Milli Məclis Ombudsmanın illik məruzəsini qəbul edib
7 Mart 2023 12:21 SiyasətMilli Məclis Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsini qəbul edib. "Olaylar"ın xəbərinə görə, məruzə müzakirə edildikdən sonra səsverməyə çıxarılıb. Səsvermə nəticəsində məruzə qəbul olunub. Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında bir sıra təkliflərlə çıxış edib. S.Əliyeva orta məktəblərdə şagird sayına uyğun müəyyən edilən mövcud psixoloq ştatlarının artırılması, peşəkar və ixtisaslaşmış psixoloqların cəlb edilməsi təklifini irəli sürüb. Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qəbul komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayan və sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına qanunla qadağa qoyulması da Ombudsman tərəfindən təklif olunub.
Ombudsman qeyd edib ki, vətəndaşların layiqli həyat səviyyəsinin və rifah halının yüksəldilməsi məqsədilə onların məşğulluğunun təmin edilməsinə diqqətin artırılması olduqca əhəmiyyətlidir. "Məşğulluq" altsistemindəki vakansiya bankından münasib işlər təklif olunmuş və barəsində elektron göndəriş formalaşdırılmış vətəndaşlar bir çox hallarda həmin göndərişin verildiyi müəssisələrə müraciət edərkən müvafiq ştat vahidinin vakant olmadığı əsas gətirilərək imtina cavabı alırlar ki, bu da əsaslı şikayətlərə səbəb olur.
Odur ki, məşğulluq orqanları vətəndaşın işlə təmin edilməsi prosesini nəzarətdə saxlamalı, vakant iş yerləri ilə bağlı işəgötürənlər tərəfindən təqdim edilən məlumatların formal xarakter daşımasının qarşısı alınmalı, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər edilməli, vətəndaşlara verilən imtina cavablarının səbəbləri araşdırılaraq nəticəsindən asılı olaraq ciddi tədbirlər görülməlidir.