İrəvanda 2023-cü ildə ağır atletika üzrə çempionat, 1983-cü ilin təcrübəsi və ermənilərin Heydər Əliyev qorxusu - ÖZƏL

"İrəvanda ağır atletika üzrə keçirilən Avropa çempionatında bayrağımızın yandırılması və anti-türk hərəkətləri görəndə SSRİ-Türkiyə münasibətlərinə həsr edilmiş  və 2009-cu ildə Bakıda, 2010-cu ildə Moskvada, 2012-ci ildə İstanbulda çap edilmiş monoqrafiyamda mötəbər mənbələr əsasında yazdığım bir parçanı xatırladım və sizlərlə bölüşməyi lazım bildim". "Olaylar"ın məlumatına görə, bunu deyən millət vəkili Musa Qasımlının sözlərinə görə, 1983-cü ilin payızında İrəvanda idman sarayının açılışı və eyni zamanda ağır atletika üzrə beynəlxalq yarış da başlamalı idi: "Türkiyədən də idmançılar gələcəkdi. Yarışa ciddi hazırlaşan ermənilər bu hadisə ilə fəxr edirdilər. Yerli sənaye çoxlu, hətta "İrəvan 1983. Ağır atletika üzrə beynəlxalq yarış" sözlər yazılmış suvenirlər də buraxmışdı. Əhali arasında isə anti-türk əhval-ruhiyyəsi artırdı.  Sovet hökuməti bir sıra  mülahizələri əsas götürərək gözlənilmədən yarışın yerini Moskvaya dəyişdirdi. Bundan sonra xarici ölkələrdəki erməni  radiostansiyaları proqramlarında müxtəlif mülahizələr irəli sürməyə başladılar: "Azərbaycan rəhbəri Əliyevin (1983-cü ildə Heydər Əliyev Azərbaycan rəhbəri deyildi,  Moskvada işləyir və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində idman sahəsinə də nəzarət edirdi- M.Q.) ermənilər əleyhinə intriqaları" "Moskva erməni idmansevərlərin əleyhinə olaraq Türkiyəyə və ABŞ-a güzəştə getdi", "Ac Moskva Ermənistana gətirilmiş ərzağı və qidanı noyabr bayramı ərəfəsində  paytaxt əhalisinin tələbatını ödəmək üçün yarışın yerini dəyişdirdi" və s. 

Fikrimcə, gələcəkdə müxtəlif idman yarışlarının Ermənistan adlı bir qurama, terrorçu dövlətdə  keçirilməsi məsələsi gündəliyə gələrkən təşkilatçıların 1983 və 2023-cü illərin tarixi təcrübəsindən də yararlanmaları faydalı olardı. Çünki İrəvanda 2023-cü ildə bayrağımıza qarşı edilən barbar hərəkət təkcə bizə qarşı deyildi, eyni zamanda insanlığa, dünya idman ictimaiyyətinə və beynəlxalq idman qurumlarına qarşı təhqir idi. Hər iki hadisə dərs almaq üçün kifayət deyilmi?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31