Paşinyan Azərbaycan-Ermənistan sərhədinə Aİ missiyasını gətirmək üçün ciddi cəhdlər edir
19 Yanvar 2023 11:56 Siyasət"Nikol Paşiniyanın rəhbərlik etdiyi Ermənistan Hökuməti Azərbaycan-Ermənistan sərhədinə Aİ missiyasını gətirmək üçün ciddi cəhdlər edir. Rəsmi İrəvanın bu istiqamətdə etdiyi səylərin ardında hansı niyyətin olduğunu yaxşı anlayan Kreml, Xarici İşlər Naziri Sergey Lavrov vasitəsilə Paşiniyan administrasiyasına mesajlar ünvanladı". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, Sergey Lavrov Aİ missiyasının bölgəyə gəlməsini xoş qarşılamadıqlarını bildirdi və burada Azərbaycanın mövqeyinə uyğun fikirlər səsləndirdi: "O bildirdi ki, ölkəmizin icazəsi olmadan hər hansı bir üçüncü qüvvələrin sərhəddə gətirilməsi qanunsuzdur və bu addım heç də effektiv olmaz. Lakin Lavrovun ölkəmizin maraqlarına uyğun şəkildə səsləndirdiyi fikirlər heç də səmimi deyil".
AVP rəsmisi hesab edir ki, Kreml Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlı idisə, bəs niyə Ruben Vardanyan kimi fiquru xüsusi missiya ilə Qarabağ İqtisadi rayonuna göndərdi? onu qanunsuz rejimin rəhbər şəxsləri sırasına daxil etdi?
"Bu kimi sualların cavabı isə ondan ibarətdir ki, istər Ermənistanın, istərsə də Azərbaycanın lehinə olan hər hansı bir situasiya Kremlin maraqlarına uyğun deyil. Rusiyanın maraqlarına uyğun situasiya isə, regionda hər daim və hər hansı bir formada gərginliyin höküm sürməsi və bununla da Moskvanın regionda balanslaşdırıcı güc kimi öz varlığını göstərməsidir. Bu, Rusiyanın regiona yanaşmasının qanunauyğunluğudur".