"Azərbaycan və Ərəb dünyası arasında əlaqələr daha da şaxələnməlidir"- ÖZƏL
19 Yanvar 2023 15:16 Siyasət"Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı bir sıra önəmli hadisələrlə qarşılaşdıq. Azərbaycan dünya enerji təhlükəsizliyinin əsas tərəflərindən biri kimi BƏƏ-də də öz mövqeyinin önəmini təkrar sübut etmiş oldu.
Azərbaycan tərəfi və dünya enerji təhlükəsizliyində mühüm aktor olan Ərəb ölkələri arasında əlaqələr daha da inkişaf etdirilməlidir. Enerji nəhəngləri olan bu ölkələr birlikdə işləmə mexanizmləri yaratmalıdır. Azərbaycanın OPEC və digər enerji təşkilatlarında da rolunu artırmaq lazımdır ki, Ərəb ölkələri ilə əməkdaşlıq buna real imkanlar formalaşdıra bilər".
Bu sözləri Olaylar.az-a siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib:
"Bundan başqa, məsələnin həm də siyasi tərəfləri var. Azərbaycan və Ərəb dünyasından hər hansı ölkə bir-birinə qarşı radikal mövqedə deyillər və belə bir mühitin formalaşması mümkün deyil. Çünki tərəflər bir-birinə qarşı hər hansı iddiada deyillər. Qarşılığında Azərbaycan və bəzi Ərəb ölkələri İran tərəfindən müntəzəm olaraq bir sıra təhdidlərlə qarşılaşırlar. Belə bir halda Azərbaycan və həmin ölkələrin qarşılıqlı əməkdaşlıq əlaqələrini inkişaf etdirməsi, həm də ortaq maraqlar baxımından effektiv nəticə vəd edir.
Digər tərəfdən, Azərbaycan artıq bərpaolunan enerji baxımından da ciddi uğurlar əldə edib. Bu uğurların davam etdirilməsi, bu sahədə beynəlxalq tərəfdaşlığın inkişaf etdirilməsi də Azərbaycanın dünya enerji təhlükəsizliyindəki rolunu daha da artıracaq.