"Biz İsraillə münasibətlərimizi kimlərinsə istəyinə görə qurmuruq"- ÖZƏL
1 İyun 2023 17:22 Siyasət"Azərbaycanla İsrail münasibətləri təsadüfi deyil. Həm burada yaşayan yəhudi icması həm də dövlətlərarası münasibət icazə verir ki, aramızdaki münasibət qardaşlıq səviyyəsinə yüksəlsin. Azərbaycan müstəqillik qazandıqdan sonra yaxın-orta şərq ölkələri içərisində üstünlük verdiyi ölkələrdən biri İsrail dövləti oldu. Bu münasibətlərdə həm Heydər Əliyevin, həm də, indi- İlham Əliyevin dövründə yaxınlaşma hiss olunub. Azərbaycanla İsrail münasibətlərində önəmli yeri əvvəlcə iqtisadi və ticarət sahəsi tutursa, digər yeri İsrailin hərbi sənayesi tutur. Bu, Azərbaycanın diqqətini cəlb etdi və İkinci Qarabağ müharibəsi zamanı da Azərbaycanın İsraildən aldığı silahlar mühüm rol oynadı. Müharibənin gedişində Türkiyə və Pakistandan sonra Azərbaycanı mənəvi olaraq dəstəkləyən dövlətlərdən biri İsrail oldu".
Olaylar.az xəbər verir ki, bu sözləri politoloq Cümşüd Nuriyev deyib:
"Tarixən də münasibətlərimiz yaxşı olsa da, artıq ikitərəfli əməkdaşlıq səviyyəsindən strateji tərəfdaşlığa çevrilib. İsrailin dövlət başçılarının Azərbaycana olan münasibətləti yüksək səviyyədə olub. İsrail prezidentinin Azərbaycana səfəri yüksək qiymətləndirilməlidir. Bilirik ki, bu münasibətləri qısqanan İran adlı qonşu dövlət var. Əslində bu qısqanclığın heç bir əsası yoxdur. Biz İsraillə münasibətlərimizi kimlərinsə istəyinə görə qurmuruq. Azərbaycan dövlətinin öz milli maraqları var. Həmin maraqlara uyğun hərəkət edir. İran isə Azərbaycan əraziləri işğal edildiyi zamanlarda Ermənistanla birgə fəaliyyət göstərirdi. Hətta, müharibədən sonra belə İranın xüsusi xidmət orqanları işçiləri Qarabağa gəlirdi. Azərbaycan təhlükəsizlik orqanları onları faş edəndən sonra sakitləşiblər. Ancaq, İsrail prezidentinin Azərbaycana səfəri zamanı yenidən molla rejimi öz ampluasına qayıtdı. Təbrizin Azərbaycan konsulluğu qarşısında mitinq, qışqır-bağır salmaqla bir daha iç üzünü göstərdi. Təbii ki, Azərbaycan İranın bu cür hərəkətlərinə fikir vermir. Azərbaycanla İsrail münasibətləri yeni mərhələyə qədəm qoydu. İsraillə aramızda hər sahədə əməkdaşlıq var idi. Azərbaycan son zamanlar İsrailin kənd təsərrüfatı sahəsində əldə etdiyi təcrübədən də yararlanmaq istəyir. İsrail səhranın ortasında "cənnət" yaradıb".