Şuşa Zəfəri Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi-Özəl
10:28 Siyasət"Vətən müharibəsinin ən mühüm hadisələrindən biri noyabrın 8-də Şuşa şəhərinin azad olunması idi. Qarabağın tacı olan Şuşanın düşmən işğalından qurtulması xalqımızın mənəvi qələbəsini daha da möhtəşəmləşdirdi. Şuşa Zəfəri Azərbaycan Ordusunun gücünü, hərbçilərin qəhrəmanlığını və Ali Baş Komandanın qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı və Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycanın nəzarətinə qaytarıldı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Vətən müharibəsində əldə edilən Qələbənin əsas amillərindən biri də xalq-ordu birliyi oldu. Müharibə dövründə cəmiyyətimizin bütün təbəqələri, müxtəlif etnik və dini mənsubiyyətə malik vətəndaşlar vahid amal ətrafında birləşərək dövlətimizə və ordumuza dəstək nümayiş etdirdilər. "Dəmir yumruq" ifadəsi xalqımızın birliyinin, milli həmrəyliyinin və sarsılmaz iradəsinin rəmzinə çevrildi. Prezident İlham Əliyevin beynəlxalq media qurumlarına verdiyi müsahibələr isə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı.
2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini bütün ərazilərində tam bərpa etdi. Prezident İlham Əliyevin oktyabrın 15-də Xankəndidə Azərbaycan Bayrağını ucaltması tariximizin ən əlamətdar hadisələrindən biri oldu. Beləliklə, Vətən müharibəsində qazanılmış hərbi Qələbə və 2023-cü ildə suverenliyin tam təmin edilməsi Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcı oldu.
Tarixi Qələbənin əbədiləşdirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirildi. Zəfər Gününün təsis edilməsi, hərbi qulluqçuların orden və medallarla təltif olunması, Bakıda Zəfər paradının keçirilməsi, Hərbi Qənimətlər Parkının, Zəfər parkının və Zəfər muzeyinin yaradılması xalqımızın qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılmasına xidmət edir. Bu məkanlar şəhidlərin xatirəsinə ehtiramın, hərbçilərin şücaətinə verilən yüksək qiymətin və milli yaddaşın qorunmasının təcəssümüdür".