Təhlükəsizliyi  Qərbdə axtaran Ermənistan dilemma qarşısında qalıb

Artıq bir neçə gündür ki, Bakı və İrəvanın sülh müqaviləsi istiqamətində danışıqları onlayn formatda davam etdirdiyinə dair fikirlər səslənir. Hətta tərəflərin müqavilədə əskini tapan hansısa məsələ barədə razılaşıb-razılaşmadığı, eyni zamanda təklifləri də onlayn formatda qarşı tərəfə çatdırılır. Bəs, görəsən bu format nə dərəcədə perspektivli sayıla bilər. Canlı ünsiyyətdə prosesi irəli apara bilməyən tərəflər onlayn formada nə dərəcədə buna nail olacaqlar?

BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, Azərbaycan və Ermənistanın "onlayn diplomatiya" deyilən əlaqə üsuluna keçdiyi xəbərləri yayılanda tərəflər arasındakı münasibətlərin bu üsulla görüşdən nə əldə edəcəyi maraq mövzusu oldu: "Məsələ ondadır ki, "görüşün üsulu görüşün mahiyyətinə təsir edə bilərmi" sualının cavabı bu əlaqənin effektivliyi barədə fikir yürütməyə də əsas yaradır. Əgər görüşlərin səmərəliliyi üçün tərəflərdə inam və səmimiyyət mövcud deyilsə, bu zaman yəqinlik hasil olur. Əslində ön yarğılı olmayaq və həqiqətən də mövcud olan geosiyasi və regional mənzərini göz önündə canlandırıb, nəticə çıxaraq ki, daha dəqiq mənzərə ilə reallığı qiymətləndirək".

Azər Qasımov qeyd edib ki, Azərbaycan 44 günlük müharibə ilə həm regional, həm də beynəlxalq reallığı dəyişib, yeni geosiyasi vəziyyət yaratdı və bu reallığı istər münaqişə ilə əlaqəli tərəflər, istərsə də regiondan kənar tərəflər qəbul etdilər və ya qəbul etmiş kimi göründülər: "Ən azı bu günə kimi yaranan yeni reallığın kimsə tərəfindən qəbul edilmədiyinə dair heç bir etiraz səsləri olmadı. Etiraz səsləri yaranan reallıqdan sonra tərəflərin maraqlarına, yəni yeni reallığın yaratdığı şəraitdə gəlinən vəziyyətə oldu. Kimsə müharibədən öncəki reallığa qayıtmaqdan danışmadı. Bu da Azərbaycanın mövqeyinin haqlı olduğunu isbat etdi. Razı və narazı tərəflər yeni reallıqlar çərçivəsində onların maraqlarının nə dərəcədə qorunması mübarizəsi yoluna daxil oldular. Tərəflər bu və ya digər şəkildə yeni müttəfiqliklər və ya tərəfdarlar əldə etməyə çalışırlar. Bunun üçün bəzi ölkələr öz daxilində saxladığı niyyətlərini məcbur açmağa, bəziləri hələ də ikili oynamağa, bu məsələdə Azərbaycan və Türkiyə kimi qalib ölkələr isə digər ölkələrin oyunlarını açmaq və onu pozmaq üçün fəaliyyətə keçdilər. Belə bir durumda regionda sülh məqsədi ilə fəaliyyətin nəticələrini proqnoz etməyin əsl vaxtıdır".

Politoloqun sözlərinə görə, açıq şəkildə ölkələrin mövqeyini adları ilə çəksək görərik ki, İran bütün maraqlı ölkələrin arasında öz simasını açıq və həyasızcasına açan ən rəzil ölkə oldu: "Yaraşdırılan bu qeyri-etik epitetlərin başlıca səbəbi vardır, o da İranın müsəlman dövləti olmasından qaynaqlanır. Tutaq ki, Fransa da İrandan geri qalmır, amma biz Fransaya deyilən gözlə baxmırıq. Fransanın mövqeyini təbii və ya ironik ifadələrlə qarşılayırıq. İran molla rejimi nəhayət ki, öz üzündəki müsəlman maskasını çıxarıb, maskanın altındakı şeytan cildini bizə göstərdi. İran rejimi gözləmədiyi və hesab etmədiyi bir durumla qarşılaşdı. Bu, İranı panikaya saldı və qeyri-adekvat hərəkətlər etməyə məcbur etdi. Azərbaycan sərhəddində hərbi təlimlər keçirməkdən tutmuş Ermənistanla açıq yaxınlaşma əlamətləri göstərməyə kimi. Zəngəzur dəhlizinin açılmasına qəti və birmənalı yox deməklə".

Azər Qasımov qeyd edib ki, Ermənistanın özü isə daha çətin duruma düşdü: "Uzun on illər müttəfiqi və qoruyucusu hesab edilən Rusiya bu dəfə onu qorumadı və ya qoruya bilmədi. Ermənistan təhlükəsizlik deyib dad etməyə başladı. Təhlükəsizliyi  Qərbdə axtaran Ermənistan dilemma qarşısında qaldı. Ya Rusiyadan qopub Qərbə inteqrasiya etməklə Rusiya ilə Qərbin arasında qalıb, yaxşı halda əzilmək, pis halda isə dövlət kimi məhv olmaq, ya da Azərbaycanla sülh bağlayıb, Türkiyənin də razılığı ilə təhlükəsiz yaşamaq. Bunun üçün Qərbin, İranın, Rusiyanın təhriklərinə uymamaq lazım gələcəkdir. Rusiya isə proseslərə əsas "rəngarənglik" qatan ölkədir. Ukrayna müharibəsi səbəbindən çətin duruma düşsə də, hələ ki, ayaqdadır, ətrafına diktəsini etməyə çalışır, öz oyunlarını oynayır. Qərb Amerika və Avropa İttifaqı şəklində konstruktiv görüntü sərgiləyir, sülhə öz töhfələrini verməyə çalışır kimi görünsələr də, bunun arxasında maraqlı məqamlar dayanır. Həm regiona sülh gətirməyə çalışmaqla Ermənistanı Rusiyanın təzyiqindən qurtarmaq istəyirlər, həm də Ermənistanı Qərbyönlü dövlət etməklə Rusiyanı regiondan sıxışdırmağa çalışırlar. Rusiya isə Ermənistanla ayrı, Qarabağ erməniləri ilə ayrı, Azərbaycanla ayrı oyun qurur".

Azər Qasımov hesab edir ki, bu qədər mürəkkəb bir konfiqurasiyanın içərisində istər onlayn və ya hər hansı diplomatiya yolu ilə əlaqə saxlamaqla problemlərin həllini tapan kimsəyə "Nobel mükafatı" düşəcəyi şübhəsizdir: "Daşları öz yerinə oturtmaq üçün tərəflərin mövqeləri arasında demək olar ki, uzlaşılmaz deyilən bəzi məsələr artıq cilalanaraq yerinə otuzdurulur. Bura Azərbaycan və Ermənistan məsələsinin Azərbaycan Qarabağ erməniləri məsələsi ilə ayrı həlli, sərhədlərin delimitasiya və demarkasiyasının tədricən həlli, sülh müqaviləsi barədə prosesin optimist olmasa da, ümidverici, lakin bir o qədər də çətin gedişi aiddir. Ziddiyət təşkil edən prinsipial mövqelər səbəbindən sülhün ola bilməyəcəyi gerçəyi də mövcuddur. Həm münaqişə tərəflərinin, həm də maraqlı ölkələrin mövqeyi bu məntiqi daha da çətin duruma salır. Birmənalı olaraq regionda sülhün mümkün olmadığı gerçəyini ortaya qoyur. Beləliklə, sülh ola bilər və ya ola bilməz məntiqləri arasında daha çox sülh ola bilməz məntiqi önə çıxır.  Amma geosiyasi maraqların kökündə geoiqtisadi maraqlar dayandığından maraqlı tərəflər ancaq iqtisadiyyat üzərindən bir yerə gələ bilərlər ki, hər kəsin çalışdığı da iqtisadi maraqlarıdır. Bu isə daha geniş mənada qlobal dəyişikliklər deməkdir"

Azər Qasımov bildirib ki, dünya tək qutblü, çox qütblü deyərkən, artıq dünyanın iki qütbə bölünməyə doğru getdiyinin şahidi oluruq: "Biri özünü demokratik qütb hesab edən Qərbin ətrafındakı Avropa, bir də Rusiya, Çin, İranın təşkil etdiyi Avrasiya qütbü. Hindistan və ərəb ölkələrinin isə hər iki tərəfə eyni məsafədə olduğu, Orta Asiya, Cənubi və Şimali Afrika, Cənubi Amerikanın qütblərə münasibətinin əsas təşkil etmədiyi, yəni söz sahibi olmadığı bir dünyada regional olaraq Azərbaycan və Ermənistanın əsas özlərini hansı qütbün yanında görməsi bu ölkələr üçün həlledici olacaq və sülh buna əsasən baş tutacaq, ya əksi olacaq. Bu seçimdə hər iki ölkənin özünü dayaya biləcəyi bir və ya bir neçə dayağı olduğu əsas rol oynayır. Azərbaycan üçün bu məsələ artıq həll edilmiş məsələdir və Türkiyənin onun təhlükəsizliyinə təminat verdiyi "Şuşa bəyannaməsi" ilə öz təsdiqini tapıb. Azərbaycan buna əlavə olaraq Pakistan, İsraillə də təhlükəsizlik baxımından çox güclü bağlar qurub, hansıki bu deyilənləri Ermənistan barəsində demək olmaz. Ermənistanın dərdi qurmağa çalışdığı təhlükəsizlik yastığıdır. Elə bu məsələ də sülhün uzanmasını şərtləndirən faktordur. Ermənistan təhlükəsizlik məsələsini həll edən kimi sülh üçün real addımlar atacaq. Sülh məsələsini iki qütbə doğru irəliləyən dünyada isə zaman həll edəcək. Bu zamanın gedişi Ukrayna müharibəsinin nəticəsinin doğuracağı reallıqlar həll edəcək. Onda dünya həqiqətən də konkret olaraq, ya iki qütblü olacaq, ya da demokratik prinsiplərin hökm sürəcəyi tək qütblü. Amma hər iki prosesin sonundan asılı olmayaraq Cənubi Qafqaz regionu stabillik dövrünə daxil olacaq. Çünki istər bir, istərsə də iki qütblü dünya regional səviyyədən çıxıb qlobal səviyyə qazanacaq. Burada kiçik dövlətlərin yox, böyük güclərin nəzarəti əsas olacaq. Böyük güclər isə xırda problemləri bir sözlə həll edirlər. Vahid olan güc problemin həllini necə görəcəksə, elə də həll edəcək. Tarix belə faktlarla zəngindir. Azərbaycanın hər iki qütbə yaxın mövqeyi nəhayətdə onun istəyinin olma ehtimalını böyük ölçüdə artırır. Arzu edək ki, uzun illərdir ki, əziyyət çəkdiyimiz Qarabağ problemimiz qlobal səviyyədə çəkişən güclərin yox, qlobal gücə çevrilməyə namizəd ola biləcək Türk Dövlətləri Təşkilatının adı və himayəsi altında öz həllini tapsın. Böyük Turan yaransın!".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31