Beynəlxalq təşkilatların ermənilərin ekoloji terror siyasətinə qiymət verməməsi ikili standartların təzahürüdür
7 Aprel 2023 11:06 Siyasətİstiqamət: Ekologiya və ətraf mühitin mühafizəsi
Müharibə və digər bu kimi silahlı qarşıdurmaların artdığı, təbii fəlakətlırin çoxaldığı dünyada ekologiya və ətraf mühitin qorunması, mühafizə edilməsi günün ən aktual məsələlərindən biridir. Xüsusilə, qlobal istiləşmənin getdiyi bir vaxtda hər bir kəs ekologiyanın, ətraf mühitin mühafizəsi, onun qorunmasına diqqət ayırmalıdır. Düzdür, bu istiqamətdə ayrı-ayrı dünya ölkələri təşəbbüskar qismində çıxış edib ekologiyanın qorunmasında maraqlı olduqları görüntüsü yaratsalar da, lakin bir çox hallarda ortaya qoyulan iradə, yaxud irəli sürülən təşəbbüs səmimiyyətdən kənar qalır. Bir tərəfdən ekologiyanın qorunması, təbiətin mühafizəsindən danışanlar, digər tərəfdən elə öz əməlləri, kütləvi insan tələfatına yol açan silahlar isyehsal etmək, onun satışını həyata keçirməklə ekologiyaya ən böyük, ən ciddi zərbəni vururlar. Eyni zamanda həmin dairələr siyasi məsələlərdə olduğu kimi, sosial, humanitar məsələırdə də ikili standartlardan çıxış edir, yalnız öz maraqlarına uyğun prosesləri dəstəkləyir, ona tərəfdaş çıxırlar. Necə ki, Ermənistanın Qarabağda uzun illər ərzində həyata keçirdiyi ekoloji terrorun fonunda bunu aydın görmək mümkündür.
Bildiyimiz kimi, Ermənistan 30 ilə yaxın Azərbaycan ərazilərini işğala məruz qoymaqla nəinki orada qeyri-qanuni məskunlaşma yaradıb, eyni zamanda bölgənin ekologiyasına, yeraltı və yerüstü sərvətinə ciddi ziyan vurnuşdu. Qalın, sıx meşələr erməni vandallığının qurbanına çevrilmiş, regionun təbii sərvətləri mənimsənilmiş, talan edilmişdi. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan ərazilərini işğaldan azad edərək bu ekoloji terrorun qarşısını qismən almağa nail olsa da, lakin hələ də Qarabağda qalan erməni separatçıları bu terroru davam etdirir. Təəssüf doğuran məqam ondan ibarətdir ki, Azərbaycan dövlətinin haqlı narahatçılığı və beynəlxalq təşkilatlara Qarabağda törədilən ekoloji terrora biganə qalmamaları ilə bağlı çağırışlarına dünya səssiz qalır. Bu da öz növbəsində ekoloji məsələdə belə dünya ölkələri, nüfuzlu beynəlxalq təşkilatların ikili standartlardan çıxış etdiyi reallığını ortaya qoyur. Elə hüquqşünas Əli İbrahimov da bu qənaətdədir. Əvvəlcə ekoloji terrorun mahiyyətinə diqqət çəkən hüquqşünas deyib ki, ekoloji terror - konkret ölkə və ya şəxs tərəfindən digər ölkənin flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə bilərəkdən vurulan ziyandır. Onun sözlərinə görə, ətraf mühitə və inkişafa dair Rio-de-Janeyro bəyannaməsinə görə, müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir: "Ona görə də dövlətlər silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər".

Əli İbrahimiv təəssüf hissi ilə qeyd edib ki, biz bu baxımdan bir sıra ölkələr tərəfindən beynəlxalq hüquqa əməl edilmədiyinin şahidi oluruq: "Bunu Ermənistanın timsalında da əyani olaraq görmək mümkündür. Təkcə, ekoloji yox, terrorun bütün növləri bəşəriyyət üçün çox təhlükəlidir. Xüsusilə, ekoloji terrorizm bütün planetimiz üçün böyük fəlakətlər gətirir. Təsəvvür edin, yaşıllıqların məhv edilməsi, suların çirkləndirilməsi, flora və faunanın məhv edilməsi - bütün canlılar üçün nə qədər ağır nəticələrə gətirib çıxarır. Ona görə də ekoloji terrorizm bütün Yer kürəsi üçün böyük təhlükədir2.
Hüquqşünas qeyd edib ki, ermənilər tərəfindən ekologiyaya və təbiətə qarşı törədilən həmin ağır cinayətlər ətraf mühit sahəsində mövcud olan "Bioloji Müxtəliflik", "Ramsar" və "Bern" beynəlxalq konvensiyalarının tələblərinin kobud surətdə pozulmasıdır: "Azərbaycan Ermənistanın ekoloji terror siyasəti ilə bağlı həm işğal dövründə, həm də işğaldan sonra müvafiq beynəlxalq təşkilatlara müraciətlər edib. Müvafiq beynəlxalq təşkilatların ermənilərin ekoloji terror siyasətinə hələ də qiymət verməməsi ikili standartların təzahürüdür. Amma bütün hallarda bu məsələ dövlətin daim diqqət mərkəzindədir. Rusiya sülhməramlıların məsuliyyət zonasında olan ərazilərimizdə monitorinqin aparılmasının nəzərdə tutulması da bu prosesin tərkib hissəsidir". Əli İbrahimovun sözlərinə görə, dövlətimiz imkan verməyəcək ki, Qarabağın təbii sərvətləri ermənilər tərəfindən talansın və ekologiyamıza ziyan vurulsun: "Azərbaycanın dövlət qurumlarının Qarabağda ekoloji vəziyyət və qızıl, dağ-mədən yataqları ilə bağlı monitorinqlərə başlayacağına dair xəbərlər Ermənistanı və Qarabağ separatçılarını ciddi təşvişə salıb. Onlar bu məsələni siyasiləşdirməyə çalışırlar. Guya Azərbaycanın Laçın dəhlizini bağladığını və digər cəfəng iddialar səsləndirirlər. Məqsəd isə beynəlxalq birliyi aldatmaqdır. Amma bütün bunların heç bir faydası yoxdur. İlk növbədə, ona görə ki, bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Eyni zamanda, biz öz torpaqlarımıza getmək üçün heç kimdən icazə almamalıyıq. Problem var və bu problemi araşdırmaq üçün müvafiq qurumlar Qarabağda monitorinq aparacaqlar".
Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir