Azərbaycan Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti nəticəsində ən yüksək uğurlar əldə edib
14 Aprel 2023 10:43 Siyasət11 aprel 2018-ci il növbədənkənar Prezident seçkilərindən 5 il ötür. Növbədənkənar Prezident seçkilərində cənab İlham Əliyev səslərin 86,02%-ni toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Əlbəttə ki, bu Prezident seçkilərinin ötən seçkilərdən əsas fərqi o idi ki, bu dəfə seçilən namizəd Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini 7 il müddətinə həyata keçirəcək. Məs buna görə də, Azərbaycan xalqı yenə də ən güvəndiyi namizədinə səs verdi. Millət vəkili Tamam Cəfərova deyib ki, ötən 5 ildə Prezident İlham Əliyev öz fəaliyyəti ilə hər birimizə göstərdi ki, Azərbaycan xalqı seçimində haqlıdır: "Cənab Prezident İlham Əliyev aprel ayının 18-dəki andiçmə mərasimində gələcək 7 ildə həm beynəlxalq sahədə, həm bölgələrimizin möhkəmləndirilməsi, həm də siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı məsələlərin dövlətin siyasətinin prioritet istiqamətlərini təşkil edəcəyini demişdi. Bunlarla yanaşı, korrupsiya qarşı mübarizənin daha gücləndiriləcəyi, xalqın sosial vəziyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılacağını, dövlət quruculuğu və kadr siyasəti sahəsində köklü islahatların aparılacağını da qeyd etmişdi. Ötən 5 il onu deməyə əsas verir ki, cənab Prezident İlham Əliyev hər zaman olduğu kimi Azərbaycan xalqına verdiyi vədləri sonuna qədər yerinə yetirməyə qadir, güclü bir Liderdir. Cənab Prezidentin ötən 10 illik fəaliyyətində təqdirəlayiq bir neçə məqamı da vurğulamalıyıq. 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və "Vətən müharibəsi" olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Ölkənin tarixi ərazi bütövlüyünün bərpası iqtisadiyyatın perspektiv inkişafı ideyalarının reallaşmasına zəmin yaratmışdır. Rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası xalqımızın çoxəsrlik tarixində misilsiz nailiyyətdir. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi 30 illik dövr ərzində Azərbaycan dövlətinin daha da güclənməsi üçün aparılan uğurlu islahatların və uzaqgörən xarici siyasətin məntiqi nəticəsidir". Milli Məclisin deputatı Kamaləddin Qafarov bildirib ki, 2018-ci ildə keçirilmiş növbədənkənar Prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir: "Prezident İlham Əliyevin rəhbərliyi altında 2003-cü ildən bəri uğurla həyata keçirilən düşünülmüş balanslı xarici siyasət sayəsində 2018-ci ilədək artıq bir çox yüksək nəticələr əldə olunmuşdu. Azərbaycanın BMT, Avropa Şurası, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşmasına nail olması üçün münbit şərait yaranmışdı. Seçkilərdə iştirak edən vətəndaşların mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi, birmənalı olaraq xalqın bütün radikal qüvvələrə verdiyi "yox" cavabı idi. Azərbaycan xalqı 2018-ci ildə bir daha bəyan etdi ki, bu qüvvələrin Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Seçkilərin nəticələri xalqın sarsılmaz iradəsini ifadə etmiş oldu. Bir sıra beynəlxalq təşkilatlar ölkəmizdə keçirilmiş növbədənkənar Prezident seçkilərinin nəticələrinin legitimliyini təsdiq etdilər. Bununla da 2018-ci il Prezident seçkiləri ölkəmizdə növbəti illərdə əldə olunacaq tarixi qələbələrin əsasını qoyan mühüm hadisələr sırasında ən önəmli yerlərdən birini tutmuş oldu". K.Qafarov vurğulayıb ki, ölkəmizin müstəqil xarici siyasət yürütməsinə imkan yaradan əsas amillərdən biri də iqtisadi inkişafın davamlı və dayanıqlı olmasıdır: "Möhtərəm dövlət başçımızın həyata keçirdiyi müstəqil xarici və daxili siyasətin ən əhəmiyyətli nəticələrindən biri kimi məhz Vətən müharibəsində əldə olunmuş möhtəşəm tarixi Qələbəmizi göstərmək lazımdır. 2020-ci ilin sentyabr ayında dövlətimiz beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutaraq öz ərazilərini azad etmək hüququndan istifadə etdi və Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində genişmiqyaslı əks-hücum əməliyyatları böyük uğurla həyata keçirildi. Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərlə torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü düşünülmüş praqmatik xarici siyasət sayəsində bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır. Bu gün ölkə ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son bir neçə ildə həyata keçirilən, ölkəmizdə milli və siyasi həmrəylik mühitinin formalaşmasına xidmət edən mütərəqqi təşəbbüslərinin müsbət nəticələrini müşahidə etməkdədir. Siyasi sabitliyə, etibarlı münasibətlərə və davamlı inkişafa xidmət edən bu təşəbbüslər milli həmrəyliyin, xalq-hakimiyyət birliyinin əsl təcəssümünə çevrilib".
Alim