Ölkəmizdə dövlət-din münasibətinin formalaşması Heydər Əliyevin adı ilə bağlıdır

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyu bütün dövrlərdə xalqın adət-ənənələrinin qorunması, dinimizin mühafizəsi, ona olan təsirlərin aradan qaldırılması istiqamətində əməli addımlar atıb, tədbirlər görüb. Xüsusilə, müstəqillik illərində ölkəyə rəhbərlik etdiyi illərdə Heydər Əliyev dini sahədə bir sıra tarixi addımlara imza atıb. Ölkədəki tarixi dini abidələri təmir etdirib, onlara xüsusi dövlət qayğısı göstərilib.  

AMEA-nın əməkdaşı, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov  bildirib ki, ümummilli lider Heydər Əliyev milli mənəvi dəyərlərə xüsusi hörmət göstərirdi. Əkrəm Hərənov qeyd edib ki, ölkəmizdə dövlət-din münasibətinin formalaşması, dinin vətəndaşlarımız tərəfindən öyrənilib tətqiqat obyekti kimi həyata keçirilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır: "Bu sahədə ulu Öndərimiz zəngin irs qoymuşdur. Bu irsin öyrənilməsi və təbliği ancaq tarixi baxımdan deyil, eyni zamanda gələcəkdə din sahəsinin istiqamət prosesini düzgün müəyyənləşdirmək və yönləndirmək baxımından xüsusi əhəmiyət kəsb edir. Azərbaycanın sürətli inkişafı, uğurlu xarici və daxili siyasəti, eyni zamanda dövlət-din münasibətlərinin effektiv tənzimlənməsi üçün iki amil mövcuddur. Bunlardan birincisi Heydər Əliyevin qoyduğu sağlam bünövrə, digəri isə bu bünövrə üzərində Ümummilli Liderimizin layiqli siyasi varisi, Prezidentimiz İlham Əliyevin qurduğu uğurlu strategiyadır. Ümummilli liderimiz Heydər Əliyev 10 oktyabr 1993-cü ildə andiçmə mərasimində bunu belə ifadə etmişdir: "Xalqımız öz dininə qayıtdı. İslam dini dünyada öz tarixi yerini tutmuşdur. Xalqımızın mənəviyyatına, elminə, qüdrətinə, zəkasına İslam dininin böyük təsiri olmuşdur. Milli ənənələrimiz, mədəniyyətimiz bir çox hallarda İslam dini vasitəsi ilə nəsildən-nəsilə keçib, indi böyük milli  sərvətimiz kimi bu günkü nəsillərə çatmışdır. Azərbaycanda İslam dininə insanların sərbəst etiqad etməsi üçün bütün şərait yaradılmış və bundan sonra da yaradılacaqdır".

Əkrəm Həsənov deyib ki, ümummilli liderimiz Heydər Əliyevin dedikləri həqiqətdə baş verdi və onun əsasını qoyduğu milli mənəvi dəyərlərin cəmiyyətdə formalaşması, İslamın elmi əsaslarla tətqiq edilib öyrənilməsi və yaşanması prosesi hazırda ölkə rəhbərimiz olan İlham Əliyev tərəfindən diqqət mərkəzində saxlanılır: "Bu gün Azərbaycanda bütün dinlərin bir arada sülh və əmin-amanlıq şəraitində yaşaması, dinlərarası dialoqların həyata keçirilməsi, ölkəmizdə olan müxtəlif dinlərin xoşgörü ilə bir arada yaşaması məhz Heydər Əliyevin bünövrəsini qoyduğu proses idi. Ümummilli liderimiz Heydər Əliyev demişdir: "Azərbaycan xalqı uzun müddət öz dinindən məhrum olmuşdur. Bu əlbəttə bizim üçün acınacaqlı haldır. Ancaq bu nə sizdən, nə də məndən asılı idi. Ola bilər ki, bu Allahın işidir. Və bu da bir imtahandır ki, görsünlər insan öz dinindən məhrum olandan sonra nə bəlalara düşür və öz dininə qayıdandan sonra nə qədər xoşbəxtlik əldə edir. İndi Azərbaycanda bizim dinimiz - İslam dini hər yerdə bərpa olunub. Onun azad inkişaf etməsi üçün hər bir insanın öz daxili aləminə uyğun olaraq dinə öz münasibətini bildirməsi üçün və Qurani Kərimin ehkamlarından, Ulu Peyğəmbərimizin qoyduğu yoldan səmərəli istifadə etmək üçün artıq imkanlar yaranıb. Və bu son dövrdə Azərbaycanda din azadlığı əldə edildikdən sonra qısa bir müddətdə hətta bu dini unutmuş adamlar belə bu dinin - İslam dininin, öz millətinin dininin həyat üçün nə qədər əhəmiyətli olduğunu dərk etdilər. Biz bir dövlət kimi İslam dininin son dövrdə geniş və çox sürətlə inkişaf etməsini bəyənirik və bundan sonra da Azərbaycan Respublikasında, müstəqil Azərbaycanda hər bir insanın sərbəst olaraq öz dini adət ənənələrinə xidmət və onlardan istifadə etməsinə bütün imkanları yaradacayıq..." (5 sentyabr 1993 cü il Təzəpir məscidində çıxışından).

Əkrəm Həsənov qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyevin məscidlərin bərpasında, məscidləri ziyarət edib çıxışı zaman söylədikləri nitqləri cildlərlə kitablara sığdırmaq mümkün deyil: "Ümummilli liderimiz həqiqətən də digər dinlərə və xüsusilə İslam dininə böyük hörmət göstərirdi. Yeni məscidlərin tikintisi, bir çox məscidlərin bərpası, Həcc ziyarətinə getməsi onun inanclı, tək Allaha iman etməsinin açıq -aşkar sübutudur. Eyni zamanda övladı İlham Əliyev bu dəsti xətlə davam etdirməkdədir. Heydər Əliyevin hər Ramazan bayramında bütün müsəlmanların bayramını təbrik etməsi, Qurban bayramında qurban kəsməsi və xalqımızı təbrik etməsi onun islama və müsəlmanlara olan böyük hörmətini göstərir. Bunlar həqiqətlərdir. Çünki, ümummilli liderimiz Heydər Əliyev özü də inanclı, əsl mömin bəndə idi.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31