Azərbaycan qlobal əhəmiyyətli təşəbbüslər irəli sürərək onları ən yüksək səviyyədə reallaşdıran ölkələrdəndir
3 Mart 2023 11:20 SiyasətAzərbaycan bir qayda olaraq beynəlxalq əhəmiyyətli təşəbbüslər irəli sürərək həmin təşəbbüsləri ən yüksək səviyyədə reallaşdıran ölkələrdən olub. Ona görə də bir qayda olaraq ölkəmizin təmsil olunduğu istənilən beynəlxalq qurumda irəli sürdüyü təşəbbüs ciddi dəstək görür, təqdir olunur. Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünün keçirilməsi də məhz deyilənlərin təsdiqidir. "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı bu qənaətdədir.
Azərbaycanın Qoşulmama Hərəkatının üzvü kimi daim bu təşkilatda aktiv olduğunu diqqətə çatdıran Arzuman Muradlı deyib ki, məhz Azərbaycanın sədrliyi altında Qoşulmama Hərəkatı dünya ictimaiyyətini pandemiya ilə mübarizədə səfərbər etdi: "Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, Qoşulmama Hərəkatına (QH) tam hüquqlu üzv qəbul olunub. Daha sonra 25-26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə ev sahibliyi edib. Həmin Sammit zamanı Hərəkatda Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçib. Məlum olduğu kimi Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra, QH üzv dövlətləri, Hərəkata uğurlu sədrliyini nəzərə alaraq Azərbaycanın əlavə 1 il müddətinə Hərəkata sədrlik etməsi ilə bağlı ölkəmizə müraciət edib. Azərbaycan tərəfi də Hərəkatın fundamental prinsiplərinə və dəyərlərinə olan sadiqliyini və mürəkkəb dövrdə Hərəkata səmərəli sədrliklə bağlı qazandığı dəyərli təcrübəni nəzərə alaraq, bu müraciətə müsbət cavab verib. Beləliklə, hazırda Azərbaycanın QH-yə sədrliyi 2023-cü ilə qədər uzadılıb".
Arzuman Muradlı onu da qeyd edib ki, COVİD-19 pandemiyası dövründə də Azərbaycan sözügedən hərəkatın ən aktiv üzvlərindən biri kimi yadda qalıb və pandemiyaya qarşı mübarizə məqsədilə hər kəsi düşündürən və hər kəsi səfərbər edən təşıbbüslər irəli sürüb: "Məlumat üçün qeyd edim ki, Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının sədri olaraq 2020-ci ilin mayında təşkilatın COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammitinin keçirilməsini təklif etdi və onu reallaşdırdı. Elə həmin sammitdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif dünya ictimaiyyəti tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir hesab olunur. Eyni zamanda, QH sədri kimi ölkəmiz "peyvənd millətçiliyi"nə qarşı uğurla mübarizə apardı. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi".
İctimai Birlik sədri deyir ki, bütün bu uğurlu fəaliyyətlər və Azərbaycanın bir növ Qoşulmama Hərəkatına verdiyi nəfəs sayəsində QH-nin beynəlxalq nüfuzu, çəkisi artmağa başladı. Arzuman Muradlının sözlərinə görə, Azərbaycanın QH-yə verdiyi töhfə öz növbəsində bu təşkilatın Ermənistanın Azərbaycana təcavüzünü pisləməsi və Azərbaycanın yanında yer alması ilə nəticələndi: "Nəticədə Ermənistana qarşı mübarizədə QH Azərbaycanın Ermənistana qarşı mübarizəsində bizə güclü beynəlxalq dəstək qazandırdı. Məhz genişmiqyaslı uğurlu beynəlxalq fəaliyyəti sayəsində ölkəmizin keçmiş Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Hərəkatın sənədlərində dəstəklənib. Qoşulmama Hərəkatının Azərbaycana siyasi dəstəyinin bariz nümunəsi olaraq isə Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olmasını göstərmək olar. Həmçinin 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş qərəzli təşəbbüslərin qarşısı Hərəkata üzv dövlətlər tərəfindən alınıb. Bütün bunları nəzərə alan Azərbaycan rəhbərliyi Bakıda keçirilən Zirvə Görüşündə Qoşulmama Hərəkatına üzv ölkələrə Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə, həmçinin 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə birtərəfli və qərəzli bəyanatların qəbuluna imkan verməməkdə göstərdikləri qətiyyətə görə təşəkkür edib.
Süleyman