"Bütöv Azərbaycan Koordinasiya Mərkəzinin yaradılması dünya azərbaycanlılarının tələbidir" - ÖZƏL
17 Aprel 2023 15:10 SiyasətBu sözləri Olaylar.az-a açıqlamasında Bütöv Azərbaycan Ocaqlarının sədr müavini Faiq Ələkbərli deyib.
"Aprelin 22-si 2022-ci il tarixində 7 təşkilatın təşəbbüsü ilə Bütöv Azərbaycan Koordinasiya Mərkəzinin yaradılmasına qərar verilmişdi. Bütöv Azərbaycan Koordinasiya Mərkəzinin yaradılması dünya azərbaycanlılarının tələbidir. Bu təşkilata Azərbaycan Respublikasından yalnız Bütöv Azərbaycan Ocaqları daxildir. Azərbaycanın güneyi, eləcə də, Xorasanı, Qaşqayı, Türkmənsəhranı və digər türk ellərini özündə ehtiva edən digər təşkilatlar da burda iştirak edəcəklər. Məsələn, Güney Azərbaycan Demokratik Partiyası, Azərbaycan Milli Dirəniş Təşkilatı, Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı, Azərbaycan Öyrənci Hərəkatı, Qaşqayı Azadlıq Yolu Partiyası, Türkmən Səhra Birlik Şurası mərkəzdə yer alacaqdır. Burda Bütöv Azərbaycan Koordinasiya Mərkəzinin yaradılması bütöv Azərbaycan dövlətini qurmaq olduğu üçün koordinasiya mərkəzinin qapıları digər təşkilatların da üzünə açıqdır. Eyni zamanda, koordinasiya mərkəzinin aydınlar, strateji araşdırmalar kimi digər müvafiq strukturları da olacaqdır. Bütöv Azərbaycan Koordinasiya Mərkəzinin yaradılmasında əsas önəmli hədəfimiz bütöv Azərbaycan dövlətini yaratmaqdır. Əlbəttə, ilk mərhələdə biz yol xəritəsi olaraq Azərbaycanın güneyində və digər türk ellərində dövlətçiliyimizi bərpa etməliyik. Hazırda İran adlanan ölkədə qəsb edilmiş haqlarımızı geri qaytarmaq, bərpa etmək ilk hədəfimiz olub, daha sonra Azərbaycan Respublikası ilə məhz yeni yaranacaq dövlətin arasında münasibətləri tənzimləyib vahid dövlətə doğru gediləcək. Yəni Bütöv Azərbaycan Koordinasiya Mərkəzinin əsas hədəfi artıq vahid mövqedən, şüurdan, düşüncədən çıxış etməkdir. Əlbəttə ki, fərqli düşüncələr və baxışlar ola bilər. Ancaq bütöv və vahid Azərbaycan üçün fərqli düşüncələr və baxışlarla da bir araya gəlmək mümkündür. Biz Bütöv Azərbaycan Ocaqları olaraq əsas hədəf olaraq, belə bir mərkəzi yaratmaqda bir neçə ildir ki, addımlar atırdıq, bu işlər üçün mücadilə verirdik. Axır ki, məhz hər kəsi razı salacaq heç bir digər siyasi ambisiya olmayacaq, belə bir təşkilatın yaranmasına çox yaxınıq. Artıq biz elə bir mərhələdəyik ki, bu mərhələdə keçmişi deyil, bu günü və gələcəyi düşünmək və hərəkət etmək məcburiyyətindəyik. Ona görə də, ilk addım olaraq məhz 7 təşkilatın rəhbəri bir araya gələrək belə bir koordinasiya mərkəzi yaradır. Ancaq digər təşkilatlarla da danışıqlar davam edir və bəzi təşkilatlar da buna çox yaxındırlar. İnşallah növbəti mərhələdə Koordinasiya Mərkəzinə daxil olan təşkilatların sayı ən azı 10-dan çox olacaqdır.
Bizim üçün bir məqsəd var - bütöv Azərbaycan dövlətini bölgədə böyük bir türk dövləti halına gətirmək. Əlbəttə, bu dövlət ümumi anlamda Azərbaycan dövləti olsa da, ancaq elə bir dövlət quruluşu olacaq ki orda bütün türk və qeyri-türk hər kəs bərabər şəkildə bu dövlətdə təmsil olunacaqlar. Ancaq ilk hədəfimiz bütöv Azərbaycan dövləti dedikdə ilk növbədə, bu bölgədəki türkləri bir araya gətirmək və türklərlə daim qarşılıqlı əlaqə və münasibətdə olan etnik qrupları da bir araya gətirəcək ədalətli, hüquqi bir dövlət yaratmaq niyyətindəyik. Yol xəritəmiz dəqiq olmalıdır. Yəni Bütöv Azərbaycan Koordinasiya Mərkəzi yarandıqdan sonra yol xəritəmizin də ilkin cizgiləri bəllidir. Yeni dövlətin mahiyyəti, quruluşu, coğrafiyası və digər bütün məsələləri burda dəqiqləşdirəcəyik ki, artıq çox yaxın dönəmdə məhz bütöv Azərbaycan dövlətinə nail olaq, onun yaranması prosesini sürətləndirək".