Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir

İndiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün Qərbi Azərbaycan İcmasının həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edən və Qərbi Azərbaycan İcması tərəfindən 26 yanvar 2023-cü ildə qəbul edilmiş Qayıdış Konsepsiyası Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi tərəfindən BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayılıb. Beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanan, ədalətin və sülhün bərqərar olunmasına xidmət edən konsepsiyanın BMT-nin ən mötəbər orqanlarının gündəliyinin müəyyən bəndləri ilə əlaqələndirilməsi azərbaycanlıların öz evlərinə qayıtmasının təməl insan hüquqlarının qorunması, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması üçün zəruri olmasının beynəlxalq müstəvidə təsdiqidir.



Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlünün sözlərinə görə, bu qərbi azərbaycanlıların bu məsələsinə beynəlxalq tribunalardan verilən bir dəstəkdir:
"Biz bu məsələləri beynəlxalq platformada, beynəlxalq təşkilatların vasitəsilə, diplomatik yollarla həll etməyi nəzərdə tutmuşuq və çalışmalar da bu istiqamətdə gedir. Ermənilərdən fərqli olaraq biz öz dədə-baba torpaqlarımıza dinc yolla qayıtmaq üçün çalışırıq. Qərbi Azərbaycan İcmasının Qayıdış konsepsiyasında da bu məsələ əks olunub. Bu sənədin BMT sənədi kimi tanınması, yayılması da bizim bu məsələlərə olan böyük bir dəstək kimidir. Hesab edirəm ki, bu qərbi azərbaycanlıların bu məsələsinə beynəlxalq tribunalardan verilən bir dəstəkdir və gec-tez ermənilər bu məsələni etiraf etməlidirlər ki, azərbaycanlıların orda yaşayış hüququ var və bunu təmin etməlidirlər. Ermənistan bu məsələni təcavüz aktı kimi təqdim etmək istəyir. Düşünürəm ki, onların bu cəhdləri iflasa uğrayacaq və BMT-nin bu sənədi qəbul etməsi elə təsdiq edir ki, biz tələblərimizdə haqlıyıq, nəinki onların qoyduqları məsələ.
Düşünürəm ki, bu Azərbaycan dövlətinin Qərbi Azərbaycan İcmasına verdiyi dəstəyin və qərbi azərbaycanlıların təbii hüquqlarının təmin edilməsi üçün görülən bu gün beynəlxalq tribunalardan etiraf olunmasıdır və eyni zamanda, görülən işlərin də nəticəsidir. Belə deyək, bu istiqamətdə çalışmalarla biz Ermənistanı məcbur edə bilərik ki, onlar qərbi azərbaycanlıların pozulmuş hüquqlarını bərpa etsinlər, soydaşlarımız o ərazilərə qayıtsınlar, onların itirilmiş əmlakları və s. digər məsələlər təmin olunsun və onlar dinc, təhlükəsiz həmin ərazilərdə yaşaya bilsinlər. Mən hesab edirəm ki, bu istiqamətdə beynəlxalq tribunalardan, diplomatik imkanlardan istifadə edərək, biz azərbaycanlıların ora qayıdışını təmin edə biləcəyik. Bu sənədin BMT sənədi kimi qəbul edilib, yayılması da, bunun göstəricilərindən biridir".


 

Politoloq Samir Hümbətov bildirir ki, artıq Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyət tərəfindən diqqət mərkəzindədir:
"Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayması əslində proseslərin başlanğıcından xəbər verir. Yəni, artıq beynəlxalq səviyyəli bir sənəd kimi ortaya qoyulduğunu göstərir. Bu o deməkdir ki, deməli artıq Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyət tərəfindən diqqət mərkəzindədir.
Əlbəttə ki, burada bir neçə nüanslar var. Məsələn, belə deyək, bu icma hələ yeni formalaşan bir icmadır, yəni, daha mütəşəkkilliyi yeni formalaşıb və bu o deməkdir ki, qarşıdakı dövrdə bu icmanın fəaliyyəti daha səmərəli ola bilər. Beləliklə də, Qərbi Azərbaycan həqiqətləri, qərbi azərbaycanlıların öz doğma yurd-yuvalarından, yəni, Ermənistandan deportasiyası məsələsi beynəlxalq ictimaiyyət tərəfindən daha ətraflı şəkildə öyrənilə, araşdırıla bilər. Bu məsələ ilə bağlı ciddi reaksiyalar ola bilər. Hər halda, bu bir başlanğıcdır. Düşünürəm ki, bu başlanğıcın davam etdirilməsi və prosesin daha mütəşəkkil şəkildə aparılması lazımdır. Düşünürəm ki, biz təkcə BMT ilə məhdudlaşmamalıyıq. Həm də digər beynəlxalq və regional qurumlarda, təşkilatlarda da bu məsələnin daha geniş şəkildə müzakirəsinin həyata keçirilməsi istiqamətində çalışmaq lazımdır. Əgər bu olacaqsa, düşünürəm ki, qısa müddət ərzində biz daha müsbət, uğurlu nəticələr əldə edə bilərik.
Qaldı ki, Qərbi Azərbaycan İcmasının formalaşma və bir qurum kimi özünü daha da möhkəmləndirmə prosesinə, bu xüsusi önəm daşıyır. Çünki Qərbi Azərbaycan İcması təkcə əhalinin, yəni, qərbi azərbaycanlıların qaçqın düşdüyü yurd-yuvalarına qayıdışı deyil, eyni zamanda, həmin insanlar mədəni, tarixi kimliyinin bərpası istiqamətində də ciddi işlər görür. Düşünürəm ki, bölgə-bölgə tarixi faktların toplanması, adət-ənənələr, coğrafi adlar və s. ilə bağlı məsələlərin daha mütəşəkkil şəkildə həyata keçirilməsi həm də ondan xəbər verir ki, deməli, bu proses artıq planlı və məqsədyönlü şəkildə həyata keçirilir. Düşünürəm ki, nəticə uğurlu olacaq. Hər halda məsələ BMT səviyyəsinə çıxarılıbsa, deməli, uğurlu nəticə gözləməyə dəyər".
 

Politoloq Anar Əliyev də hesab edir ki, bu, Azərbaycanın haqq mübarizəsinə beynəlxalq səviyyədə verilən ən mühüm dəstəklərdən biridir:
"Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının dədə-baba yurdlarına, tarixi doğma torpaqlarımıza qayıdışla bağlı konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Bundan öncə də, cari ilin yanvar ayında Qərbi Azərbaycan İcmasının bəyanatını BMT-nin rəsmi sənədi kimi qəbul etmişdi. Hesab edirəm, bu, Azərbaycanın haqq mübarizəsinə beynəlxalq səviyyədə verilən ən mühüm dəstəklərdən biridir. Xüsusilə nəzərə alsaq ki, məhz Ermənistanın işğalçılıq, diskriminasiya, etnik təmizləmə siyasətinin nəticəsi olaraq ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq, qədim Azərbaycan torpaqları Qərbi Azərbaycan ərazilərindən azərbaycanlıların kütləvi surətdə deportasiya edilməsinə başlanılmışdı. Məhz Ermənistanın bu aqressiv, təcavüzkar siyasətinin nəticəsi olaraq yüzminlərlə insanlarımız dədə-baba yurdlarını tərk etməli oldu. Minlərlə insanlarımız öldürüldü, qətl edildi, işgəncələrə məruz qaldı. Bu insanların pozulmuş hüquqları illərlə Ermənistan və onun havadarlarının dəstəyi ilə təmin edilmədi. Məhz Ermənistana verilən dəstəyin nəticəsində yüzminlərlə Qərbi Azərbaycandan qovulan insanlarımızın, eyni zamanda, Ermənistanın Azərbaycana işğalçılıq siyasətinin nəticəsi olaraq Azərbaycanın Qarabağ bölgəsindən qovulmuş yüzminlərlə insanlarımızın elementar hüquqları pozuldu, onların mülkiyyəti əllərindən alındı. Həmin ərazilərdə qədim yaşayış məskənlərimiz məhv edildi, dağıdıldı. Tarixi, dini abidələrimiz yerlə yeksan edildi və məhz 2020-ci ilin sentyabr ayında Azərbaycan dövlətinin Ermənistanın bu təcavüzkar siyasətinə beynəlxalq ictimaiyyətin biganə yanaşmasının, işğalçılıq faktının davamlı təmin edilməsinə xidmət edən davranışlardan bezərək atdığı qətiyyətli addımın nəticəsi olaraq Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarıldı. Yüzminlərlə insanlarımızın doğma dədə-baba yurdlarına qayıtma şansı yarandı. Bu eyni zamanda, tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycan, indiki Ermənistan ərazilərindən qovulmuş insanlarımızın da öz ata-baba yurdlarına qayıtmaq şansını yaratdı. Belə bir şəraitdə məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin ortaya qoyduğu şəxsi siyasi iradə, eyni zamanda, dövlətimizin dəstəyi ilə qərbi azərbaycanlıların dədə-baba yurdlarına qayıdışı istiqamətində əməli addımların həyata keçirilməsinə başlanıldı. Və bu istiqamətdə ən mühüm addımlardan biri də tarixi faktlar əsasında həmin torpaqların azərbaycanlılara aid olduğunun toplanması və bu məlumatların dünya icyimaiyyətinə çatdırılması nəticə etibarilə insanlarımızın öz dədə-baba yurdlarına qayıdışının təmin olunması istiqamətində atılan addımlar idi. Bu addımlardan biri də, Qayıdış Konsepsiyasının qəbul edilməsi idi və hesab edirəm ki, bu çox mühüm və əhəmiyyətli sənədin həm də BMT tərəfindən rəsmi sənəd olaraq qəbul edilməsi azərbaycanlılar onillərlə pozulmuş hüquqlarının təmin olunmasına ciddi, həm də hüquqi baza formalaşdırmış, real şanslar yaratmış olacaqdır. Mən hesab edirəm ki, Azərbaycan dövlətinin, xalqının ortaya qoyduğu iradə, həyata keçirildiyi düşünülmüş ardıcıl fəaliyyət yaxın zamanlarda qərbi azərbaycanlı soydaşlarımızın da öz dədə-baba yurdlarına qayıdışına ciddi töhfələr vermiş olacaqdır. Amma eyni zamanda, mən bir məsələni də qeyd etmək istəyirəm, çox təəsüf ki, Ermənistanın işğal faktı davam etdiyi dövrlərdə beynəlxalq ictimaiyyət, təşkilatlar, güclər, başda da BMT olmaqla, bu işğal faktına göz yummağa, bunu görməzdən gəlməyə çalışırdılar və belə bir tendensiya təəsüf ki, beynəlxalq səviyyədə hüquqi nihilizmin baş alıb getdiyini göstərir. BMT kimi nüfuzlu bir təşkilatın artıq gözdən düşdüyünü, onun qərarlarının icra mexanizminin olmadığını, BMT-nin qərarlarının ayrı-ayrı dövlətlərə münasibətdə selektiv yanaşma nümayiş olunduğunu göstərir ki, bunlar da hüququn mahiyyətinə tamamilə ziddiyyət təşkil edir və əslində Azərbaycan xalqının iztirablarının, işğal faktının uzadılması ilə yanaşı həm də, həmin güclərin, beynəlxalq təşkilatların imicinə ciddi zərbələr vermiş oldu. Məhz belə davranışların nəticəsidir ki, bu gün artıq BMT dünya səviyyəsində ciddi bir təşkilat kimi qəbul olunmur. BMT-nin təhlükəsizlik şurasının tərkibinin və qəbul olunan qərarların icra mexanizminin dəyişdirilməsi istiqamətində təkliflər səslənir və belə əhəmiyyətli təkliflərdən birini də məhz Azərbaycan lideri Qoşulmama Hərəkatının rəhbəri olaraq səsləndirib. Mən hesab edirəm ki, qarşıdakı illərdə həm də bu istiqamətdə real addımların atılması ciddi zərurət kimi ortaya çıxıb və bu istiqamətdə qərarların qəbul edilməsi dünyanın bir çox bölgələrində hüquqları pozulmuş ayrı-ayrı xalqların, dövlətlərin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq hüquqlarının bərpa olunması ilə yanaşı paralel həm də, Qərbi Azərbaycan soydaşlarımızın öz dədə-baba yurdlarına qayıdışını və onların ləyaqətli, təhlükəsiz həyat yaşamalarına mümkün bütün şərtlərin formalaşdırılmasında vacib rol oynayacaqdır".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31