Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan getdikcə güclənir

Azərbaycan 20 ilə yaxındır ki, özünün uğurlu inkişaf yoluna qədəm qoyub. Hər ötən il yeni-yeni nailiyyətlərlə yadda qalan Azərbaycanın qazandığı uğurların kökündə heç şübhəsiz ki, həyata keçirilən düzgün siyasət dayanır. Bu siyasət isə ölkəmizdə Heydər Əliyev prinsiplərinə, onun uğurlu daxili və xarici siyasət kursuna söykənən Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilir.  2003-cü ildən başlayan bu siyasətin Azərbaycanı zirvələrə qaldırdığını deyən Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nin Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova diqqətə çatdırıb ki, 2003-cü ilin oktyabrın 15-də keçirilən seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi: "İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Eyni zamanda o öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi".

Könül İsmayılova bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı: "Prezident beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bildiyi üçün islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri "idarə olunan xaos" planını məharətlə pozdu. Xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu. İlham Əliyev islamofobların və infoimperialistlərin müsəlman şərqində uğurla həyata keçirdikləri "lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə" siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını ustalıqla aldı. Bu hücuma qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mənəviyyat və milli ailə sipərini çəkdi".

Könül İsmayılova qeyd edib ki, gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan biridir: "Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb".

Qeyd edək ki, İlham Əliyev bu illər ərzində qlobal miqyaslı bir liderə də çevrilib. Dövlət başçımızın irəli sürdüyü təklf və təşəbbüslərin əksər beynəlxalq təşkilatlar tərəfindən nəzərə alınması, həmin təklif və təşəbbüslər istiqamətində addımların atılması belə deməyə əsas verir.

Belə ki, konstruktiv əməkdaşlığa açıq olan cənab Prezident İlham Əliyev bütün beynəlxalq təşəbbüslərə öz dəstəyini nümayiş etdirir. Azərbaycanda davamlı olaraq Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, YUNESKO-nun xüsusi sessiyalarının və onlarla digər əhəmiyyətli tədbirlərin keçirilməsi nəticəsində Bakı qlobal münasibətlər sistemində nüfuzlu beynəlxalq siyasi meydanlardan birinə çevrilmişdir. Azərbaycan-Rusiya-İran, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-Türkmənistan kimi üçtərəfli dialoq platformaları ölkəmizin beynəlxalq statusunun artırılması ilə yanaşı region ölkələri üçün yeni iqtisadi perspektivləri yaradır. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə iqtisadi layihələr müstəvisində yaradılan əməkdaşlıq platformaları qonşu ölkələr arasında daha etibarlı münasibətlərin bərqərar olması və regionun investisiya cəlbediciliyinin artmasının səbəbidir. Nəqliyyat, enerji, regional təhlükəsizlik, ticarət və digər sahələri əhatə edən əməkdaşlıq əlaqələri regionun qlobal geosiyasi xəritəsində yeni statusunu müəyyən edir. Azərbaycan "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan tutduğu obyektiv mövqe və çıxış etdiyi qlobal əhəmiyyətli təşəbbüslər sayəsində öz beynəlxalq statusunu dayanmadan artırır. Bir sözlə Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan getdikcə bütün parametrlər üzrə güclənir

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31