İsrail öz bölgəsində və dünyada ən inkişaf etmiş dövlətlərdən biridir - ÖZƏL
1 İyun 2023 18:30 Siyasət"Azərbaycanla İsrail arasında münasibətlər yüksələn xətlə davam edir. Xüsusən son bir neçə ayda bu münasibətlərdə son dərəcədə yaxınlaşma müşahidə edirik".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Xüsusən Azərbaycan uzun illərdən sonra İsrail səfirliyi açdıqdan sonra münasibətlərin inkişafı istiqamətində çox mühüm addım atılmış oldu. Artıq biz İsrailin prezidentinin Azərbaycana səfərini müşahidə etdik. Burada bir sıra səfərlər zamanı sənədlər imzalandı ki, bu da münasibətlərdə yeni bir səhifənin açılmasına səbəb olur. Mən qeyd edim ki, İsrail öz bölgəsində və dünyada ən inkişaf etmiş dövlətlərdən biridir. Onun istər kənd təsərrüfatı sahəsində, istər hərbi-texniki sahədə, səhiyyə və digər istiqamətlərdə olan təcrübəsi, əldə etdiyi nailiyyətlər Azərbaycan üçün çox önəmlidir. Bu təcrübənin Azərbaycan ilə bölüşməsi, Azərbaycana bu istiqamətdə dəstək verilməsi çox vacibdir. Bu anlamda mən bu münasibətlərin hazırkı səviyyəsini qənaətbəxş hesab edirəm.
Qarşılıqlı səfərlər, imzalanan sənədlər və yəqin ki, gələcəkdə Azərbaycanın da nümayəndələrinin səfərlərini müşahidə edəcəyik ki, bütün bunlar hamısı iki dövlət arasında münasibətlərin inkişafına töhfə verir. Eyni zamanda, İsrailin də Azərbaycana ehtiyacı var. Azərbaycan müsəlman dünyasında sözü, nüfuzu olan bir dövlətdir və bir sıra nüfuzlu ərəb dövlətləri ilə müharibə şəraitində yaşayan İsrailin Azərbaycan kimi müsəlman ölkəsi ilə normal, yüksək səviyyədə münasibətlər qurması və münasibətlərini yüksək səviyyədə saxlaması onun özü üçün də gələcək perspektivlərdə faydalı nəticələr doğura bilər".