İranın Azərbaycan siyasətinə yenidən dəyişiklik, korrektələr etməsi lazımdır

Dünya gündəmini zəbt edən və zaman-zaman davam etməkdə olan iğtişaşlar İran hakimiyyətinin əsl üzünü bütün dünyaya göstərməyə davam edir. İranda iğtişaşların səbəbləri, vətəndaşları bu mərhələyə gətirən proseslər, İranın Azərbaycan siyasəti barədə politoloq Samir Hümbətovla həmsöhbət olduq.

- Güney Azərbaycanda zaman-zaman baş verən bir sıra iğtişaşların ümumi tarixi haqqında nə deyə bilərsiniz?

- Güney Azərbaycanda baş verən iğtişaşların tarixcəsi çox genişdir və olduqca böyükdür. Hətta deyərdim ki, XIX əsrin sonu, XX əsrin əvvəllərindən başlayaraq dünya azərbaycanlılarına müxtəlif iğtişaşlar, inqilablar baş vermişdir. Hətta Səttarxan, Bağır xandan başlayaraq, Seyid Cəfər Pişəvəridən bu tərəfə bu iğtişaşlar davam etmişdir. Təbii ki, burada bir sıra məqamlar xüsusilə qeyd edilməlidir. Əlbəttə, Cənubi Azərbaycan türklərinin əsas istək və arzuları ondan ibarət olub ki, birinci azadlıqlarını əldə etsinlər. Çünki hətta 1925-ci ildə Qacarlar imperiyasının süqutundan sonra Rza şah Pəhləvinin hakimiyyətə gəlməsi əslində Güney Azərbaycan türklərinin səsini boğmağa başlanılması kimi dəyərləndirilə bilər və Güney Azərbaycan türklərinin mədəniyyətini sıxmağa başladılar. Hesab edirəm ki, o dövrdən başlayaraq, həm dil, həm mədəniyyət, etnik kimlik məsələsində güney azərbaycanlılar artıq onlara qarşı davam edən istibdad rejiminə bir növ etirazını zaman-zaman açıq şəkildə bildirdilər. Bu  hətta deyərdim ki, XX əsrin 60-cı, 80-ci, 90-cı illərində də, 2000-ci illərin əvvəllərində də olub. Yəni zaman-zaman təqribən eyni tipli irili-xırdalı belə hadisələr baş verib, iğtişaşlar olub və İran molla rejimi tərəfindən, istərsə də, şahlıq rejimi tərəfindən amansızlıqla basdırılıb. Hesab edirəm ki, sonuncu baş verən etiraz mitinqləri də əslində bir növ həmin baş verənlərin məntiqi ardıcıllığı kimi dəyərləndirilə bilər.

- Necə düşünürsünüz, sizcə, İranda baş verən iğtişaşlarda səngimə var?

- Mən düşünmürəm ki, İranda baş verən iğtişaşlar tam şəkildə səngiyib. Sadəcə olaraq, müəyyən bir məhdud lokallaşdırılmış formada davam edir və əslində İran hakimiyyəti bütün gücü ilə özünə tabe olan media vasitəsilə bu iğtişaşların geniş miqyasa yayılmasının qarşısını almağa, onu basdırmağa çalışır. Beynəlxalq ictimaiyyətə səslənməməsi üçün bütün imkanlardan istifadə edir. Ümumi götürdükdə iğtişaşlar davam edir. Amma səngimənin də digər bir səbəbi ondan ibarətdir ki, adətən belə iğtişaşlar baş verdikdə, bütün tərəflər eyni qaydada iştirak etmədiyi halda, adətən görürük ki, elə etiraz aksiyaları tam uğurlu nəticə vermir və eyni zamanda, kənardan xarici dəstəyin olması da bu prosesləri ləngidən amillər kimi dəyərləndirilə bilər. Bu baxımdan hesab edirəm ki, indiki məqamda kənar dəstəyin yetərlicə olmaması və eyni zamanda, daxildə bütün etnik qrupların tam şəkildə bu iğtişaşlara meyilli olmaması proseslərin bir az ləngidilməsinə gətirib çıxarır.

- Sizcə, İranın öz maliyyə vəsaitini xarici qruplara ayırması iğtişaşların şiddətlənməsində rol oynayırmı? İğtişaşların bir də nə zaman yenidən şiddətlənməsi ehtimalı var?

Fikrimcə, İranın indiki vəziyyətdə qarşılaşdığı beynəlxalq situasiya, vəziyyət əslində yaxın zamanlarda yenidən belə etiraz aksiyalarının baş vermə ehtimalını gündəmə gətirir. Çünki İran beynəlxalq təzyiqlə üz-üzədir və sanksiyaların tətbiq edilməsi İran daxilində sosial-iqtisadi vəziyyətin ağırlığı, insan haqlarının bu şəkildə pozulması, İranın əlinə gələn maliyyə vəsaitlərinin xüsusi qruplara, yəni, İrandan xaricdə yaşayan və molla rejiminin fars-şovinizm siyasətinin təbliğinə yönəlmiş qruplara ayrılması əslində əhali arasında gərgin vəziyyət yaradır, sosial-iqtisadi vəziyyətin daha da ağırlaşmasına gətirib çıxarır. Bu da onu göstərir ki, deməli beynəlxalq sosial-iqtisadi vəziyyətin ağır olması, demoqrafik vəziyyətin dəyişməsi, məsələn, deyək ki, xırda əyalətlərdən insanların Tehran və ətrafına və digər böyük şəhərlərin ətrafına toplanması və s. bunlar hamısı əslində növbəti mərhələdə yenidən belə deyək, gərgin vəziyyətin yaranacağına, hətta deyərdim ki, bundan da böyük iğtişaşların baş verəcəyinə siqnal kimi dəyərləndirilir. Bu baxımdan düşünürəm ki, konkret vaxt demək o qədər də, mümkün olmasa da, amma düşünürəm ki, yaxın zamanlarda yenidən İran daxilində etiraz aksiyalarının daha da güclənəcəyi və hətta deyərdim ki, indikindən daha böyük miqyas ala biləcəyi ehtimalı var.

- Azərbaycan-İran münasibətlərinin yumşalması üçün hansı tərəf addımlar atmalıdır?

- Nəinki 44 günlük müharibədə, Birinci Qarabağ Savaşı və ondan sonrakı mərhələdə İranın dəfələrlə Azərbaycana qarşı anti-Azərbaycan siyasətinin və Azərbaycana qarşı çirkin kompaniyaların şahidi olmuşuq. Azərbaycan daxilində özünə sadiq agent şəbəkəsi vasitəsilə də İran müxtəlif təxribatlar törədib. Hətta 2000-ci illərin əvvəllərində yadınızdadırsa, İranın döyüş təyyarələri Azərbaycanın hava məkanını pozmuşdu və türk şahinləri ola biləcək təxribatların qarşısını almışdı. Amma zaman-zaman biz İrandan Azərbaycanla bağlı təxribat yönümlü açıqlamaların şahidi olmuşuq. Hətta İranda Azərbaycanı Azərbaycan dövləti kimi tanımaq istəmirlər, bəzi dairələrdə, öz sosial şəbəkələrində Azərbaycanı Bakı Respublikası, Şimali İran və Aran əyaləti və s. kimi təqdim edirlər. Bunun qarşılığında isə Ermənistan ilə münasibətlərin dərinləşməsinə xüsusi diqqət yetirirlər. Bu baxımdan hesab edirəm ki, İran özü gərginliyi artırıb. İkinci Qarabağ Müharibəsində Rusiya silah-sursat və hərbi texnikasının İran üzərindən Ermənistana ötürülməsini də görmüşük, ondan sonrakı dövrdə Azərbaycanla sərhəddə keçirdiyi təlimləri də görmüşük. Eyni zamanda, İran dövlət nömrə nişanlı maşınların Azərbaycanın icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə gəldiyini də görmüşük. Bu təxribatlar çox olub və bu baş verənlərin İran tərəfindən qaynaqlandığını nəzərə alsaq, deyə bilərəm ki, tərəflər arasında münasibətlərin yumşalması və yaxud da normallaşması üçün addım atacaq tərəf İran tərəfidir. Əgər normal bir mövqe tutacaqsa, Azərbaycana qarşı qərəzli, düşmənçilik mövqeyindən əl çəkəcəksə və bununla bağlı real, praktik şəkildə addımlar atacaqsa, Azərbaycan da buna uyğun müvafiq olaraq münasibətləri nəzərdən keçirəcək. Bu baxımdan düşünürəm ki, əgər bu olmayacaqsa, təbii ki, gərgin münasibətlərin davam etməsi ehtimalı daha çoxdur. Düşünürəm ki, İranın Azərbaycan siyasətinə yenidən dəyişiklik, korrektələr etməsi lazımdır. Ümumiyyətlə Azərbaycanla bağlı siyasətində İranın normal qonşuluq münasibətlərinə söykənən konsepsiyalar qəbul etməsi gərəkdir ki, bu da ikili münasibətlərin gələcək taleyinə ciddi təsir edəcək.

- Azərbaycan dövləti güneydə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi istiqamətində bu günə qədər hansı addımlar atıb və bundan sonra hansı addımlar atılmalıdır?

- Güney azərbaycanlıların hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan hökuməti dəfələrlə, xüsusilə son dövrə qədər xüsusi çağırışlar edib, onların hüquqlarının müdafiə edilməsi məsələsini gündəmə gətirib. Düzdür, İran dövləti, Tehran rejimi bu məsələni bir az qulaq ardına vurmağa çalışır. Amma Azərbaycan dövləti üçün bu məsələ xüsusən prioritet təşkil edir. İstər Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türk Dövlətlər Təşkilatının baş katibi ilə görüşündə, istər Türk Dövlətlər Təşkilatının Özbəkistanda keçirilən sammitində, istərsə də digər önəmli mötəbər beynəlxalq tədbirlərdə Azərbaycan Prezidenti tərəfindən, eyni zamanda, Azərbaycanın digər dövlət rəsmiləri tərəfindən Güney Azərbaycanla və orada yaşayan Güney Azərbaycan türklərinin hüquqlarının müdafiəsi ilə bağlı məsələlər xüsusilə gündəmə gətirilib. Azərbaycan dövləti orada yaşayan Güney Azərbaycan türklərini öz hüquqları və eyni zamanda, dil məsələsi ilə bağlı, xüsusilə də tarix və milli kimliklə bağlı məsələləri ciddi narahatlıqla qarşıladığını ifadə edir və İran dövlətinin Tehran rejiminin bu məsələdə konstruktiv mövqe tutması önəmlidir.
Baxın, son dövrlər, xüsusilə də yanvar ayının 27-də İranın paytaxtı Tehranda Azərbaycan səfirliyinə edilən hücum nəticəsində Azərbaycan səfirliyinin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərovun şəhid edilməsi əslində İranın Azərbaycanla münasibətlərinin düzəlməsinə o qədər də maraqlı olmadığını və yaxud da Azərbaycana qarşı guya öz aləmində ciddi bir mesaj verməsi kimi dəyərləndirilə bilər. Bu baxımdan hesab edirəm ki, Azərbaycanın orada səfirliyinin fəaliyyəti müvəqqəti olaraq dayandırılsa belə, Təbrizdə konsulluğun fəaliyyətini saxlaması, yəni, fəaliyyət göstərməsini davam etdirməsi əslində İran dövlətinə bir mesajdır ki, biz Güney Azərbaycan türkləri ilə bağlı məsələdə biganə qalmayacağıq və onların hüquqlarının qorunması ilə bağlı addımlar atılmasının tərəfdarıyıq, bu məsələdə qəti israr edirik.
Bu baxımdan düşünürəm ki, İran-Azərbaycan münasibətlərinin yumşalması üçün İranın həm də Güney Azərbaycanla, Gübey Azərbaycan türkləri ilə bağlı məsələyə yenidən baxması və onların hüquqlarının bərpa olunması istiqamətində addımlar atması olduqca önəmlidir. Bəli, bu qeyd olunan məsələlər İran tərəfindən nəzərə alınaraq həyata keçiriləcəksə, hesab edirəm ki, kifayət qədər bu məsələdə uğur əldə etmək mümkündür. Yəni ki, dövlətlər arasında əbədi düşmənçilik də, əbədi dostluq da yoxdur. Təbii ki, dövlətlər arasında maraqlar üzərinə addımlar atılır və bizim üçün də burda önəmli olan əlbəttə ki, öz Cənubi Azərbaycan soydaşlarımızın haqq və hüquqlarının qorunmasıdır. Əgər bunu edəcəksə, təbii ki, eyni zamanda Azərbaycanla bağlı siyasətində düzəlişlər edəcəksə, bizim İranla münasibətlərimizin normallaşması mümkündür. Əgər etməyəcəksə, yenə də gərginliklər artan xətt üzrə davam edə bilər.

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31