"İki müstəqil dövlət olaraq atdığımız addımlar dövlətlərimizin maraqları üzərində qurulub" - ÖZƏL

"İsrail və Azərbaycan münasibətləri bu gün tarixin pik həddini yaşayır və bu dövr ərzində tərəflər arasında demək olar ki, bütün sahələrdə, istər siyasi, istər iqtisadi, istər ticarət, istər hərbi, təhlükəsizlik, mədəni sahələrdə əməkdaşlıq çox sürətlə və məhsuldar formada inkişaf etməkdədir". 

Bunu Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

"Əlbəttə, birinci İsrail Azərbaycan səfirliyi açmışdı və bu il Azərbaycan da İsraildə səfirlik təsis etdi, artıq fəaliyyəti var və bu səfirlik fəaliyyət göstərir. Eyni zamanda, İsrail və Azərbaycan arasında iqtisadi əməkdaşlıq dərinləşmək üzrə davam edir. Azərbaycan İsrailə əsasən neft və qaz ixrac edir. Bununla bərabər həm də hərbi təhlükəsizlik sahəsində əməkdaşlıq var. Azərbaycan İsraildən bəzi vasitələri alır ki, bu xüsusi önəm daşıyır. Bütün bunların hamısı önəmli amillərdir və bu baxımdan hesab edirəm ki, İsrail Azərbaycan münasibətlərinin inkişafı xüsusilə əhəmiyyət daşıyır.
Mədəni sahələrdə də əməkdaşlıq var və nəzərə almaq lazımdır ki, bu gün İsraildə yaşayanların əksəriyyəti elə həm də diaspora fəaliyyəti göstərirlər, mədəni əlaqələr çox genişdir. Azərbaycanın müxtəlif bölgələrində, xüsusən də Qırmızı Qəsəbədə, Xınalıqda və s. ərazilərdə yəhudi əsilli şəxslər yaşayırlar və onlar da Azərbaycan siyasətində xüsusi önəm daşıyırlar. Hesab edirəm ki, İsrail prezidentinin Azərbaycana sonuncu səfərində məqsəd əlaqələrin dərinləşdirilməsidir.  
Düşünürəm ki, iki müstəqil dövlət olaraq atdığımız addımlar dövlətlərimizin maraqları üzərində qurulub və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq aparılır. Ümid edirəm ki, bundan sonra da bu münasibətlər dərinləşəcəkdir və elə İsrail və Azərbaycan arasında əlaqələrda iqtisadi əməkdaşlıqda ticarət dövriyyəsinin iki milyard dollardan artıq olması da onu göstərir ki, deməli, tərəflər bir-birinə daha sıx əməkdaşlığa üstünlük verirlər. Bu da ikili əlaqələrin perspektivlərini daha da artırır. Düşünürəm ki, yaxın zamanlarda bu əlaqələr daha üstünlüyə qalxacaq. Çünki artıq hər iki dövlətdə də səfirliklər fəaliyyət göstərir və bu səfirliklərin fəaliyyəti isə nəticə etibarilə dövlətlərin maraqlarının qorunması və inkişaf etdirilməsi baxımından önəmlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31