Azərbaycan və Türkmənistan Avropa qaz bazarında rəqib deyil, tərəfdaş ola bilər-ÖZƏL
16:11 İqtisadiyyat"Türkmənistan qazının Avropa bazarına çıxarılması ilk növbədə Azərbaycan üçün həm rəqabət, həm də əməkdaşlıq imkanları yaradır. Burada əsas məsələ Türkmənistan qazının hansı marşrutla Avropaya çatdırılmasıdır. Əgər bu proses Xəzər dənizinin dibi ilə çəkiləcək boru kəməri vasitəsilə həyata keçirilərsə, Azərbaycan tranzit ölkə kimi mühüm rol oynaya bilər. Bu, ölkəmizə əlavə tranzit gəlirləri qazandırmaqla yanaşı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyətini də artıra bilər".
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlamasında söyləyib:
"Digər tərəfdən, Türkmənistan qazının Avropa bazarına daxil olması müəyyən mənada Azərbaycan qazı üçün rəqabət yaradacaq. Çünki Avropa ölkələri daha çox təchizat mənbəyinə malik olduqda qaz alışı zamanı alternativ imkanları genişlənir. Lakin bunu Azərbaycan üçün ciddi təhlükə hesab etmək düzgün olmaz. Avropanın qaz tələbatı və Rusiyadan enerji asılılığını azaltmaq siyasəti nəzərə alınarsa, əlavə qaz mənbələrinə ehtiyac qalır. Bu baxımdan, Azərbaycan və Türkmənistanın Avropa bazarına bir-birini sıxışdıran rəqiblər kimi deyil, əməkdaşlıq edən tərəflər kimi çıxış etməsi daha məqsədəuyğundur.
Xəzər dənizinin dibi ilə qaz kəmərinin çəkilməsi texniki baxımdan mümkündür, lakin bunun iqtisadi və siyasi tərəfləri də var. Belə bir layihə böyük maliyyə vəsaiti, beynəlxalq razılaşmalar və uzunmüddətli qaz alqı-satqısı müqavilələri tələb edir. Xüsusilə Xəzərin hüquqi statusu ilə bağlı məsələlər, sahilyanı ölkələrin mövqeyi və layihənin maliyyələşdirilməsi nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan üzərindən Türkiyəyə və oradan Avropaya uzanan mövcud qaz infrastrukturu bu layihənin reallaşmasında mühüm üstünlük yarada bilər.
Mən hesab edirəm ki, Türkmənistan qazının Avropaya nəqli baş tutarsa, bu, Cənubi Qafqazın enerji xəritəsində ciddi dəyişikliklərə səbəb ola bilər. Azərbaycan təkcə öz qazını ixrac edən ölkə deyil, həm də Xəzər hövzəsinin digər enerji resurslarının dünya bazarlarına çıxarılmasında əsas tranzit mərkəzlərindən birinə çevrilə bilər. Bu isə ölkəmizin geosiyasi və iqtisadi əhəmiyyətini daha da artırar".
Zeynəb Mustafazadə