Azərbaycanda söz və məlumat azadlığı ən yüksək səviyyədə təmin edilir

İstiqamət: Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Azərbaycan müstəqilliyinə nail olduqdan sonra atılan ilk addımlardan biri məhz ölkədə fikir, söz və məlumat azadlığının, eləcə də plüralizmin təmin edilməsilə bağlı idi. Elə bu məqsədlə də qanunvericilik bazası yaradıldı, beynəlxalq konvesiyalar ratifikasiya edildi. Ən əsası isə senzura ləğv edildi ki, bununla da azad söz, müstəqil fikirin inkaişafına şərait yaradıldı. Baxmayaraq ki, müstəqilliyin ilk illərində Azərbaycan məkirli qonşu dövlətin torpaq iddiası ilə üzləşmişdi, üstəlik ölkə daxilində anarxiya hökm sürürdü, xarici təhdidlər isə daimi xarakter almışdı. Konkret olaraq xarici dairələr məqsədli şəkildə Azərbaycanın ictimai rəyinə, daxili və xarici siyasətinə təsir göstərmək məqsədilə çoxsaylı dini, ideoloji, informasiya və təbliğat rıçaqlarını işə salmışdı. Şübhəsiz ki, belə təxribatçı hərəkətlər ölkədaxili sabitliyin pozulmasına, mərkəzi hakimiyyətin cəmiyyət üzərindəki nəzarətinin itirilməsinə və daxili anarxiyanın yaranmasına yönəlmişdi. Belə bir şəraitdə söz və fikir azadlığının təmin olunması, plüralizmin inkişaf etdirilməsi ilə bağlı qərar qəbul edilməsi elə də asan məsələ deyildi. Lakin bütün çətinliklərə baxmayaraq, Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan dərhal sonra ölkəmizdə senzura ləğv edildi, azad söz, müstəqil fikir bərqərar olundu.

Etiraf ediməlidir ki, ölkəmizdə söz və mətbuat azadlığının həqiqi mənada təmin olunması heç şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni bir mərhələnin əsasını qoymuşdur. Müstəqil dövlətin ali rəhbəri kimi Heydər Əliyev Azərbaycan şəraitində medianın yeni tarixi rolunu və vəzifələrini müəyyənləşdirərək, onun inkişaf meyllərini dövlət himayəsi ilə əhatə etmişdir. Ümummilli liderin söz və mətbuat azadlığının təmin olunması istiqamətində atdığı ən mühüm və tarixi addım senzuranın ləğv edilməsi ilə bağlı oldu. Senzuranın ləğvi Azərbaycanda söz azadlığına möhtəşəm təkan verdi. Müstəqil media orqanlarının təsis edilməsinə törədilən əngəllərin aradan qaldırılması bu sahədə əməlli-başlı dirçəlişə səbəb oldu. Nəticədə Azərbaycanda söz və mətbuat azadlığı hər gün sürətlə inkişaf etdi. Müharibə şəraitində olan ölkədə söz və ifadə azadlığının təmin olunması və daha da inkişaf etdirilməsi məhz həmin ideyalar zəminində yaradılmışdı. Belə ki, sözgedən ideyalar əsasında dövlətin informasiya azadlığı və informasiya təhlükəsizliyi siyasətinin əsas vəzifələri, istiqamətləri, prioritetləri və resursları müəyyən edildi, nəzəri və praktiki əsasları yaradıldı. Azərbaycan hakimiyyəti bu istiqamətdə bir çox beynəlxalq təşkilatlarla və inkişaf etmiş demokratik ölkələrlə əməkdaşlıq edərək respublikada azad informasiya mühiti formalaşdırdı, ölkənin informasiya təhlükəsizliyinin təminatı mexanizmlərini bərqərar etdi.

Bu gün dünyada informasiya təhlükəsizliyinin təmin edilməsi, milli informasiyanın istehsalı, söz və ifadə asadlığının təmin olunması mühüm əhəmiyyət kəsb edən məsələlərdən hesab olunur. Bu baxımdan Azərbaycan mətbuatı informasiya mədəniyyətinin formalaşması, informasiya istehsalı və dağıdılması, eləcə də ümumi tərəqqinin təmin edilməsi işində  önəmli rol oynayır. Məhz bu səbədən medianın inkişafı, bu sahədə islahatların aparılması mütəmadi xarakter daşıyır. Sirr deyil ki, Azərbaycan mediası dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunub, medianın inkişafına hərtərəfli dəstək göstərilir. Buna baxmayaraq ümumi dövlət təhlükəsizliyinin önəmli tərkib hissəsi kimi cəmiyyətin informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində  islahatlar labüddür. Elə yeni hazırlanan "Media haqqında" qanun da bu amala xidmət edir. Təsadüdi deyil ki, mütəxəssislər "Media haqqında" qanunun qəbulunu Azərbaycan mediasında yeni mərhələ kimi dəyərlənririrlər. Çünki, sözügedən qanunda əksini tapmış müddəalar medianın inkişafı üçün yeni imkan və prespektivlər vəd edir.

Məlumat üçün qeyd edək ki, Azərbaycan insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və  sazişlərə qoşulub. Ölkəmizdə kütləvi informasiya vasitələri demokratiya və aşkarlığın mühüm vasitəsi hesab olunur. Azərbaycan dövləti medianın müstəqil qurulması, azad  fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görür. Məhz bunun nəticəsidir ki, hazırda ölkəmizdə yüzlərlə qazet və jurnal, onlarla radio və televiziya  şirkəti, çoxsaylı informasiya agentlikləri fəaliyyət göstərir. Onların böyük əksəriyyəti özəl qurumlara, ayrı-ayrı şəxslərə və müxtəlif mövqedə  duran siyasi və ictimai təşkilatlara məxsusdur. Kütləvi informasiya vasitələrində istənilən fikri demək, dövlət sirri təşkil etməyən istənilən  faktı açıqlamaq üçün qeyri-məhdud imkanlar vardır. Hazırda Azərbaycan mediası müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub-saxlanmasında və təbliğində, dövlətin informasiya təhlükəsizliyi siyasətinin ardıcıl gerçəkləşdirilməsində ona ayrılmış rolu məsuliyyətlə yerinə yetirməkdədir.

Fikir, söz və məlumat azadlığının, mətbuatın inkişafına dövlətin bilavasitə qayğısı və dəstəyi bu gün də davam etdirilir. Cəmiyyət bunu mətbuata göstərilən dövlət qayğısının ən müxtəlif təzahürlərində biri hesab edir.  Təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxışlarında jurnalist əməyini yüksək qiymətləndirdiyini bildirib. Etiraf etmək lazmdır ki, fikir, söz və məlumat azadlığının, ölkədə mətbuatın üstün səviyyəsi, bu sahəyə göstərilən diqqət və qayğı, şəxsən cənab Prezidentin mətbuata həssas münasibəti xarici mətbuatın da diqqətindən yayınmır. Söz və mətbuat azadlığını yüksək qiymətləndirən ölkə Prezidenti İlham Əliyev deyib: "Söz və mətbuat azadlığı demokratik cəmiyyətin prioritet dəyərlərindən biridir. Zəngin tarixi və mütərəqqi ənənələri olan Azərbaycan mətbuatı ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiya və siyasi plüralizmin mühüm vasitəsi kimi çıxış edir. Cəmiyyətdə aşkarlığın və şəffaflığın təmin edilməsində, aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında, sosial ədalət prinsiplərinin müdafiəsində Azərbaycan mətbuatının rolu xüsusi qeyd olunmalıdır".

Artıq qətiyyətlə demək olar ki, Azərbaycan söz və məlumat azadlığının təmin olunması, medianın inkişaf etdirilməsi istiqamətində görülən işlərdə nəinki Qafqazda liderdir, bütün dünyada ön sıralardadır. Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir. Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, televiziya və radiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkədə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Artıq kütləvi informasiya vasitələri də məhz bu imkanlardan yararlanaraq öz müstəqil, azad fəaliyyətlərini davam etdirir, dövlətçilik, milli maraqlar prizmasından çıxış edirlər.

Alim Hüseynli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31