Rusiya sülhməramlıları ya öz missiyalarını yerinə yetirməli, ya da...- ÖZƏL
7 Mart 2023 11:47 Siyasət"Son erməni təxribatları bir daha sübut etdi ki, üçtərəfli bəyanata Ermənistanla yanaşı, Rusiyanın özü də əməl etmir. Əks təqdirdə Rusiyanın sülhməramlı missiyası, eləcə də onun tabe olduğu bu ölkənin Müdafiə Nazirliyi yalan məlumat yaymaz, riyakarlıq etməzdi". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı bu günlərdə Azərbaycan hərbiçilərinə atəş açan qeyri-qanuni erməni silahlılarını sülhməramlıların mülki polis kimi təqdim etməsinə münasibət bildirərkən səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, Rusiya sülhməramlılarının bütün fəaliyyəti Qarabağdakı separatçıları himayə etmək, onların silahlanması, yenidən Azərbaycana qarşı təhlükə mənbəyinə çevrilməsinə şərait yaratmaqdır: "Ona görə də hesab edirəm ki, artıq Rusiya dövləti, eləcə də onun himayəsində mövcud olan sülhməramlılar qarşısında ciddi tələb qoyulmalıdır. Ya öz missiyalarını üçtərəfli bəyanata uyğun olaraq yerinə yetirməlidirlər, ya da Azərbaycan ərazilərindən çıxıb getməlidirlər. Öz missiyaları isə ondan ibarətdir ki, Qarabağdakı qeyri-qanuni erməni silahlılarını tərkisilah etmək, onların qeyri-qanuni əməllərinin qarşısını almaqdır. Ancaq biz bunun tamamilə əskini görürük. Rusiya sülhməramlıları da separatçılarla eyni mövqedən çıxış edib təxribatlara şərik olur, bölgədə sülhün və təhlükəsizliyinə deyil, gərginliyin artmasına şərait yaradırlar".