Xocalı görüşü Bakı ilə Qarabağ erməniləri arasında təmasların bərpası kimi qiymətləndirilməlidir - ÖZƏL

"Martın 1-i Xocalıda keçirilən görüş rəsmi Bakı ilə Qarabağ erməniləri arasında təmasların bərpası kimi qiymətləndirilməlidir. Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar da baş tutan görüşü ümüdverici adlandırıb. Azərbaycan tərəfdən görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər üzrə təmaslar üzrə məsul şəxs Milli Məclisin deputatı Ramin Məmmədov və  Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov iştirak edib". 

Bu fikirləri "OLAYLAR"-a səsləndirən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, görüşün keçirilməsi istiqamətində əlverişli mühütün yaranması isə birmənalı olaraq ölkə rəhbərinin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan baş naziri Paşiniyanla görüşü zamanı səsləndirdiyi fikirlər əsas oldu: "Ölkə rəhbəri danışıqlara hazır olduğumuzu bəyan etdi, lakin Vardaniyan haqqında mövqeyimizi qəti şəkildə bildirərək məlum şəxsin danışıqlarda hər hansı bir formada iştirakının qəbul edilməz olduğunu bildirdi. Rəsmi Bakı  Ruben Vardaniyanın Qarabağda yaşayan ermənilərin ölkəmizə reinteqrasiya prosesi istiqamətində süni maneələr yaratdığını bilirdi. Onun Kreml tərəfindən bölgəyə göndərilməsinin əsas məqsədi də elə bu idi və Azərbaycan onu zərərsizləşdirməklə Rusiyanın münaqişə ətrafında qurduğu planları pozmuş oldu. Moskva sülhün olmasında yox, münaqişənin davam etməsində maraqlıdır. Çünki Kreml rəhbərliyi münaqişənin varlığından hər iki tərəfə təsir rıçaqı kimi istifadə edir. Cənab prezidentin bu çıxışı Paşiniyan üçündə arzuolunan idi ki, O və onun komandası da rusiyalı milyarderin bölgədə varlıq göstərməsində maraqlı deyil. Hesab edirəm ki, bu görüşdən sonra hadisələrin müsbət aurada cərəyan etməsini müşahidə edə bilərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31