Güclü Türkiyə dövlətinin mövcudluğu Cənubi Qafqaz, Yaxın Şərq, o cümlədən digər regionlar üçün zəruridir - ÖZƏL
17 Aprel 2023 13:49 Siyasət"Son illər Türkiyə iqtisadiyyatının nəzərə çarpacaq dərəcədə inkişafı qardaş ölkənin həm region, həm də beynəlxalq aləmdə mövqelərini xeyli dərəcədə möhkəmləndirib. 90-ci illərin əvvəllərində əsasən borc alan ölkə kimi xarakterizə edilən Türkiyə Cümhuriyyəti bu gün dünyanın bir çox regionlarında humanitar-sosial aksiyalar reallaşdırır ki, bu da məhz ölkə iqtisadiyyatının gücü, inkişafı ilə bağlıdır". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, qardaş ölkə bütün bunlara son 20 ildəki düzgün idarəçilik, həyata keçirilən uğurlu siyasət nəticəsində nail olub: "Bu gün dünyanın ən inkişaf etmiş ölkələri etiraf edirlər ki, fevarlın 6-da baş vermiş məlum dağıdıcı zəlzələ hamsı bir ölkədə olsaydı, onun zərərini qısa müddətdə qarşılamaq, təbii fəlakətdən zərər çəkmiş insanların bütün zəruri ehtiyaclarını ödəmək qeyri-mümkün olardı. Ancaq Türkiyə bunu bacardı. Necə? Təbii ki, güclü iqtisadiyyat və iqtisadiyyatdan gələn gəlirlər hesabına".
Arzuman Muradlı deyib ki, güclü iqtisadi potensila, yüksək səviyyəli hərbi gücə malik Türkiyə dövlətinin mövcudluğu Cənubi Qafqaz regionu, eləcə də Yaxın Şərq, o cümlədən digər regionlar üçün zəruridir: "Çünki həmin güc və potensialı Türkiyə adıçəkilən regionlarda, ümumən dünyada sabitliyin hökm sürməsinə, insanların daha yaxşı yaşamasına, ayrı seçkiliklərin aradan qaldırılmasına sərf edir. Ancaq təəssüflər olsun ki, Türkiyənin bu günkü gücü, qüdrəti onu vaxtı ilə öz drijor çubuqları ilə idarə edən beynəlxalq gücləri narahat edir. Ona görə də bütün antiTürkiyə qüvvələri qardaş ölkəyə qarşı eyni sırada yer alıb".
Arzuman Muradlı əmin olduğunu bildirib ki, hər zaman olduğu kimi bu dəfə də uca Türk xalqı qardaş ölkəni bölmək, parçalamaq, bu ölkədə qarşıdurma yaratmaq istəyənlərlə deyil, onun inkişafı, tərəqqisi üçün çalışanlarlar eyni mövqedə olacaq.