Münhen Təhlükəsizlik Konfransının ölkəmiz üçün əhəmiyyəti yüksəkdir
17 Fevral 2023 15:53 Siyasət"Münhen Təhlükəsizlik Konfransı dünyanın siyasi və hərbi elitasının bir araya gələrək planetimizi narahat edən məsələlərin müzakirə olunduğu əhəmiyyətli bir formatdır. Çünki konfrans çərçivəsində müzakirə olunan məsələlər bir müddətlik dünyanın təhlükəsizlik istiqamətini müəyyən edir. Bu il üçün konfransın əsas gündəliyini Avropa məkanında təhlükəsizlik və müdafiə məsələləri formalaşdıracaq ki, bu Rusiya-Ukrayna müharibəsi fonunda gözlənilən idi".
Bu fikirləri "OLAYLAR"-a səsləndirən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, tədbirdə Azərbaycan, cənab Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov ve Energetika naziri Pərviz Şahbazov səviyyəsində təmsil olunacaq: "Konfrans çərçivəsində bir çoxlarının diqqətini çəkən mühüm nüanslardan biri 2020- ci ilin fevralında olduğu kimi bu ildə ölkə başçısı İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşiniyan arasında debatın olması ehtimalı idi. Xatırlayarsaq 3 il öncə olan debat zamanı cənab Prezident İlham Əliyev opponenti üzərində üstünlük qazanmış, real faktlar və arqumentlər gətirərək Paşiniyanı çıxılmaz vəziyyətə salmışdı. Həmin debatdan sonra olan proseslərdə hər kəsə bəllidir".
AVP rəsmisi deyib ki, Münhen Təhlükəsizlik Konfransının ölkəmiz üçün əhəmiyyəti yüksəkdir: "Çünki müharibədən sonra həllini gözləyən bir çox məsələlər var ki, qarşı tərəf onların icrasında süni əngəllər yaradaraq yayınmağa çalışır, həmçinin konfrans postmuharibə dövrünün reallıqları çərçivəsində ölkəmizin haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından mühüm əhəmiyyətə malikdir. Son dövrlər bizləri ən çox narahat edən məsələ Avropada artan erməni himayədarlığı və bu istiqamətdə ölkəmizə qarşı artan təyziqlərdir ki, çox təəssüf əksər Avropa dövlətləri Azərbaycan-Ermənistan münasibətlərinə xristian həmrəyliyi prizmasından yanaşaraq münasibətlərin normallaşmasına töhvə vermək əvəzinə əlavə əngəllər yaradır. Hesab edirəm ki, bu konfrans çərçivəsində də bəzi qüvvələr tərəfindən ölkəmizə qarşı təyziqlər olacaq. Lakin əminik ki, ölkə başçısı Azərbaycanın haqlı mövqeyini hər kəsə nümayiş etdirəcək və regionun real mənzərəsini əyani şəkildə göstərəcək".