"Tullantılar Xəzərə qədər gəlib çatacaq"- ÖZƏL
8 İyun 2023 14:57 Siyasət"Əksər adamlar sahibi olduqları qızılın haradan gəldiyini və ya necə hasil edildiyini bilmirlər. Qızıl hasilatı ətraf mühit üçün dünyanın ən dağıdıcı sənayelərindən biridir. O insanları yerindən -yurdundan edir, ətraf mühiti çirkləndirir, içməli suyu zəhərləyir, insanların sağlamlığını və ekosistemləri təhlükə altına alır. Təkcə bir üzüyün istehsalı üçün 20 ton tullantı əmələ gəlir.
Qızıl istehsalı zamanı ətraf mühitə çox dağıdıcı təsir edən arsen, qurğuşun, civə, neft məhsulları, siyanid və turşular suyu çirkləndirir. Hər il dünyadakı mədən şirkətləri müntəzəm olaraq zəhərli tullantıları çaylara, göllərə, və okenlara axıdırlar. Hər il 180 milyon ton belə tullantının su qaynaqlarına atıldığı təsdiq olunub".
Bu sözləri Olaylar.az-a ekoloq Rövşən Abbasov deyib:
"Arazdəyən kəndi Azərbaycan sərhədinə çox yaxındır. Araz çayı hövzəsində yerləşir. Yəni, burada əmələ gələn hər cür tullantı Araz çayına axıdılacaq. Araz çayı vasitəsilə Azərbaycana, Kürə və hətta Xəzər dənizinə qədər gəlib çatacaq. Bu, çox ciddi məsələdir. Azərbaycan dövlət səviyyəsində buna kəskin reaksiya verməlidir. Ermənistana bu barədə xəbərdarlıq edilməlidir ki, biz metallurgiya zavodunun tikilməsinə qəti etiraz edirik. İnşası nəzərdə tutulan zavod onsuz da az olan su ehtiyatlarımızı çirkləndirən faktora çevriləcək. Azərbaycan beynəlxalq suların və göllərin qorunması haqqında konvensiyaya imza atıb. Təəssüf ki, Ermənistan bu konvensiyanın üzvü olmaqdan yayınır. Onların əsas məqsədi ondan ibarətdir ki, bizim sularımızı çirkləndirən zaman heç bir məsuliyyət daşımasınla".