ABŞ Azərbaycan və İsrail üçtərəfli əməkdaşlığı Azərbaycanın təhlükəsizlik imkanlarını gücləndirir - ÖZƏL
18 Aprel 2023 12:42 Siyasət"Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanının ABŞ səfəri və Pentaqonda keçirdiyi görüşlər iki dövlət arasında hərbi əməkdaşlıq müstəvisində yeni imkanlar açır. Demək olar ki, ABŞ ikinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda reallıqları qəbul edərək, bu istiqamətdə Azərbaycanla hərbi əməkdaşlığın inkişaf etdirilməsi strategiyasını ortaya qoyub. ABŞ Azərbaycanı kəşfiyyat və müasir hərbi avadanlıqlarla təchiz etməsi mümkündür. ABŞ rəsmilərinin hər həftə Azərbaycan rəsmiləri ilə telefon əlaqələri fonunda ictimaiyyətə açıqlanan məlumatlara əsaslansaq Vaşinqton Azərbaycanı İranla münasibətlərdə müdafiə etmək xəttini götürüb". "Olaylar" xəbər verir ki, bunu deyən MCP sədrinin müavini Məhəmməd Əsədullazadə bildirib ki, Hərbi Hava qüvvələrinin komandanının ABŞ ordusunun Birləşmiş Qüvvələrinin Qərargah rəisi ilə görüşməsi rəsmi Bakıya hərbi dəstəyin göstərilməsi, xüsusilə havadan müdafiə sisteminin təkmilləşdirilməsi məsələlərinin razılaşmdırılması istisna deyil: "Təkcə, ABŞ deyil, İsrail Azərbaycanla hərbi texniki və müdafiə sahəsində əməkdaşlığını ABŞ -la sinxron həyata keçirir. İsrail müdafiə nazirinin Bakıya səfərində bu kimi məsələlər razılaşdırılıb. İsrailin xarici işlər nazirinin Azərbaycana səfəri gözlənilir. Göründüyü kimi ABŞ-Azərbaycan və İsrail üçtərəfli əməkdaşlıq formatı yaradılır.
Cənubi Qafqazda ABŞ və İsrailin Azərbaycanla əməkdaşlığı regionda Ermənistan və İranın sinxron hərəkətini neytrallaşdıracaq. Vaşinqtonun əsas strateji hədəfində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasıdır. Bu xüsusda ABŞ Ermənistana təzyiq etməklə, regionda dəyişən geosiyasi nizamda İranın Yerevanla əməkdaşlığının qarşısını alması mümkündür. Çünki, İranın siyasəti ABŞ -ın Cənubi Qafqaz siyasətini təhdid edir. Bir sözlə ABŞ Azərbaycan və İsrail üçtərəfli əməkdaşlığı Azərbaycanın təhlükəsizlik imkanlarını gücləndirir".