Fransanın xarici işlər naziri Laçın yolundan danışmaqdansa, Afrikadakı rəzilliklərinə aydınlıq gətirsə daha yaxşı olar” - ÖZƏL
2 Mart 2023 11:28 Siyasət"Fransanın xarici işlər naziri Laçın yoluyla bağlı yenə nəsə mızıldanıb. Ermənistandakılar da Qarabağda guya tarlada işləyən iki hay kəndlisini Azərbaycan hərbçilərinin atəşə tutduğunu bildirir. Özü də nə vaxt, oradakı hayların təmsilçiləri ilə ünsiyyət başladılan gün. Azərbaycan hərbçilərinin bunu etməsinə olsa-olsa Fransadakılar inanar, daha doğrusu, özlərini inanmış kimi göstərərlər". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib. Bildirib ki, Qarabağdakı hayların təmsilçiləri ilə Azərbaycan dövləti adından ünsiyyətə başlanan gün guya onlardan iki nəfərin atəşə tutulması ya ağ yalan, ya da təxribatdır: "Hər ikisinin arxasında oradakı hayların reinteqrasiyasını istəməyənlər durur. Və təkcə onlar yox, açıq olan Laçın yolunun açılmasını tələb edən boşboğazların da məqsədi budur. Ancaq proses başlanıb və kimsə qarşısını ala bilməyəcək. Fransanın xarici işlər naziri Laçın yolundan danışmaqdansa, Afrikadakı hər gün yeni detalları üzə çıxan rəzilliklərinə aydınlıq gətirsə daha yaxşı olar".