Moped sürücülərindən vəsiqə tələb olunacaq
16 Dekabr 2022 12:37 SiyasətAzərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq. "Olaylar" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanun layihəsinə əsasən, dəyişikliyə görə konstruktiv maksimal sürəti 50 km/saatdan artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı ilə təmin edilməsi və sürəti 50 km/saatdan çox olan mopedçilərin sürücülük vəsiqəsi alması təklif edilir. Hazırda moped sürücülərinin sayının minlərlə olduğunu nəzərə alaraq, qanunun 6 ay sonra qüvvəyə minməsi təklif edilir.
Qanunda həmçinin nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə onun 10 gün ərzində dövlət qeydiyyatından keçirilməsi tələb olunur. Dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə onun 10 gün ərzində dövlət qeydiyyatından keçirilərək uçota alınması tələbi də nəzərdə tutulur. Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.