Azərbaycan Qoşulmama Hərəkatının işinə mühüm töhfələr verir - ÖZƏL
2 Mart 2023 15:59 Siyasət"Azərbaycan bu illər ərzində Qoşulmama Hərəkatına uğurla sədrlik edib və bu təşkilat çərçivəsində bir çox uğurlara imza atıb. Xüsusən pandemiyada peyvənd millətçiliyi ilə mübarizədə Azərbaycanın bu təşkilat çərçivəsində önəmli rolu oldu". Bu fikirləri "OLAYLAR"-a politoloq Vüqar Əhmədov səsləndirib. Onun sözlərinə görə, Qoşulmama Hərəkatının önəmi ondadır ki, burada üzv olan ölkələr əsasən dünyadakı siyasi və hərbi alyanslara qoşulmayan ölkələrdir: "Təəssüf ki, bu ölkələr illərdir ayrıseçkilik və kolonial yanaşmadan əziyyət çəkiblər. Təsadüfi deyil ki, Azərbaycanın ev sahibliyi etdiyi və Bakıda öz işinə başlayan Zirvə Görüşündə Cənab Prezident İlham Əliyev Fransanın tarixi işğalçılıq və soyqırım siyasətini ciddi şəkildə tənqid edib. Bu onu göstərir ki, dünyanın böyük dövlətləri, xüsusən Qərb dövlətləri Afrika və Asiyanın bir çox ölkələrinə üçüncü dərəcəli dövlət kimi baxırlar və belə münasibət sərgiləyirlər. Lakin bu qəbuledilməz və dözülməzdir. Bu ən azından həmən dövlətlərin qəbul etdiyi dəyər və prinsiplərlə uyğun gəlmir. Azərbaycan da hər zaman bu cür ayrıseçkilik və ədalətsizliklərlə mübarizə aparıb və Qoşulmama Hərəkatı kimi ali tribunadan öz mövqeyini bütün dünyaya çatdırıb. Bu mənada Cənab Prezidentə böyük təşəkkür düşür. Bunu dünyada həqiqi bərabərliyin və ədalətin bərqərar olması və güclünün zəif üzərində basqısına qarşı mübarizədə önəmli bir platforma hesab etmək olar. Azərbaycan dövləti də hər zaman bu dəyərlərlə yaşayıb və dünyada bunu təbliğ edib".
Vüqar Əhmədov deyib ki, bu gün Azərbaycan güclü bir dövlətdir və Qoşulmama hərəkatının işinə mühüm töhfələr verir: "Xüsusən Covid 19 pandemiyasının təsirindən çıxmaq üçün Azərbaycan Qoşulmama Hərəkatına üzv olan dövlətlərlə səmərəli əməkdaşlıq etmişdir. Təbii ki, digər beynəlxalq təşkilatlar da bu reallığı görür və qəbul edirlər".