES-in fəaliyyəti və ətrafa yaydığı zəhərli maddələrin nəticəsində stansiyaya yaxın olan Türkiyə əraziləri, İqdır, Qars və digər ətraf ərazilərdə xərçəng xəstəliyi hallarının artdığını deyən Arzuman Muradlı eyni təhlükənin metallurgiya zavodunun inşasından sonra Naxçıvanda da yaşanacağını söyləyib. İctimai Birlik sədri onu da deyib ki, Ermənistanın ekoloji terroruna bəzi beynəlxalq güclər də dəstəkdirlər:

"Məlumat üçün deyək ki, Naxçıvanla sərhəddə tikiləcək metallurgiya zavodu üçün Birləşmiş Ştatlar 70 milyon dollar sərmayə yatırılacaq. Bu fakt da öz- özlüyündə Ermənistanın ekoloji terrorunda dünya güclərinin də iştirak etdiyinin təsdiqidir. Necə ki, uzun illərdir Türkiyə tərəfi "Metsamor"un ləğvi ilə bağlı çağırışlar etməsinə baxmayaraq başda MAQATE olmaqla digər beynəlxalq təşkilatlar və ölkələr bu çağırışlara məhəl qoymur, eləcə də Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistanın inşa edəcəyi metallurgiya zavodu ilə bağlı çağıırşlarına okeanın o tayından reaksiya verilmir. Bu da onu deməyə əsas verir ki, Ermənistan daxil olmaqla ona dəstək verən gücləri bir şey, türkə qarşı düşmənçilik birləşdirir. Onu da diqqətə çatdıraq ki, işğal dövründə Qarabağda törədilmiş geniş miqyaslı ekoloji faciələr, yüksək kimyəvi tərkibli istehsalat sularının təmizlənmədən Oxçuçaya axıdılması buna əyani misaldır. Ermənistan Oxçuçayı kəskin şəkildə çirkləndirib. Bu isə çayın Azərbaycan ərazisi boyu keçdiyi hissənin ekoloji sistemini bərpa olunmaz deqradasiyaya məruz qoyub. Alman şirkəti "Cronimet" bu ekoloji cinayətdə Ermənistanla birgə iştirak edib".

Arzuman Muradlı metallurgiya zavodunun tikintisinin Araz çayında da ciddi fəsadlar yaradacağı qənaətindədir: "Metallurgiya zavodunun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır. Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl edilməməsi həm Azərbaycan, həm də ümumilikdə bölgə üçün ciddi ekoloji təhdid yaradır".

Göründüyü kimi Ermənistanın ekoloji terroru  özünün yeni forma və vasitələri ilə davam edir. Bu terror isə təkcə Azərbaycan deyil, ümumilikdə regionu ciddi şəkildə təhdid  edir.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31