Bu gün İran-Azərbaycan münasibətlərinin yumşalması yalnız o halda baş verə bilər ki... - ÖZƏL
2 Mart 2023 14:19 Siyasət"Güney Azərbaycan İcması və yaxud da başqa ad altında güneyliləri birləşdirən müxtəlif təşkilatlar əlbəttə ki, bizim ordakı soydaşlarımızın hüquqlarının qorunması, onların haqlarının geri alınması üçün çalışır və çalışacaq da".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Azərbaycan dövləti müəyyən səbəblərdən müəyyən məsələlərdə bir qədər məsafəli davranmalıdır və belə də davranır. Bunu başa düşürük. Amma İran-Azərbaycan münasibətlərinin yumşalması ilə bağlı hansısa gözləntilərə gəlincə, mən düşünürəm ki, söhbət birtərəfli şəkildə münasibətlərin yumşaldılmasından gedə bilməz. Bu gün İran adlanan coğrafiya ilə Azərbaycan Respublikası arasında münasibətlərin yumşalması yalnız o halda baş verə biləcək ki, İran dağılsın, yerində müstəqil dövlətlər qurulsun, o dövlətlərdən biri də Güney Azərbaycan Cümhuriyyəti olsun. Bundan sonra Azərbaycan Respublikası artıq hər şeydən öncə Güney Azərbaycan Cümhuriyyəti ilə ikitərəfli münasibətlər quracaq. Digər tərəfdən də indi farsların özlərinə aid olan kiçik bir dövlətlə münasibətlər quracaq. Yəni, artıq bıçaq sümüyə dirənib. İran çökməlidir, çökdükdən sonra da onun yerinə yaranacaq dövlətlə bizim münasibətlərimiz haqqında danışa bilərik".