Azərbaycan nəinki dini problemlərin, hətta onlardan çıxış yolunun müzakirə edildiyi məkana çevrilib
17 Mart 2023 11:51 Siyasət"İslam qorxusu" mənasını verən İslamofobiya termin kimi İslamdan və müsəlmanlardan qorxmanı, çəkinməni ifadə edir. Bugün İslamofobiya deyildiyi zaman iki məsələ ortaya çıxır. Bunlar İslam dinini anlamaq və öyrənməkdən qaynaqlanan bir qorxu ilə bərabər, müsəlmanlara qarşı ayrı-seçkilik və düşmənçilik edilməsilə bağlıdır. Bu gün "islamofobiya" dedikdə həm islam qorxusu, həm də bu qorxudan doğan və bütün müsəlmanlara qarşı olan nifrət hissi nəzərdə tutulur. İslamafobiya əsassız mühakimə içində çırpınan insanların, aciz qalmış qara güruhların ortaya atmış olduğu bir düşüncə formasıdır. Bəzi Qərbi Avropa ölkələrində (Fransa, Almaniya, Böyük Britaniya, Belçika və s.) son onillikdə islamafobiya geniş yayılıb. Belə ideologiyanın dəstəklənməsi ekstremist qüvvələrin baş qaldırması və yayılmasına zəmin yaradır. Bu meyllərin genişlənməsinin əsas səbəblərindən biri həmin ölkələrdə dövlət tərəfindən açıq və ya gizli şəkildə müvafiq siyasətin yeridilməsidir. Belə ki, son illər bir sıra Avropa ölkələrində, irqi, milli və dini zəmində baş vermiş dəhşətli cinayətlər bu fikri bir daha təsdiqləmiş olur. Misal olaraq, Norveçdə Breyvik adlı şəxs, əsasən müsəlman olan, 69 gənc oglan və qızları vəhşicəsinə qətlə yetirib. Almaniyada ekstremist qrupları tərəfindən yerli türklərə qarşı mütəmadi terror aktları törədilir. 2014-cü ildə Macarıstanın baş naziri Viktor Orban çıxış edərək, Avropada multukulturalizm ideyasının yayılmasının əleyhinə olduğunu bildirib. Onun sözlərinə görə, miqrantlar avropalılar üçün təhlükələr və problemlər yaradırlar. V.Orban hesab edir ki, ölkəsində sayca gözə çarpan miqrantları görmək dözülməzdir. Hazırda isə müsəlmanlara qarşı nifrət toxumu səpilməsində Fransanın lokomativ rol oynaması sirr deyil.
Sadalanan faktlar qətiyyətlə deməyə əminlik yaradır ki, İslamofobiya, əsasən Qərb ölkələrində yayılmış bir ideologiyadır. Bugün də Avropa və Amerikada yaşayan müsəlmanların əksəriyyəti öz canlarının daim təhlükə altında olduqlarını qeyd edirlər. Təbii ki, bunda Qərb dünyasında nəşr edilən qəzet və jurnalların, televiziya və radio proqramlarının, eləcə də, internet vasitəsilə yayımlanan bir çox məlumatların və saytların rolu danılmazdır. Kütləvi İnformasiya Vasitələri ilə yanaşı bir sıra təəssübkeş və tolerantlıqdan kənar "siyasi xadimlərin", politoloq və ictimai xadimlərin İslamın və müsəlmanların əleyhinə edilən çıxışları da gözardı edilməməlidir. Bütün bu baş verən neqativ halların fonunda müsəlmanların cəmiyyətdən xaric edilməsinə və onlara qarşı baş qaldıran nifrət hissinə nəyin səbəb olması gün kimi aydındır.
Avropa ölkələrindən fərqli olaraq Azərbaycanda milli və dini azadlığın inkişafı üçün hər bir şərait yaradılıb. Ölkəmizdə, hər bir islam və digər dini icmalar, qanunvericilik çərçivəsində, sərbəst qeydiyyatdan keçmək və fəaliyyət göstərrmək imkanına malikdir. Avropada islamafobiya meyllərinin baş qardırdığı, Yaxın Şərqdə məzhəblərarası qarşıdurmanın çoxaldığı vaxtda, ölkəmizdə milli və dini tolerantlığın inkişaf etməsi sevindirici haldır. 2016-cı ilin də "Multikulturalizm ili" elan edilməsi də, bu baxımdan heç də təsadüfi deyil. Bugün ölkəmizdə bütün dinlərin və millətlərin nümayəndələri mehriban, sərbəst şəkildə yaşayırlar. Ölkədə xeyli sayda islam və qeyri-islam təmayüllü dini icma, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. Bütün bunlar ölkədə hökm sürən tolerantlığın bariz nümunəsidir. Məhz bu kimi amillər Azərbaycanın İslamafobiya meyillərinin müzakirə edildiyi məkana çevirir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə martın 15-də Bakıda keçirilən "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfrans da buna bariz nümunədir. Yeri gəlmişkən qeyd edk ki, beynəlxalq konfransda aralıq sessiyalardan biri "Fransada islamofobiya" mövzusuna həsr olunub. Çünki, hazırda Fransa müsəlmanalara qarşı ayrıseçkiliyi ilə seçilən "lider" dövlətə çevrilib. Belə ki, bu ölkənin əhalisinin 9 faizi müsəlmanlardır. 2020-ci ildən Fransada 89 məscid, 650-yə yaxın ibadət yeri bağlanıb, iki imam deportasiya edilib. Fransa hakimiyyəti 1989-cu ildən başlayaraq, müsəlman əhalisi çox olan şəhərlərdə özlərinin icmalarını yaratmağa başlayıblar. Bu, məhdudlaşdırma siyasətinin bir parçası kimi qəbul olunmalıdır. Etiraf edilməlidir ki, Fransada məktəblərdə hicaba qarşı qadağa patriarxat bir qərardır. Məsələ orasındadır ki, Fransa Prezidenti Emmanuel Makronun hakimiyyəti dövründə bu ölkədə islamofobiya daha da artıb.
Elə tədbir iştirakçıları da eyni fikri inkişaf etdiriblər. Məsələn, Belçikanın Avropa İnkişaf və Tədqiqatlar Akademiyasının direktoru Brahim Laituss müsəlmanlara qarşı ayrı-seçkiliyin avropalılara da təsir etdiyini deyib. Bildirib ki, bu, Avropa üçün təhlükəsizlik baxımından çox vacib məsələdir. O, eyni zamanda qeyd edib ki, islamofobiyanın geniş vüsət almasında İslam dini ilə bağlı etibarlı məlumatların çatışmazlığının da böyük rolu vardır. Alimlər elmi tədqiqatlar zamanı İslam dini ilə bağlı axtarış apararkən müxtəlif saytlarda çoxsaylı fərqli məlumatlar ortaya çıxır. Bu da həqiqət axtarışında çətinliklər yaradır. Politoloq və ərəbşünas, Elmi Araşdırmalar üzrə Fransa Milli Mərkəzində fəxri baş elmi işçi Fransua Burqat bildirib ki, Fransa artıq xristian cəmiyyəti deyil, xristianlıqdan azad edilən cəmiyyətdir. Fransada siz öz inancınıza məxsus hansısa atributla gəzsəniz, bu, qeyri-qanuni hesab olunacaq. Onun sözlərinə görə, Fransada olan islamofobiyanın digər bir səbəbi "Fransa üslublu dünyəvilik"dir: "Fransa cəmiyyəti dövlət islamofobiyasına doğru gedir. On il əvvəl müsəlmanlarla bağlı kiçik bir mübahisə olardısa, o kriminallaşdırılardı. Artıq Fransa hökuməti hərəkətləri yox, düşüncələri kriminallaşdırır. Müsəlman vətəndaşların fikirləri kriminallaşdırılır". Tarixçi, "İslamofobiya lüğəti" kitabının müəllifi Kamil Meziti qeyd edib ki, Fransa son 10 il ərzində klassik irqçilikdən qanuni irqçiliyə gəlib çıxıb. Bu ölkədə Fransa Respublikası dəyərlərinə xas olmayan proseslər baş verməyə başlayıb. Fransada müsəlmanlar üçün mühitin yaxşı olmadığını bildirən Kamil Meziti deyib: "Onlar deyir ki, müsəlmanlar Fransa cəmiyyətini zəbt edib. Müsəlmanları, eyni zamanda, potensial terrorçu kimi görür, terrorçularla eyniləşdirirlər. Terror aktları baş verdikdə müsəlmanlara işarə edilməməlidir. Nəyə görə birinci müsəlmanlar haqqında düşünülür? Biz birlikdə yaşayırıq. Hamımız birlikdə islamofobiyaya qarşı mübarizə aparmalıyıq". Göründüyü kimi Azərbaycan nəinki dini problemlərin, hətta onlardan çıxış yolunun müzakirə edildiyi, təşəbbüslərin irəli sürüldüyü bir məkana çevrilib. Azərbaycandan verilən mesajlar hər bir Avropa dövləti üçün örnək olmalı, milli, dini, irqi arıseçkiliyə son qoyulmalıdır.
Alim