“Azərbaycan Silahlı Qüvvələrinin formalaşması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”- Deputat

"Heydər Əliyevin müdrik siyasəti qüdrətli ordu quruculuğuna əsaslı zəmin yaradıb"

"Hər bir müstəqil dövlətin suverenliyinin mühüm atributlarından biri ordu, həm də məhz ordu dövlətin müstəqilliyinin təminatçısıdır.  Bu mənada Azərbaycanda ordu quruculuğu sahəsində böyük nailiyyətlər əldə edilmişdir və bu, 2020-ci ildə 44 günlük Vətən müharibəsi dövründə əyani şəkildə sübut edildi. Dünyanın güclü ordusu olan və inkişaf etmiş bütün dövlətləri Azərbaycan ordusunun  çoxlarına nümunə ola biləcək qüdrətini və bu gün artıq hərbi dərslər üçün tədris materialına çevrilmiş döyüş taktikası və cəsur döyüşçülərinin olduğunu etiraf edərək, Şuşa əməliyyatını misli görünməmiş ordu gücü və döyüşçü potensialı kimi dəyərləndiriblər". Bunu "Ölaylar"a açıqlamasında deputat Ülviyyə Ağayeva deyib. Onun sözlərinə görə, ancaq bu gün ordumuz haqqında belə danışmaq xalqımıza elə də asan başa gəlməyib: "Azərbaycan Silahlı Qüvvələrinin formalaşması müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır". Deputat qeyd edib ki  Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə başlayıb: "Rusiya imperiyasının əsarəti altında olduğu dövrdə Azərbaycan xalqı da digər müsəlman xalqları kimi, məqsədli şəkildə orduda xidmətdən "azad" edilməklə hərbi işlərdən uzaqlaşdırılmış və nəticədə tamamilə müdafiə qabiliyyəti olmayan bir vəziyyətə salınıb. 1917-1918-ci illərdə erməni təcavüzünün güclənməsi xalqımızı tamamilə məhv olmaq təhlükəsi qarşısında qoymuşdu. Belə vəziyyət yeni qurulmuş Azərbaycan Demokratik  Respublikası qarşısında təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı.

Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində qorunub saxlanmış və inkişaf etdirilib. Heydər Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaradıb. Müdrik və uzaqgörən siyasi xadim olan Heydər Əliyev hələ sovet dövründə də çar Rusiyasının pərdələnmiş siyasətinin davam etdirildiyini - azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verilmədiyini başa düşərək buna qarşı böyük strateji addım atır: 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb yaradır. O dövrdə guya bütün SSRİ xalqları üçün nəzərdə tutulmuş Suvorov adına, Naximov adına məşhur hərbi məktəblərin mövcud olduğu bir zamanda Azərbaycan kimi  o qədər də böyük olmayan bir respublikada hərbi məktəb yaradılmasını əsaslandırmağa yalnız Heydər Əliyev kimi şəxsiyyət qadir ola bilərdi: o, azərbaycanlı tələbələrin rus dilini "pis bildiklərini" və buna görə də həmin məktəblərdə yaxşı təhsil ala bilmədiklərini bəhanə gətirərək həmin tələbələrin öz dillərində təhsil almaları üçün Azərbaycanda hərbi məktəb yaradılmasının vacibliyini əsaslandırır. Bu, ulu öndərin uzaqgörənliyinin daha bir bariz nümunəsidir.  Deməli, Heydər Əliyev hələ o zaman Azərbaycanın müstəqilliyini bərpa edəcəyinə inanmış və Azərbaycanda milli hərbi kadrların yetişdirilməsinə başlayıb. 

1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa edərkən artıq Ermənistanla müharibə vəziyyətində idi. Tarix boyu Azərbaycana qarşı ərazi iddiasında olan ermənilər öz havadarları və ölkəmizi parçalamaq, onun müstəqilliyinə mane olmaq istəyən qüvvələrlə birlikdə artıq bir hissəsini işğal etmişdilər. Təəssüf ki, o zaman Azərbaycana rəhbərlik edən şəxslər qətiyyətsizlik göstərmiş və müstəqilliyini elan etmiş dövlətin Silahlı qüvvələrini yarada bilməmişdilər və bunun acınacaqlı nəticələri də tariximizin qanlı səhifələrinin yazılmasına səbəb olub. Yalnız 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən  dəyişdi. Respublikamızda yenidən ordu quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilməyə başlandı, bu da dərhal öz təsirini göstərdi:  cəbhədə vəziyyət müsbət istiqamətdə dəyişməyə başladı.

Müasir Azərbaycan Respublikasının qurucusu , xalqın ulu öndəri Heydər Əliyev ölkə üçün ordunun həyati əhəmiyyətini bir daha vurğulayaraq 8 oktyabr 1994-cü ildə  Azərbaycan Silahlı Qüvvələrinin 3-cü ildönümünə həsr olunmuş təntənəli yığıncaqda söyləyib: "Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır. Biz ordu quruculuğu işi ilə məşğul oluruq... Azərbaycanın müstəqilliyini əbədi etmək üçün güclü və daim təkmilləşən, güclənən milli ordumuz olmalıdır. Bu, bizim müqəddəs vəzifəmizdir, hər bir kəsin şərəfli vəzifəsidir."

Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev onun bu ali və müqəddəs işini davam etdirir və bu gün Azərbaycanın hərtərəfli güclənmiş, hərbi qüdrəti, yüksək döyüş qabiliyyəti olan Azərbaycan ordusuna malikdir.  Bu ordunun igid əsgərləri də Ali baş komandanımızın əmri ilə erməni işğalçılarından azad etməyə qadir olduqlarını sübut etdilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31