"Azərbaycanla Dubay arasındakı əməkdaşlıq indiki imkanlardan dəfələrlə çox ola bilər"- ÖZƏL
19 Yanvar 2023 15:58 Siyasət"16 yanvar tarixində Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin prezidentinin dəvəti ilə oraya səfər etdi. Bu artıq ərəb dünyasının ikinci dəvəti idi. Bundan öncə Əlzcəzair də İlham Əliyevi orda keçirilən tədbirə dəvət etmişdi.
Prezident İlham Əliyev Dubayda keçirilən Dayanıqlı İnkişaf həftəsi ilə bağlı tədbirdə çıxış etdi. Çıxışı zamanı Azərbaycan-BƏƏ münasibətlərinə xüsusi qiymət verdi. Yaxın tarixdə BMT-də keçirilən tədbirdə Azərbaycanı dəstəklədiyinə görə BƏƏ-yə təşəkkürünü bildirdi. Gələcəkdə iki dövlətin birgə fəaliyyət göstərməsini arzuladı. Eyni zamanda, SOCARla Masdar arasında yeni müqavilə imzalandı. Bu, Qaradağda qurulacaq olan günəş enerjisinə bağlı stansiyanın razılığı idi".
Bu sözləri Olaylar.az-a politoloq Cümşüd Nuriyev deyib.
"Azərbaycanla Dubay arasındakı əməkdaşlıq indiki imkanlardan dəfələrlə çox ola bilər. Ticarət dövriyyəmiz 100 milyon dolların altındadır. Nəzərə alsaq ki, həm BƏƏ həm də Azərbaycan neft ölkəsidir bu, o qədər də böyük göstərici deyil. Yaxın, orta Şərqdə, ərəb, İslam dünyasında Azərbaycanın mövqeyi getdikcə güclənir. Ona görə də dəvət təsadüfi deyildi. Türkiyənin İslam dünyasındakı mövqeyi ilə barışmayan dövlətlər var. Həmçinin, ərəb dövlətləri ilə də gərginlik yaşanmışdı. Prezident İlham Əliyev burada həm də sülhpərvər statusda çıxış edir. Bu dəvətin çox böyük siyasi əhəmiyyəti var. İlham Əliyevin çıxışında gələcəkdə BƏƏ ilə Azərbaycan arasında olacaq iqtisadi, siyasi, mədəni işlərin xəritəsini cızdı. Prezidentin dəvət olunması və çıxışından sonra BƏƏ ilə Azərbaycan münasibətləri daha yüksək mərhələyə keçəcək".