Dövlət Gömrük Komitəsinin sədri Qırğız Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb - FOTO
15 Aprel 2023 11:51 SiyasətAprelin 14-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Qırğız Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev ilə görüşüb.
Görüşdə iki ölkə arasında mehriban dostluq və qardaşlıq münasibətlərindən məmnunluqla bəhs edilib, gömrük xidmətləri arasında təcrübə mübadiləsi və gələcək inkişaf istiqamətləri barədə müzakirələr aparılıb, qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.
Həmçinin Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu "Bir pəncərə" prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi, Orta Dəhlizin cəlbediciliyinin artırılması, əməkdaşlığın gücləndirilməsi, beynəlxalq tranzitin və ticarətin asanlaşdırılması ilə bağlı müzakirələr aparılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
