Azərbaycan - İsrail dostluq münasibətləri bölgəmizdə sabitləşdirici faktora çevrilməkdədir - ÖZƏL

"İsrail prezidenti Azərbaycana səfər etdi və bu səfər çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevlə keçirilən görüşlərdə bir sıra çox mühüm bəyanatlar səsləndirildi". 

Bunu Olaylar.az-a açıqlamasında politoloq Anar Əliyev deyib.

"Xüsusilə də, Azərbaycan və İsrail arasında dostluq münasibətlərinin, iqtisadi ticarət əlaqələrinin bundan sonra da davam edəcəyini, bir sıra yeni komponentlər daxil olmaqla İsrail-Azərbaycan əlaqələrinin, münasibətlərinin daha da inkişaf edəcəyi haqqında bəyanatlar səsləndirildi. Kiber təhlükəsizlik, kənd təsərrüfatı, turizm, informasiya texnologiyalarının qarşılıqlı şəkildə öyrənilməsi və tətbiqi və eyni zamanda, işğaldan azad olunmuş torpaqlarımızda İsrail şirkətlərinin fəaliyyətinin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparıldı. Mən hesab edirəm ki, bu İsrail-Azərbaycan münasibətlərinin yeni bir mərhələyə qədəm qoyduğunu göstəricisi, nümunəsidir. İsrail hər zaman Azərbaycanın haqq mübarizəsində dövlətimizin yanında olub, beynəlxalq hüququn prinsiplərindən çıxış edib. Nəinki 44 günlük vətən müharibəsi və ondan sonrakı dövr ərzində, işğal faktı dövründə də İsrail Azərbaycanın ərazi bütövlüyünü hər zaman tanıyıb və münaqişənin yalnız beynəlxalq hüququn prinsipləri, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması tərəfdarı kimi çıxış edib, bunu müxtəlif tribunalardan bəyan edib. Bu münasibətlər, xüsusilə də yəhudi lobbisinin Azərbaycan maraqları prizmasından davranışları, Azərbaycanın haqlı mövqeyini beynəlxalq güclər, beynəlxalq ictimaiyyət tərəfindən tanınmasında da mühüm rol oynayıb. Eyni zamanda, müasir texnologiyalar əsasında hazırlanan yeni silahların Azərbaycana verilməsi nəticəsində Azərbaycan daha az itkilər və daha qısa müddət ərzində ərazi bütövlüyünü təmin edərək işğal faktını aradan qaldırıb.
Bütövlükdə İsrail və Azərbaycan arasında bir müttəfiqlik münasibətləri mövcuddur və liderlərin də bəyan etdiyi kimi heç bir halda bu münasibətlər üçüncü dövlətə qarşı yönəlməyib. Azərbaycan və İsrail dostluq münasibətləri bölgəmizdə sabitləşdirici, stabilləşdirici faktora çevrilməkdədir. Xüsusilə İsrail və yəhudi lobbisinin nüfuzu Azərbaycanla sülh münasibətlərinin uzadılmasına çalışan Ermənistanın sülhə məcbur edilməsində əsas istiqamətlərindən birinə çevrilə bilər. İsrail kifayət qədər geniş potensiala sahibdir ki, bir sıra beynəlxalq güclərin, eyni zamanda, elə Ermənistanın da bölgə ilə bağlı qaranlıq maraqlarının qarşısının alınmasında Azərbaycanın qarşıya qoyduğu dəstəklə bu prosesin daha da sürətlənməsinə töhfə verə bilsin. Mən hesab edirəm ki, İsrail Prezidentinin ölkəmizə səfəri həm də bu istiqamətdə nəticələrin əldə olunması ilə yadda qalacaqdır.
Digər tərəfdən Azərbaycan və İsrail arasında əlaqələr xalqlarımız arasındakı çox qədim tarixə malik ənənələrdən, əlaqələrdən qaynaqlanır. Azərbaycan dünyada yeganə dövlətlərdən biridir ki, burada heç vaxt yəhudi xalqına qarşı hər hansı bir diskriminasiya, ayrı-seçkilik, soyqırım həyata keçirilməyib. Bunu yaxşı bilən, dəyərləndirən yəhudi xalqının nümayəndələri, eyni zamanda, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı yəhudilər də Azərbaycanı vətənləri kimi qiymətləndirərək, Azərbaycanla bağlı proseslərə hər zaman belə həssaslıq nümayiş etdiriblər və çox yaxşı haldır ki, İsrail dövləti də xalqlar arasındakı bu əlaqələrə uyğun olaraq Azərbaycanla dostluq, müttəfiqlik münasibətlərini qoruyub saxlayır. Hesab edirəm ki, bundan sonra da İsrail və Azərbaycan arasında münasibətlər, əlaqələr daha da genişlənəcək, daha geniş spektrli sahələri əhatə etməklə münasibətlərimiz həm də qarşılıqlı hörmət və faydalılığa əsaslanaraq daha da inkişaf edəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31