Prezidentin keçirdiyi görüşlər xarici sərmayədarların azad edilmiş ərazilərə cəlb edilməsi baxımından əhəmiyyətlidir - ÖZƏL
17 Fevral 2023 14:00 Siyasət"Azərbaycan Prezidenti İlham Əliyevin xarici səfərlər zamanı həmin ölkələrin nüfuzlu şirkətləri, kompaniyaları ilə keçirdiyi görüşlərin xarici sərmayələrin işğaldan azad edilmiş ərazilərə cəlb edilməsi baxımından böyük əhəmiyyəti var". Bu fikirlər İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzinin açıqlamasında yer alıb. "OLAYLAR"-a daxil olan açıqlamada qeyd edilib ki, dövlət başçısının Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avropa və dünyanın müfuzlu şirkətləri ilə keçirdiyi görüşlər həmin şirkətlərə işğaldan azad edilmiş ərazilərdə mövcud olan potensial, eləcə də Azərbaycanda xarici investisiyalar üçün yaradılan normal şərait barədə məlumatların verilməsi investorları Qarabağa cəlb edə bilər: "Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Münxenə səfəri çərçivəsində Almaniya Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşündə də düşməndən azad edilən ərazilərimizdəki vəziyyət, orada xarici iş adamlarının sərmayə yatıra biləcəyi sahələr barədə geniş söhbət edilib. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsində alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanların olduğunu da Mixael Harmsın diqqətinə çatdırıb".