Azərbaycanda intibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başladı
14 Aprel 2023 10:48 SiyasətAzərbaycanın çağdaş tarixinin milli intibah dövrü müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarmış, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirmişdir. Dahi rəhbər dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoymuşdur. O, ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Heydər Əliyev keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərliyinin 34 ili milli intibah dövrü kimi tarixi yaddaşımıza əbədi həkk olunub. Bu dövr bir-birindən zaman və ictimai-siyasi formasiya baxımından fərqlənən iki mərhələ ilə (1969-1982-ci və 1993-2003-cü illər) xarakterizə olunsa da, əslində hər iki mərhələdə həyatımızın bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşanmışdı. Tarixin ən görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoymuşdur. Heydər Əliyev zəkası bütün sədləri yararaq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır. Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəkildi. Respublikamızın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan saraylar, özünün görkəmi ilə şəhərə gözəllik verən neçə-neçə yaraşıqlı binalar, xalqımızın tarixində mühüm rol oynamış şəxslərə, ədəbiyyat və incəsənət xadimlərinə əzəmətli heykəllər ucaldıldı. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər.
1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi ümummilli lider Heydər Əliyevin xidmətləridir. Totalitar sovet rejiminin hökm sürdüyü o dövrdə respublikanın ali qanununda xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasların müəyyən edilməsi olduqca cəsarətli addım kimi dəyərləndirilir. Sovet milli siyasətinin tələbləri ilə tam bir ziddiyyət təşkil edən bu çətin vəzifənin öhdəsindən məhz Heydər Əliyev gələ bilmişdir. "Qoy ədalət zəfər çalsın!" - o zaman Heydər Əliyevin söylədiyi və bütün işlərinin mahiyyətini təşkil edən bu sözlər xalqın dilində şüara çevrildi. Sonralar Heydər Əliyevin SSRİ kimi nəhəng dövlətin rəhbərliyində Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək mövqe və vəzifə tutması qürurverici hadisə oldu. Heydər Əliyevin siyasi elitanın zirvəsinə yüksəlməsi Azərbaycan üçün xüsusilə böyük önəm kəsb etdi. Heydər Əliyev artan nüfuzundan və yüksək vəzifənin açdığı imkanlardan istifadə edərək, İttifaq büdcəsindən Azərbaycana daha çox vəsait ayrılmasına, bir sıra ittifaqmiqyaslı layihələrin Bakıya yönəldilməsinə nail oldu.
Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Bu, sözün əsil mənasında, "ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi.
Ümummilli Lider daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına müstəqil Azərbaycan dövlətini qurdu və möhkəmlətdi. Heydər Əliyev demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərqərar etdi, cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoydu. Ulu Öndər Azərbaycanı davamlı və sabit inkişaf yoluna çıxarmaqla yanaşı, bu siyasəti özündən sonra da layiqincə davam etdirə biləcək lider yetişdirdi. 2003-cü ildən Azərbaycana inamla rəhbərlik edən Prezident İlham Əliyev keyfiyyətcə yeni mərhələdə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə çoxsaylı uğurlara imza atdı.
Alim